Müəllif: Müslüm Şəfiyev , hüquqşünas, Problemli kreditlər üzrə ekspert
Azərbaycan Respublikasında gedən ictimai-iqtisadi münasibətlərin artdığı bir dövrdə, cəmiyyətin ayrı-ayrı fərdlərinin xırda sahibkarlıqla məşqul olduğunda mikro kreditlərə ehtiyyac duyulur. Bu kreditlərin verilməsində bankların və bank olmayan kredit təşkilatlarının böyük rolu var. Lakin hər bir bank və kredit təşkilatı öz risklərini sığortalamaq üçün verilən kreditin təmin edilməsini əsas vəzifə kimi ortaya qoyur.
Qanunvericilikdə kreditin bir cox təminat üsulları nəzərdə tutulub. Onlardan bu gün ən aktual və əhalini maraqlandıran zaminlikdir. Azərbaycan Respublikasının Mülkü Məcəlləsinin 470-ci maddəsində zaminliyin birbaşa anlayışı verilib. Zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür.
Şərh olunan maddənin bəndinin bir qədər şərti olmasını qeyd etmək lazımdır. Əslində zaminlik öhdəliyi başqa şəxsin kreditorunun qarşısında həmin şəxsin (borclunun) öhdəliklərinin icra etməməsi nəticəsində əmələ gəlir və zaminin öhdəliyi yalnız borc pulun qaytarılmasından ibarətdir. Qeyd olunan öhdəlik, borclunun zaminliklə təmin edilmiş əsas öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi kimi hüquqi faktın əsasında yaranır.
Kreditorun qarşısında zaminlik öhdəliyinin əmələ gəlməsinin özünəməxsus əsası var. Bu özünəməxsusluq zaminlik müqaviləsinin bağlanmasından sonra nə zaminin, nə də ki, kreditorun əsas öhdəliyin pozulmasına qədər hüquq və vəzifələrin olmamasından ibarətdir. Lakin borclu tərəfindən kreditorun qarşısında götürülmüş öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsinə qədər münasibətin olmamasını hesab etmək özüdə böyük yalnışlıq olar. Çünki müqavilənin bağlanması faktının öz hüqüqi mənası var.
Zaminlik müqaviləsi həm də gələcəkdə yaranacaq öhdəliyin təmin edilməsi üçün bağlana bilər.
Qanunvericilikdə zaminlik müqaviləsinin yazılı formada bağlanması qeyd olunur və bu formaya riayət olunmaması müqavilənin etibarsızlığına gətirib çıxarır. (maddə 471)
Zaminin məsuliyyəti gəldikdə isə qanunda birbaşa və aydın şəkildə zamin durmuş şəxsin zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmadığı halda kreditor qarısında borclu ilə birgə məsuliyyət daşıması nəzərdə tutulur. (maddə 472.1) Həmçinin əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır (maddə 472.2)
Zamin durmuş şəxslər zaminlik müqaviləsində başqa qayda nəzərdə tutulmadığı hallarda borcluya göstərdiyi xidmətlər üçün muzd almaq hüququ var.
Bir çox hallarda zamin durmuş və borclunun öhdəliyini icra etmiş şəxsləri bir sual maraqlandırır. Ödənilmiş pulu borcludan hansı əsaslarla geri qaytarmaq olar? Qanunda bu hallarında həlli üçün maddə nəzərdə tutulub. Belə ki, Mülki Məcəllənin 475.1-ci maddəsində öhdəliyi icra etmiş zaminə kreditorun həmin öhdəlik üzrə hüquqları və kreditora girov saxlayan kimi mənsub olmuş hüquqlar zaminin kreditorun tələbini ödədiyi həcmdə keçirdiyi nəzərdə tutulur. Həmçinin zamin borcludan kreditora ödənilmiş məbləğdən faizlər ödəməyi və borclunun əvəzinə məsuliyyətlə bağlı çəkdiyi digər zərərin əvəzini ödəməyi tələb edə bilər. Nəzərinizə onu da çatdırmaq istəyirəm ki, Mülki Məcəllənin 475-ci maddəsində müəyyənləşdirilmiş qaydalar həmin məcəllə və ya zaminin borclu ilə müqaviləsində ayrı qayda nəzərdə tutulmadıqda və onlar arasında münasibətlərdən ayrı qayda irəli gəlmədikdə tətbiq edilir.
Zaminlik öhdəliyinə xitam verilməsi halları isə Mülki Məcllənin 477-ci maddəsində öz əksini tapır. Həmin maddənin bir bəndinə nəzər salmaq istərdim. Çox rastlaşılan hallardan biridə odur ki, borclu hər hansı səbəbdən öhdəliyini icra edə bilmədikdə kreditorla müəyyən razılaşmaya gəlir. Belə hallarda əsas öhdəliyin dəyişdirilərək məsuliyyətin artması, kredit öhdəliyinin icrası müddəti və ya zamin üçün digər əlverişsiz nəticələrə səbəb olan hallarda zaminlik öhdəliyinə xitam verilməsini nəzərdə tutur.
Bir daha tövsiyyə edirəm ki, hər hansı bir şəxsə zamin durmamışdan öncə yaxşı düşünün ki, gələcəkdə xoşagəlməz hallarla qarşılaşmayasınız.