Ukrayna prezidenti Vladimir Zelenski Qərb tərəfdaşlarının tank tədarük etmək qərarından sonra NATO-dan Kiyevi qırıcı təyyarələrlə təmin etməyi tələb edib.
Bu barədə Ukrayna Prezident Aparatının saytında yerləşdirilən məlumatda deyilir.
“Mən NATO-nun baş katibi Yens Stoltenberqlə danışdım. Artilleriya sahəsində əməkdaşlığımızı genişləndirmək bizim üçün vacibdir, Ukraynaya təyyarələrin tədarükünə nail olmalıyıq”, – deyə qeyd olunur.
Ukraynanın F-16 qırıcılarını almaq istəyini bu ölkənin müdafiə nazirinin müşaviri Yuri Sak da Reuters agentliyinə müsahibəsində bildirib.
“Onları əldə etsək, döyüş meydanında üstünlüklər böyük olacaq… Təkcə F-16 deyil: dördüncü nəsil təyyarələr bizə lazımdır”, – deyə Sak bildirib.
Yanvarın 24-də Ukraynanın xarici işlər naziri Dmitri Kuleba bildirib ki, Aİ Kiyevə F-16 qırıcılarının təhvil verilməsini müzakirə edir.