Atom Enerjisi üzrə Beynəlxalq Agentlik (AEBA) Zaporojye AES-in növbəti dəfə xarici enerjiyə çıxışını itirdiyini və hazırda reaktorları soyutmaq və nüvə təhlükəsizliyini qorumaq üzrə digər mühüm vəzifələri yerinə yetirmək üçün fövqəladə dizel-generatorları işə saldığını bildirib.
Bu barədə agentliyin saytında dərc olunmuş bəyanatda deyilib.
Sənəddə qeyd olunub ki, ZAES-də olan AEBA ekspertlərindən ibarət qrup stansiyanın saat 15:30-da (Bakı vaxtı ilə 16:30-da) xarici enerji təchizatından məhrum olduğunu açıqlayıb:
“İlkin olaraq stansiyadakı 20 dizel generatorunun hamısı avtomatik qoşulub. İndi onlardan səkkizi obyekti ehtiyat elektrik enerjisi ilə təmin edir, qalan 12 generator isə gözləmə rejiminə keçirilib”, – təşkilat qeyd edib.
Eyni zamanda vurğulanıb ki, qəza dizel-generatorları stansiyanı ən azı on gün təmin edə biləcəklər.
Qurum nümayəndələri də altı reaktorun təhlükədə olmadığını bildiriblər: “Stansiyanı və yaxınlıqdakı Enerqodarı istiliklə təmin etmək üçün isti dayanma vəziyyətində olan iki reaktor soyumağa hazırlanacaq. Qalan dörd reaktor soyuq dayandırma rejimində qalır”.