Azərbaycan Banklar Assosiasiyasının (ABA) sədri Zakir Nuriyevin “Report”a müsahibəsini təqdim edirik
Bank sektorunda həddindən artıq likvidlik müşahidə olunur, amma biznes kreditləşməsi zəifdir. İyulun 31-də Azərbaycan Prezident İlham Əliyevin yanında sosial-iqtisadi sahə ilə bağlı keçirilən müşavirədə də Mərkəzi Bankının sədri Elman Rüstəmov dedi ki, biznes kreditlərində, real sektorun kreditləşməsində 0,3 faiz azalma, amma istehlak kreditlərində 9 faizdən çox artım müşahidə olunur. Bank sektorunun təmsilçisi kimi bunun səbəbini nədə görürsünüz?
Biznes kreditləşməsi ölkə iqtisadiyyatı üçün olduqca vacibdir və daim nəzarətdə saxlanılması gözlənilən yanaşmadır. Doğrudur ki, ilin əvvəlindən ölkə iqtisadiyyatı üzrə bəzi biznes sahələrinin kreditləşməsində yüksək artım tempi müşahidə edilmir. Lakin bununla birlikdə, xüsusilə, prioritet hesab edilən kənd təsərrüfatı, emal, sənaye və istehsal istiqamətləri üzrə kreditləşmədə artım müşahidə edilir.
Aşağıdakı qrafikə baxsaq, mənzərəni daha aydın müşahidə edə bilərik:
Göründüyü kimi kreditlərin həcmi yüksələn sahələrdəki cəmi artım, geriləmənin müşahidə edildiyi sahələrdəki cəmi azalmanı üstələyir. Başqa sözlə, artıq banklar daha çox prioritet hesab edilən sahələrin kreditləşməsinə fokuslanmağa başlayıblar. Lakin bu o demək deyildir ki, digər sahələrin kreditləşməsi artıq dayanıb. Banklar bu sahələri də maliyyələşdirməkdə davam edirlər və müraciət edən müştərilər bank daxili qaydalara uyğun kredit məhsulları ilə təmin edilirlər. Sadəcə devalvasiyalardan sonra kreditləşmədəki canlanma bəzi sahələrdə dövlət dəstəyi ilə daha tez müşahidə edildi. Müəyyən müddət sonra məcmu tələbdəki yüksəliş hesabına kreditləşmənin bütün sahələrdə artacağını gözləyirik.
Bunlardan əlavə, qeyd etmək istəyirəm ki, Azərbaycan Banklar Assosiasiyası olaraq, kreditləşmənin daha da təkmilləşməsi üçün öz təşəbbüslərimizi də reallaşdırırıq. Bunlardan biri ABA nəzdində fəaliyyət göstərən və bankların kreditləşmə üzrə məsul şəxsləri – idarə heyəti üzvü və ya departament rəhbərlərindən ibarət “Kredit işi üzrə” Ekspert Qrupunun yaradılmasıdır. Yeni yaradılan Ekspert Qrupunun fəaliyyəti çərçivəsində üzv banklardan kreditləşmənin inkişaf etdirilməsi istiqamətində təkliflərin toplanılmasına qərar verilmişdir. Prosesin davamında 100-ə yaxın təklif toplanılmış və qruplaşdırılmışdır. Ekspert Qrupunun növbəti iclaslarında hər bir istiqamət üzrə ayrılıqda işçi qruplarının yaradılması və təkliflərin hazırlanaraq aiddiyatı üzrə təqdim edilməsi və müvafiq qurumlarla danışıqlara başlanılması planlaşdırılır.
Nəyə görə banklar devalvasiyadan əvvəlki kimi yenə də istehlak kreditlərinə yönəliblər?
Banklar kommersiya qurumlarıdır və müxtəlif kredit məhsulları təklif etməkdədirlər. İstehlak kreditləri də bunlardan biridir. Müştəri banka istehlak krediti almaq üçün müraciət etdikdə və kriteriyalara uyğun gəldikdə krediti rəsmiləşdirilməsi məntiqidir. Əgər bu müştərilərin sayı artıbsa, bank daha çox kredit verəcəkdir. Burada əsas diqqət olunmalı məqam bankların niyə istehlak krediti verdiyi yox, istehlak kreditlərinin biznes kreditlərinə nisbətdə daha baha olmasına baxmayaraq onlara daha çox müraciət olunmasıdır.
