Volodimir Zelenski deyib ki, o, Ukraynanın ABŞ-yə nə 500 milyard dollar, nə də 100 milyard dollar borcunu tanımır. “Mən bilirəm ki, bizim 100 milyard dollarımız var idi. Və bu faktdır. Mən 500-ü qəbul etməyəcəyəm”, – deyə Ukrayna lideri söyləyib.
“Mən hətta 100 milyard dolları qəbul edə bilmirəm. Biz qrantı borc kimi tanıya bilmərik. Mən ABŞ-nin keçmiş prezidenti Co Bayden ilə razılığa gəlmişəm, Konqres ilə danışıqlar aparmışam. Bu, qrant idi. Biz bunu borc hesab etmirik”, – deyə prezident əlavə edib.
Zelenski deyib ki, ABŞ-nin təklif etdiyi mineral sövdələşmə yeni sazişdir və onun sözlərinə görə, əvvəllər Kiyevə verilən yardımla əlaqəsi yoxdur.
Bundan əvvəl “The New York Times” yazıb ki, Vaşinqtonun təklif etdiyi Ukrayna faydalı qazıntıları üzrə yeni sazişin şərtlərinə Ukraynanın təbii ehtiyatlardan əldə etdiyi gəlirlərdən imtina etməsi daxildir. Sənəddə deyilir ki, sövdələşmədən əldə olunan gəlirlər ABŞ-nin 100% paya malik olduğu xüsusi fonda yönəldiləcək. 500 milyard dollar borcunu ödəyənə qədər Ukrayna bu fonda töhfə verəcək.