Nyu-York Universitetinin professoru və uğurlu sahibkar Skott Hellouey hesab edir ki, varlı insanları tapmaq və onlarla əlaqələr qurmaq zəngin həyat sürmək bacarıqlarını öyrənməyə kömək edə bilər. Uşaqlığınız yoxsulluq içində keçibsə, bu xüsusilə vacibdir, Hellouey deyir. Hellouey mümkün qədər tez varlanmaq istəyənlərə daha nələri tövsiyə edir? “Maliyyə stoisizmi. Pulun idarə edilməsinin prinsipləri” kitabından bir parça sizə təqdim edirik.
Skott Hellouey — “self-made” milyonçu, Nyu-York Universitetinin professoru və “YouTube” ulduzudur. Hellouey fəal şəkildə ictimai mühazirələr oxuyur, səhvlərini və uğursuzluqlarını etiraf etməkdən çəkinmir, həmçinin biznes və maliyyə məsləhətlərini verir.
Onun “Maliyyə stoisizmi: Pulun idarə edilməsinin prinsipləri” adlı yeni kitabı karyera və həyat yoldaşı seçimindən tutmuş mürəkkəb faizlərin hesablanması və EBITDA-nın nə olduğuna kimi həyatın bütün aspektlərini əhatə edən maliyyə uğuru üçün hərtərəfli bələdçidir.
Hellouey yazır ki, ən zəngin 1% ilə qalan 99%-in həyatı arasında kəskin fərq var və biz dünyanı dəyişdirə bilmədiyimiz üçün edə biləcəyimiz ən yaxşı şey o 1%-ə daxil olmaq üçün çalışmaqdır.
O, həmçinin israr edir ki, iqtisadi təhlükəsizlik pensiya yaşına çatana qədər əldə edilməlidir, daha dəqiq desək — nə qədər tez bir o qədər yaxşı. “Bu kitabdakı prinsipləri birləşdirsəniz, 40 yaşa qədər isti sahildə yaşayacaqsınız və ömrünüzdə bir daha əziyyət çəkməyəcəksiniz”, – Hellouey yazır.
Düzgün ətrafın yaradılması
Əvvəllər düşünürdüm ki, mənim heç kimə ehtiyacım yoxdur və münasibət qurmağa çalışmırdım. Bu məni uğura aparan yolda yubandırıb. Ətraf mühit çox qatlıdır və oraya qohumlar, mentorlar, həmkarlar, təchizatçılar, tərəfdaşlar, işçilər və gündəlik həyatınızda təmasda olduğunuz hər kəs daxildir. Tanıdığım ən uğurlu insanlar ətraflarından bəhrələnirlər və bunun qarşılığını verirlər.
Müvəffəqiyyət üçün vacib olan xarakterin mühüm cəhəti insanların qarşılıqlı asılılığına inamdır. Stiven Kovi “Yüksək effektiv insanların 7 vərdişi” kitabında ətraf mühitlə əlaqə qurmağın üç yolunu təsvir edir: asılılıq, müstəqillik və qarşılıqlı asılılıq. Müstəqillik Amerika ruhuna xasdır. Ancaq açığını desəm, onu saxlamaq çətindir və o, çox məhsuldar deyil, bəzən hətta zəhərlidir, çünki asanlıqla eqoizmə çevrilir. Koviyə görə, uğurlu insanlar münasibətlərini qarşılıqlı asılılıq əsasında qururlar.
Axmaq olmayın
Hərəkətlərimiz özümüzə və başqalarına təsir edir. Həm özünüzə, həm də başqalarına fayda verməyə çalışın. Karlo Çippolo “İnsan axmaqlığının əsas qanunları” kitabında bütün insanları dörd yerə ayırır: sadəlövlər (özlərinə zərər, başqalarına isə fayda verənlər), ağıllılar (intellektin köməyi ilə həm özlərinə, həm də başqalarına fayda verənlər), banditlər (cəmiyyət üçün faydasız, lakin onun sayəsində zənginləşənlər) və axmaqlar (həm özləri, həm də cəmiyyət üçün təhlükəli olanlar).
