9 C
Baku
Sunday, November 17, 2024

Zaqatala və Balakən ərazisində ilk dəfə Biosfer rezervası yaradılacaq

“Zaqatala və Balakən ərazisində ilk dəfə olaraq Biyosfer rezervası (Qoruğu) yaradılacaq”.

Bunu “Report”a Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin rəis müavini Arzu Babayeva 22 may – Beynəlxalq Bioloji Müxtəlifliyin Qorunması Günü ilə bağlı danışarkən deyib.

Onun sözlərinə görə, layihə istiqamətində işlər davam etdirilir: “Bu həm qoruq, həm də milli parkın xüsusiyyətlərini özündə birləşdirəcək. Bu ərazilərin milli park kimi xüsusi mühafizə rejimi mövcuddur, yəni burada nadir və nəsli kəsilməkdə olan bitki və heyvan növləri qorunacaq, ekoloji turizm üçün şərait yaradılaraq həmçinin bura turistlər üçün də açıq olacaq. Qoruqdan fərqli olaraq, burada istehsalat zonası yaradılacaq. Belə ki, sözügedən zonada orqanik məhsulların istehsalı nəzərdə tutulub. Hesab edirik ki, bu həm də regionda sosial-iqtisadi inkişafa dəstək olacaq”.

Qeyd edək ki, 22 may – Beynəlxalq Bioloji Müxtəlifliyin Qorunması Günüdür. Əvvəllər həmin gün dekabrın 29-da qeyd olunurdu. Lakin 2000-ci il dekabrın 20-də BMT-nin Baş Assambleyası tərəfindən mayın 22-də Bioloji müxtəliflik üzrə Konvensiya qəbul olunub və həmin gün Beynəlxalq Bioloji Müxtəlifliyin Qorunması Günü elan edilib. Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Bioloji Müxtəlifliyin Qorunması Xidməti respublika ərazisində və Xəzər dənizinin ölkəmizə mənsub olan bölməsində bioloji müxtəlifliyin, genetik fondun və təbii ekoloji sistemin qorunub saxlanılması, bərpası, artırılması, davamlı inkişafı, xüsusi mühafizə olunan təbiət əraziləri və obyektlərindən məqsədli istifadə, heyvanlar aləminin və ovçuluq təsərrüfatlarının inkişafı, maarifləndirmə, ekoturizmin və rekreasiyanın təşkili və inkişafı sahələrində dövlət siyasətinin həyata keçirilməsi istiqamətində davamlı işlər görür.

MənbəReport
Son xəbərlər
Digər xəbərlər