Zaur Fəti-zadənin Azərbaycan Respublikası Maliyyə Monitorinqi Xidmətinin İdarə Heyətinin sədri təyin edilməsi haqqında Azərbaycan Respublikası Prezidenti İlham Əliyev 22 dekabr 2022-ci il tarixində sərəncam imzalayıb.
Banker.az bunu Azərbaycan Prezidentinin bu gün imzaladığı sərəncama istinad edir.
“Zaur İntiqam oğlu Fəti-zadə Azərbaycan Respublikası Maliyyə Monitorinqi Xidmətinin İdarə Heyətinin sədri təyin edilsin”- deyə, sərəncamda deyilir.
Qeyd edilir ki, Sərəncam imzalandığı gündən qüvvəyə minir.
O, bundan əvvəl Dövlət Vergi Xidmətinin İkitərəfli və çoxtərəfli sazişlərin icrasına nəzarət departamentinin baş direktoru idi.
Maliyyə Monitorinqi Xidməti – cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılması və terrorçuluğun maliyyələşdirilməsinin (PL/TM) qarşısının alınması sahəsində qanunvericiliklə müəyyən edilmiş səlahiyyətləri həyata keçirən, habelə müvafiq sahədə siyasətin formalaşmasında iştirak edən orqandır.
MMX-nin idarəetmə orqanı MMX-yə rəhbərliyi və nəzarəti həyata keçirən İdarə Heyətidir. İdarə Heyətinin tərkibi Azərbaycan Respublikasının İqtisadiyyat nazirinin təqdimatı ilə Azərbaycan Prezidenti tərəfindən vəzifəyə təyin və vəzifədən azad edilən üç üzvdən – Azərbaycan Respublikasının İqtisadiyyat nazirinin müavini ─ İdarə Heyətinin sədrindən və onun iki müavinindən ibarətdir. İdarə Heyətinin səlahiyyət müddəti 5 ildir.