Biz (axmaq olmayanlar) axmaqların hərəkətlərinə qarşı həssasıq, çünki məntiqsiz və gözlənilməz hücumları dərk edə və anlaya bilmirik. Fridrix Şillerin dediyi kimi: “Axmaqlığa qarşı hətta tanrı belə acizdir”.
Axmaqların varlığını qəbul edin, onların ağıllılardan nə ilə fərqləndiyini anlayın və sonuncuya sadiq qalmağa çalışın – bu, ən layiqli kateqoriyadır.
Uğur yalnız başqalarının iştirakı ilə mümkündür
Zənginlər çox vaxt karikatura üslubunda göstərilir: xain və vicdansız, bəzilərini və ya çoxlarını aldadaraq var-dövlət əldə edənlər. Lakin mənim təcrübəmdə bunun əksi görünür. Zəngin insanlar çox vaxt müsbət keyfiyyətlərə malikdirlər. Başqalarına qarşı səxavətlidirlər, çox çalışırlar, qənaətcildirlər, heç nədən sui-istifadə etmirlər, prinsipialdırlar. Burada təəccüblü heç nə yoxdur — güclü xarakter inkişafın mühərrikidir. Xarakter təkcə sərvət qazanmağa deyil, həm də onu saxlamağa kömək edir.
Əlaqələr və dayaqlar
Başqalarına xidmət etmək üçün imkanlar axtarın. Zəngin insanların çoxunun ailə ilə dərin və güclü əlaqələri var. Məsələn, Mormonlar ənənəvi olaraq gəlirlərinin (və ya sərvətlərinin) bir hissəsini kilsəyə verirlər. Bu, güclü motivasiyadır, çünki fəaliyyətiniz qismən daha yüksək məqsədə xidmət edir. Demokratik ölkələrdə liderlər seçicilərə, korporativ direktorlar isə səhmdarlara xidmət edir.
İstənilən sahədə uğur güc gətirir, güc isə narkotik kimidir, hansı ki xərcləri azaltmağa, mükafatları isə artırmağa sövq edir. Gücə sahib olanlar başqalarından fərqli olaraq psixoloji instinktlərə tabe olmağa meyillidirlər. Bu, iş yerində harrasmentin səbəblərindən biridir.
Gücün əks qüvvəsi isə başqalarına xidmətdir. Xidmət şəxsi (məsələn, uşaqlara), institusional (məsələn, kilsəyə) və ya struktur (məsələn, direktorlar şurasına) ola bilər. Uoll-Strit filmində eqoizm və tamahkarlığın təbliğçisi Qordon Qekko öz himayədarına deyir: “Əgər dost istəyirsənsə, it saxla”. Bu ifadə onun nə qədər əclaf olduğunu hərtərəfli nümayiş etdirir. Lakin bu məsləhət çox faydalıdır — itlər sadiq olduqlarına və ya sahiblərinə bağlandıqlarına görə deyil, heyvanların bizə ehtiyacı var deyə.
“Mətbəx kabineti” formalaşdırın
Zamanla qeyri-rəsmi məsləhətçilər dairəsi olan “mətbəx kabineti” formalaşdırın. Sizi ayağa qaldıracaq, həmçinin lazım gəldikdə “yerində otuzduracaq” insanlar axtarın. Onlar güvəndiyiniz, maraqlarınızı düşünən, lakin eşşək olduğunuzu sizə birbaşa söyləməkdən çəkinməyən insanlar olmalıdır.
Karyera məsləhətləri, vacib şəxsi və işgüzar qərarlar üçün “mətbəx kabineti”nə müraciət edin. “Mətbəx kabineti”nizin üzvləri ağıllı və təcrübəli olsalar yaxşıdır, amma məsələ bu deyil. Onların ən dəyərli cəhəti odur ki, onlar siz deyil.
“Mətbəx kabineti” sizə heç bir istedadın və səyin verə bilmədiyi bir şey verəcək — fərqli baxış bucağı. Məsləhət istəmisinizsə, ona əməl etmək məcburiyyətində deyilsiniz. Məsləhətdə ən dəyərli şey sualınıza cavab olaraq eşitdiyiniz suallardır. Bu, fərziyyələrinizin gücünün sınağıdır.