Bunun əsas səbəbi ölkə əhalisinin gəlirlilik səviyyəsinin artmasıdır. Neftin qiymətinin enməsinin ölkə iqtisaidyyatına mənfi təsirlərindən sonra məsuliyyətli kreditləşmə prinsiplərinin tətbiqi ilə banklar artıq daha sağlam kreditlər verməyə başladılar. Lakin bu, bankların müştəriləri daha dərin təhlil etməsinə və daha seçici davranmasına gətirib çıxartdı. Bu səbəbdən istehlak kreditləri ilk zamanlar daha az əlçatan oldu. İndiki dövrdə isə əhalinin gəlirlərindəki, eləcə də iş yerlərindəki artım və bu kimi səbəblərdən mövcud kriteriyalara uyğun şəxslərin sayı, nəticə etibarı ilə istehlak kreditləri artmağa başladı.
Burada sual yaranır ki, bir şəxsin gəliri artıbsa, o niyə kredit götürür? İnsanlar pul yığıb ev almaq əvəzində daha tez olduğu üçün ipoteka krediti əldə etməyə üstünlük verirlər və ya evlərini daha tez təmir etdirmək istəyir, yeni mebellərinə daha tez qovuşmaq niyyətindədirlər, daha uzun istirahəti üstün tuturlar və s. İstehlak krediti deyə bir məhsulun yaranmasının səbəbidə elə budur: gələcəkdəki mümkün istehlakı cari dövrdə reallaşdırmaq istəyi.
İstehlak krediti və biznes krediti proporsiyasına gəldikdə isə rəsmilərin dedikləri ilə razıyam, burada vəziyyətin nəzarətdə saxlanılması və nisbətin tənzimlənməsi vacibdir. Çünki, biznes krediti ölkə iqtisadiyyatının katalizatorlarından biridir və firmaların istehlak həcmini, yəni təkliflərini artırmaları üçün olduqca əhəmiyyətlidir. Lakin iqtisadi məktəblərin fikirlərinə uyğun olaraq, əgər ölkədə məcmu təklifi artırmaq istəyiriksə, qısamüddətli dövrdə tələbi gücləndirməliyik. İstehlak krediti də tələb artıran bir amildir: istehlak krediti müştəriyə verilir, müştəri isə bu vəsaitlə real sektordan daha çox məhsul və ya xidmət tələb edir.
Başqa sözlə, müəyyən müddət sonra istehlak kreditlərindəki bu artım real sektordakı canlanmaya öz töhfəsini verəcək və real sektorun böyümə istəyi ilə iki kredit məhsulu qrupu arasındakı artım nisbəti biznes kreditlərinin lehinə dəyişəcəkdir.
Həmçinin Sizin özəl sektorla bağlı fikirləriniz maraqlıdır. Necə düşünürsüz, Azərbaycan biznesinin “Doing Business” hesabatındakı mövqeyi ilə üst-üstə düşürmü?
“Doing business” hesabatı üzrə reytinq sadə formada desək, biznesə başlamaq və onu davam etdirmək üçün ölkə iqtisadiyyatında yaradılan zəminin indikatorudur və düşünürəm ki, ölkə səviyyəsində aparılan islahatlar Azərbaycanın buradakı mövqeyinə layiq olduğunu göstərir. Həm ÜDM, həm də qeyri-neft-qaz ÜDM-i üzrə artım bu islahatların artıq ölkə iqtisadiyyatına müsbət təsir göstərməyə başladığının işarəsidir.
Lakin bilmək lazımdır ki, islahatın həyata keçirilməsi və nəticə arasında müəyyən qədər vaxt intervalı mövcud olur. Biz hazırda bu intervaldayıq və tezliklə nəticələri daha aydın müşahidə edə biləcəyik.