Ukraynada seçkilərin formatını müəyyən etmək Putinin səlahiyyətində deyil.
Bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski bildirib.
“Bunlar yalnız Ukrayna seçkiləridir. Putin Ukrayna vətəndaşı deyil, ona görə də o, heç nəyə, xüsusən də nəticəyə təsir göstərməyəcək”, – Zelenski qeyd edib.
Onun sözlərinə görə, hazırkı vəziyyətdə xaricdəki ukraynalıların sayı ilə bağlı çətinliklər yaranacaq, lakin Xarici İşlər Nazirliyi seçkilər zamanı Ukrayna vətəndaşlarının rahat səs verə bilməsini təmin etmək üçün artıq bu məsələni həll edir.
“Seçkilər işğal olunmuş ərazilərdə keçirilə bilməz, çünki onlar Rusiyanın üstünlük verdiyi formata uyğun keçiriləcək. Onların necə keçiriləcəyi aydındır. Rusiya həmişə etdiyi kimi: Əvvəlcə öz daxili seçkilərinin nəticələrini elan edir və sonra səsləri sayır”, – Ukrayna lideri vurğulayıb.
O, eyni zamanda, qeyd edib ki, səsvermə zamanı həm mülki şəxslərin, həm də hərbçilərin təhlükəsizliyini təmin etmək, eləcə də qanunvericilik bazasının hazırlanması vacibdir.