Eqoist biri olsam da, məsləhətlərə hər zaman yüksək dəyər vermişəm (baxmayaraq ki, onlara nadir hallarda əməl etmişəm). Etibar etdiyim və eşitmək istədiklərimi deyil, həqiqətən nə düşündüklərini söyləyən insanları itirməməyə çalışıram. Həyatımda çox axmaq şeylər etmişəm, amma bir çox fəlakətlərin qarşısını almaq mümkün olub, çünki kimsə mənə “Yaxşı, bəlkə, lazım deyil?” deyib.
Yaxşı çay pulu
Doğru seçim etmək həmişə asan olmur. Duyğularınızı idarə etmək, məhsuldarlığın ciddi şəkildə aşağı düşməsi zamanı komandanı ayaqda saxlamaq – bunlar daxili resurs tələb edir. Yaxşılıq edin və unutmayın: insan nə edirsə odur.
Həm sözün həqiqi mənasında, həm də daha geniş mənada yaxşı çay pulu qoyun: restoranlarda, hotellərdə, həkim kabinetində, taksi ilə səfər edərkən, hava limanında olarkən rastlaşdığınız hər kəsə yaxşı davranın. Biz xidmət iqtisadiyyatında yaşayırıq və gündə dəfələrlə xidmət işçiləri ilə qarşılaşırıq. Hər görüş fəzilət tətbiq etmək və xarakter inkişaf etdirmək üçün bir fürsətdir.
Xeyirxahlıq stress hormonu olan kortizolu azaldır və bizi daha xoşbəxt edir. Çay pulu qan təzyiqini sağlam qidalanma kimi effektiv şəkildə aşağı salır, altruizm isə ağrıkəsici kimi çıxış edir.
Zəngin dostlar tapın
Uşaqlıqdan başqalarını kopyalayaraq öyrənirik. Bilinçaltı daim başqalarının hərəkətlərini izləyir və davranışlarımızı buna uyğun modelləşdirir. Ətrafımızdakıların bizə böyük təsiri var. Bu, sadə bir nəticəyə gətirib çıxarır: bilinçaltınıza ən yaxşı nümunələr verin.
Beyin bizim hərəkətlərimizi başqalarının etdikləri ilə əlaqələndirmək üçün proqramlaşdırılmışdır. Sosial bir növ olaraq biz həmişə özümüzü başqaları ilə müqayisə edirik və beləliklə, davranışlarımızı qrupun normalarına uyğunlaşdırmaq üçün düzəldirik.
İnsanlar kopyalamağı çox yaxşı bacarırlar, çünki uşaqlıqda bu yolu öyrəniblər və bu vərdiş yetkinliyə qədər davam edir. Pul ilə də eyni davranırıq. Sübut edilmişdir ki, gənclərin 78%-i dostlarının maliyyə vərdişlərini şüurlu surətdə kopyalayır.
İki min il əvvəl Seneka yazırdı: “Yalnız sizə yaxşı təsir göstərən insanlarla vaxt keçirin. Bu, hər ikiniz üçün faydalıdır. İnsanlar öyrətməklə öyrənirlər”. İnsanları ən çox narahat edən odur ki, bu halda destruktiv əlaqələri kəsməlidirlər. Aydınlaşdırım ki, mən bütün uşaqlıq dostlarınızın üstündən xətt çəkməyinizi və ya bank hesabı sizinkindən kiçik olan biri ilə ünsiyyətdən imtina etməyi təklif etmirəm. Əsl dostluq bir hədiyyədir. Lakin acı həqiqət budur ki, bəzən dostluq zəhərli olur. Bu davranışı kopyalamaq məqsədəuyğun deyil və yalnız bir vaxtlar birlikdə oxuduğunuz və ya işlədiyiniz üçün biri ilə əlaqə saxlamaq məcburiyyətində deyilsiniz.
Zəngin insanları tapmaq və onlarla münasibət qurmaq sizə bolluq içində yaşamaq üçün bir model verəcək. Bu, mənim kimi uşaqlığınız yoxsul keçibsə, xüsusilə vacibdir. Zənginlər adətən eyni səviyyəli insanlarla əlaqə qururlar ki, bu da sizin üçün əvəzolunmazdır.
