Ukrayna Prezidenti Volodimir Zelenski ABŞ rəsmilərinə Rusiya ilə müharibənin sona çatmasını sürətləndirmək üçün zəruri silahların siyahısını göndərməyi planlaşdırdığını bildirib.
ABŞ-ın Nümayəndələr Palatasının Xarici Əlaqələr Komitəsinin sədri Maykl Makkal və Nümayəndələr Palatasının Respublikaçılar Partiyasının digər dörd üzvü ilə görüşən Zelenski Rusiya ilə müharibənin sonunu sürətləndirmək üçün qrupa F-16 qırıcıları da daxil olmaqla silahların siyahısını göndərməyi planlaşdırdığını deyib.
“ABŞ, NATO tərəfdaşlarımız və avropalı müttəfiqlərimiz arasında Rusiyanın təcavüzünə qarşı Ukraynaya dəstək vermək üçün geniş ikitərəfli dəstək var. Prezident Zelenski ilə çox məhsuldar görüş keçirdik. Biz ilk növbədə müharibədə qələbəyə olan ehtiyaclardan danışdıq. O, bu nümayəndə heyətinə Ukraynanın qalib gəlməsi üçün lazım olan silahların siyahısını təqdim edib”, – Makkal bildirib.