-1 C
Baku
Saturday, December 14, 2024

“Zaminbank”ın sabiq sədrinin əmlaklarının müsadirəsi ilə bağlı şikayəti təmin olunmayıb

Ali Məhkəmədə “Zaminbank”-ın sabiq sədri Nadir İsmayılovun əmlaklarının müsadirəsi ilə bağlı verilən kassasiya şikayəti təmin olunmayıb.

Hakim Şahin Yusifovun sədrliyi ilə keçirilən məhkəmə iclasında onun əmlaklarının müsadirə olunması barədə verilən kassasiya şikayəti və dövlət ittihamçısının verdiyi protestə baxılıb.

Xatırladaq ki, o, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 14 il müddətinə azadlıqdan məhrum edilib, məhkəmənin qərarı ilə əmlakları müsadirə olunub. Daha sonra Bakı Apellyasiya Məhkəməsinin qərarı ilə onun həbs müddəti 14 ildən 10 ilə endirilib.

Qeyd edək ki, cinayət işi üzrə zərərçəkmiş şəxslərdən biri “Şərurlu İsfəndiyar” kimi tanınan iş adamı İsfəndiyar Axundovdur. O, N.İsmayılovdan 5 milyon manat tələb edir.

İttihama görə, 2016-cı ildən fəaliyyəti dayandırılmış “Zaminbank” ASC-nin Müşahidə Şurasının sədri vəzifəsində işləmiş İsmayılov Nadir Əmir oğlu 2010-2015-ci illərdə banka məxsus külli miqdarda pul vəsaitini mənimsəməklə ASC-nin əmlak hüquqlarına və qanuni mənafelərinə mühüm zərər vuraraq vəzifə səlahiyyətlərindən sui-istifadə edib.

Bundan başqa, N.İsmayılov 2012-2019-cu illərdə ayrı-ayrı vətəndaşların ümumilikdə 5 milyon 175 min manat məbləğində pul vəsaitini ələ keçirərək həmin şəxslərə qarşı dələduzluq edərək bilə-bilə saxta sənədlərdən istifadə edib.

İş üzrə toplanan sübutlar əsasında N.İsmayılova Cinayət Məcəlləsinin 179.3.2 (mənimsəmə külli miqdarda ziyan vurmaqla törədildikdə), 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə ağır nəticələrə səbəb olduqda) və digər maddələri ilə ittiham elan edilərək barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

MənbəREPORT
Son xəbərlər
Digər xəbərlər