7 C
Baku
Thursday, December 12, 2024

Zəngilan aeroportunda hava hərəkətini idarəetmə sistemi sınaqdan keçirilib

Bu gün “Azərbaycan Hava Yolları” QSC-nin (AZAL) “Azəraeronaviqasiya” Hava Hərəkəti İdarəsinin (AZANS) və Almaniyanın ərazisində hava hərəkətinin idarə olunmasına cavabdeh olan “DFS Aviation Services” (DAS) şirkətinin nümayəndələrinin birgə iştirakı ilə Zəngilanda inşa olunan beynəlxalq hava limanında yeni avtomatlaşdırılmış hava hərəkətini idarəetmə sistemi sınaqdan keçirilib.

Banker.az bu barədə AZAL-a istinadən xəbər verir.

Məlumata görə, sınaq uçuşların təhlükəsizliyinin təmin edilməsi üçün aeronaviqasiya infrastrukturunun bərpası çərçivəsində baş tutub. Sistem DAS -in mütəxəssislərinin hazırladığı müasir avtomatlaşdırılmış “Phoenix” sisteminə əsaslanır.

“Azərbaycanın işğaldan azad edilmiş ərazilərində inşa edilən yeni beynəlxalq hava limanları bütün müasir təhlükəsizlik standartlarına cavab verir, yüksək beynəlxalq tələblərə cavab verən inkişaf etmiş infrastruktura malikdir. Zəngilan aeroportunda yeni avtomatlaşdırılmış sistemin tətbiqi uçuşların təhlükəsizliyinin yüksəldilməsinə, həmçinin hava məkanının buraxılış qabiliyyətinin artırılmasına kömək edəcək”, – deyə AZAL prezidenti Cahangir Əsgərov bildirib.

“Azərbaycanın yeni beynəlxalq hava limanlarında “Phoenix” proqram-aparat kompleksinin tətbiqi çərçivəsində AZANS və DAS arasında əməkdaşlıq uçuşların təhlükəsizlik səviyyəsinin yüksəldilməsində mühüm əhəmiyyət kəsb edir”, – deyə DAS-ın idarəedici direktoru Andreas Pouç qeyd edib.

AZANS-ın bütün texniki və əməliyyat heyətinə Almaniya mütəxəssisləri müvafiq təlimlər keçib.

“Phoenix” sistemi Azərbaycanın yeni hava limanlarında dispetçer qüllələrinin istismarı üçün tətbiq edilən ikinci avtomatlaşdırılmış hava hərəkətini idarəetmə sistemidir. İlk sistemi Almaniyanın aeronaviqasiya xidməti ötən ilin avqust ayında Füzulidə beynəlxalq hava limanında tətbiq edib.

Zəngilanda 3000 metr uzunluğunda uçuş-enmə zolağı olan beynəlxalq hava limanı bütün beynəlxalq tələblərə və standartlara cavab verən ən yeni naviqasiya infrastrukturu ilə təchiz olunacaq. Aeroportun gələn il istismara verilməsi nəzərdə tutulur.

Son xəbərlər
Digər xəbərlər