Ukrayna prezidenti Volodimir Zelenski xalqına müraciət edərək, Rusiyanın nəzarətində olan Donbası geri alacaqlarını bildirib. Banker.az xarici mətbuata istinadən xəbər verir ki, Ukrayna prezidenti bazar günü axşam ənənəvi çıxışında belə deyib:
“Biz heç bir şəhərimizi unutmamışıq və unutmayacağıq. İndi Donbas Rusiyanın hücumları ilə demək olar ki, məhv edilib, viran qalıb. Qürurlu və şanlı Ukraynanın Donetski rus işğalı ilə alçaldıldı və qarət edildi. Ancaq Ukrayna ora qayıdacaq. Mütləq. Ora həyat qayıdacaq. Donbas xalqının reputasiyası geri qayıdacaq. Təhlükəsiz və xoşbəxt yaşamaq fürsəti geri qayıdacaq”.
Keçən ay Ukraynanın bir sıra yüksək rütbəli rəsmiləri Ukrayna ordusunun Xerson şəhərini geri almaq üçün ölkənin cənubunda əks hücuma keçəcəyini irəli sürmüşdü.
Xatırladaq ki, 2022-ci ilin fevralında Kreml qondarma Donbass respublikalarını müstəqil dövlətlər kimi tanıdı və Ukraynadan özünü rəsmi olaraq heç bir Qərb hərbi blokuna qoşulmayacaq neytral ölkə elan etməsini tələb etdi. Rusiya fevralın 24-də Kiyevin Donetsk və Luqansk vilayətlərinə Ukrayna dövləti tərkibində xüsusi status verilməsini nəzərdə tutan Minsk razılaşmalarını yerinə yetirmədiyini əsas gətirərək Ukraynaya hücum edib.