Zaur Əliyev: Eləsi var ki, 5-6 min manat maaş alır

Zaur Əliyev, İcbari Tibbi Sığorta Agentliyinin direktoru

İcbari tibbi sığorta ilə bağlı Azərbaycanın üç rayonunda həyata keçirilən pilot layihələrin nəticələri açıqlanıb.

Banker.az oxu.az-a istinadla xəbər verir ki, bu barədə Milli Məclisin bu gün keçirilən iclasında İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin direktoru Zaur Əliyev məlumat verib.

O bildirib ki, artıq üç rayonda – Mingəçevir, Yevlax və Ağdaş rayonlarında pilot layihələr həyata keçirilib:

“Pilot layihələr nəticəsində əhalinin tibbi xidmətə əlçatanlılığı yaxşılaşıb, xəstəxanaların maliyyə mexanizminə dəyişiklik edilib. Pilot layihə həyata keçirilən ərazilərdə həkimlərin və tibb işçilərinin əməkhaqlarına da dəyişiklik edilib və onların əməkhaqlarında artımlar olub”.

Direktorun sözlərinə görə, pilot layihələrin tətbiqi nəticəsində elə həkimlər var ki, 5 min, 6 min manatdan çox əməkhaqqı alırlar:

“Həmçinin, pilot layihələr həyata keçirilən ərazilərdə əməliyyatların sayı 52 faizdən çox artıb, xəstəxanalarda çarpayı dolumu kifayət qədər artıb, ölüm halları isə azalıb. Ən çox həyata keçirilən əməliyyatlar isə ürək əməliyyatları olub”.