“Dünya Rusiya Prezidenti Vladimir Putinin nüvə silahı ilə zərbə endirməsinə imkan verməməlidir”.
Bunu Ukrayna dövlət başçısı Volodimir Zelenski “Ouest-France” nəşrinə müsahibəsində bildirib.
Zelenski hesab edir ki, beynəlxalq təzyiqlər Putinə Ukraynaya qarşı nüvə silahından istifadə etməyə imkan verməyəcək. Bununla yanaşı, o, Kreml rəhbərinin növbəti addımlarını heç kimin proqnozlaşdıra bilməyəcəyini bildirib: “Putinin sabah nə edəcəyini kimsə bilmir. Onun üçün həqiqəti danışmaqla yalan söyləmək arasında, demək olar, fərq yoxdur”.
Rusiyada artıq qismən səfərbərliyin icrasına başlanıldığını bildirən Ukraynanın dövlət başçısı müsahibəsində rusları müharibəyə etiraz etməyə çağırıb.
Qeyd edək ki, daha əvvəl Rusiyanın Prezidenti Vladimir Putin və Təhlükəsizlik Şurası rəhbərinin müavini, keçmiş Prezident Dmitri Medvedev nüvə silahından istifadəni istisna etmədiklərini söyləyiblər. Onlar Rusiyanın müdafiəsi üçün bütün silahlardan istifadə edilə biləcəyini vurğulayıblar.