Zəngin dostlarınızın (və hər kəsin) investisiya haqqında nə deyəcəklərinə qulaq asın. İnsanlar məğlubiyyətdən daha çox qalibiyyət haqqında danışırlar. Qələbələri haqqında öyrənin, amma unutmayın ki, hamı itirir.
Pul haqqında danışın
İstənilən cəmiyyətdə puldan danışın. Zənginlər (və işəgötürənlər) pul haqqında danışmağın nəzakətsizlik olduğuna inanırlar. Bu, cəfəngiyatdır. Biz istəsək də, istəməsək də kapitalist cəmiyyətində yaşayırıq və pul onun mühərrikidir. Təbii ki, pulu olanlar başqalarının onlardan danışmasını istəmirlər. Musiqiçilər musiqidən, proqramçılar koddan, qolfçular qolfdan danışırlar. Lakin biz hamımız kapitalistik, niyə puldan danışmayaq?
Əgər pulla daha yaxşı davranmağı öyrənmək istəyirsinizsə, pul haqqında danışmaq normaldır.
Əsas münasibətlər
Həyatda ən vacib maliyyə qərarı harada təhsil alacağınız, işləyəcəyiniz və ya hansı səhmləri alacağınız deyil, partnyor olaraq kimi seçəcəyinizdir. Həyat yoldaşınızla münasibətlər həyatınızdakı ən vacib şeydir. Evli insanlar subaylardan 77% daha varlıdır. Eyni zamanda, evli insanlar daha uzun yaşayır və statistik olaraq subaylardan daha xoşbəxtdirlər.
İstənilən qərarda olduğu kimi, burada da risklər var. Maliyyə baxımından ən pis addım boşanmadır. Amerikada boşanma hər iki keçmiş həyat yoldaşının sərvətini dörddə üç qədər azaldır.
Uğurlu evlilik ömür boyu davam edəcək bir layihədir və pul bu layihədə insanların etiraf etmədiyindən daha böyük rol oynayır. Məsələn, Amerikada ən çox rast gəlinən boşanma xəyanət, uşaq tərbiyəsi mübahisələri və ya fərqli karyera məqsədlərinə görə deyil, maliyyə sahəsindəki fikir ayrılıqlarına görə baş verir. Bu cütlüklərin ikinci ən çox mübahisə mövzusu puldur.
Maliyyə problemi olan respondentlərin yarısı bunun partnyoru ilə münasibətlərini korladığını bildirib. Pul çatışmazlığı münasibətlərdəki ən böyük problemlərdən biridir, hətta ən böyük problemdir, buna görə də aşağı gəlirli qruplarda boşanmaların sayı əhəmiyyətli dərəcədə çoxdur. Pulla sizdən daha yaxşı davranan biri ilə evlənmək çox sərfəlidir (pulla yaxşı davranmaq xəsis olmaq demək deyil). Bunun əksi də normaldır, lakin gələcəkdə hansı problemlərlə qarşılaşacağınızı anlamalısınız. Bir dostum çox pul qazanır, amma onun arvadı dəhşət dərəcədə bədxərcdir. Nəticədə, bu cütlüyün pul problemləri var və onlardan heç biri durumdan razı deyil.
Pulla qeyri-sağlam münasibətlər müxtəlif formalarda olur və şəxsi münasibətləri korlayır. Ona görə də maliyyə müqavilələri əvvəldən bağlanmalıdır, çünki digər şeylərlə yanaşı, evlilik iqtisadi müqavilədir. Bir az vaxt ayırın, oturun və danışın. Siz pulla necə davranırsınız? Həyatdakı hansı situasiyalar bunu göstərir? Çünki sual pulunuzu necə idarə etmək istədiyiniz deyil. Hansı iqtisadi sinifə qoşulmaq istərdiniz? Hər biriniz buna nə kimi töhfə verəcək? Dialoq çətin anlarda xüsusilə vacibdir. Bir şirkətin idarə heyətində olduğu kimi, pis xəbər özlüyündə faciə deyil. Lakin faciənin sürpriz olmağı fəlakətdir.