Qızıldan və gümüşdən hazırlanan zərgərlik məmulatlarının istehsalı üçün qurğuların idxalı daha 3 il vergidən azad ediləcək.
Bu, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Azərbaycan Respublikasının 2024-cü il dövlət büdcəsinin zərfi”ndə əksini tapıb.
Layihəyə əsasən, qızıldan və gümüşdən hazırlanan zərgərlik məmulatlarının istehsalı və emalı işlərinin görülməsi məqsədilə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiqedici sənədi əsasında dəzgahların, avadanlıqların və qurğuların idxalı 2021-ci il yanvarın 1-dən 6 il müddətinə vergidən azad olacaq.
Qüvvədə olan Məcəlləyə əsasən, 2021-ci il yanvarın 1-dən 3 il nəzərdə tutulub.