Ukrayna Prezidenti Volodimir Zelenski ölkəsinin bərpası üçün 600-800 milyard dollara ehtiyac olduğunu deyib. “Altı yüzdən səkkiz yüz milyarda qədər. Hər şeyi yenidən bərpa etmək üçün təxminən belə məbləğə ehtiyac var”, – ölkə başçısı deyib.
Banker.az bu barədə “Kommersant”a istinadən xəbər verir.
Xatırladaq ki, mart ayında Ukraynanın baş naziri Denis Şmıqal ölkənin bərpasına çəkilən xərclərlə bağlı fikir səsləndirib. Onun sözlərinə görə, bunun üçün 500 milyard dollar lazımdır. Aprel ayında Beynəlxalq Valyuta Fondunun (BVF) yaz sessiyası çərçivəsində keçirilən dəyirmi masada Vladimir Zelenski Ukraynanın hərbi əməliyyatlar nəticəsində təxminən 550 milyard dollar itirdiyini bildirib.
Bundan əvvəl Avropa Komissiyasının rəhbəri Ursula fon der Leyen Ukraynanın bərpasının maliyyələşdirilməsi təşəbbüslərini açıqlamışdı. O, bunu “Ukrayna üçün Marşal planı” adlandırıb.
May ayında Aİ diplomatiyasının rəhbəri Josep Borrell Ukraynanın bərpası üçün Rusiyanın dondurulmuş qızıl-valyuta ehtiyatlarından istifadə edilməsini müdafiə edib.