12 C
Baku
Saturday, November 23, 2024

Zabuxçay su anbarı və magistral boru kəmərinin tikintisi ilə bağlı müqavilə imzalanıb

Bu gün Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətində Zabuxçay su anbarının və magistral boru kəmərinin layihələndirilməsi və tikintisi ilə bağlı Türkiyənin “Cengiz İnşaat Sənaye və Ticarət” A.Ş və Azərbaycanın “Nort Vest Konstrakşn” MMC şirkətləri ilə müqavilələr imzalanıb.

Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi Dilqəm Şərifov bildirib ki, imzalanma mərasimində Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin sədri Zaur Mikayılov, sədr müavini Rafiq Aslanov və cəmiyyətin digər nümayəndələri iştirak ediblər.

Cəmiyyətin sədri Zaur Mikayılov bildirib ki, Prezident İlham Əliyevin qarşımıza qoyduğu bütün tapşırıqları yüksək keyfiyyətlə və vaxtında icra etməliyik. O, əlavə olaraq qeyd edib ki, bu layihə tarixi əhəmiyyət daşıyır. Layihənin icarsından sonra Qubadlı, Zəngilan rayonları ərazisində 12100 ha əkin sahəsi suvarma suyu ilə təmin olunacaq və işğaldan azad olunmuş ərazilərə yeni həyat gələcək. Həmin ərazilərdə yeni müasir suvarma sistemləri tətbiq olunacaq və onların istismarı üçün məsafədən idarəetmə sistemi (SCADA) qurulacaq.

Türkiyənin “Cengiz İnşaat Sənaye və Ticarət” A.Ş-nin rəhbəri Cengiz Asim bildirdi ki, Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyəti ilə birgə əməkdaşlıq təcrübəsinə sahibik və layihəni vaxtında və yüksək keyfiyyətlə təhvil verəcəyik.

Xatırladaq ki, Laçın rayonu ərazisində tikiləcək Zabuxçay su anbarının və magistral boru kəmərlərinin tikintisindən sonra Qubadlı, Zəngilan rayonları ərazisində yaradılan aqroparkların 12100 ha torpaq sahələri suvarma suyu ilə təmin olunacaq. Qeyd edək ki, həcmi 26.7 mln kub metr olan Zabuxçay su anbarından 2023-cü ilin oktyabr ayında ilkin olaraq torpaq sahələrinin bir hissəsi, 2024-cü ildə isə bütövlükdə 12100 ha torpaq sahəsi suvarma suyu ilə təmin olunacaq.

MənbəApa
Son xəbərlər
Digər xəbərlər