Ukrayna Prezidenti Vladimir Zelenski bildirib ki, Rusiya hərbi əməliyyatları nəticəsində ölkəsinin itkiləri 550 milyard dollar olaraq qiymətləndirilir.
Banker.az “Kommersant”a istinadən xəbər verir ki, Ukraynanın ÜDM-si ilin sonuna kimi yarıya qədər azala bilər. Ukrayna hakimiyyəti ölkəni bərpa etmək üçün Rusiya Federasiyasının sanksiyalar altında dondurulmuş ehtiyatlarından istifadə etməyi gözləyir.
Cənab Zelenski Beynəlxalq Valyuta Fondu (BVF) və Dünya Bankının yaz sessiyası çərçivəsində keçirilən dəyirmi masada videobağlantı vasitəsilə çıxış edib. Ukrayna prezidenti bildirib ki, ölkə iqtisadiyyatını bərpa etmək üçün ayda 7 milyard dollara qədər vəsait tələb olunur. “Çox ilkin hesablamalara görə, Ukrayna dağıntılar nəticəsində 550 milyard dollar itirib”, – deyə lider söyləyib.
Ukraynanın baş naziri Denis Şmıxal bildirib ki, bu il ölkənin ÜDM-i 30-50% azala bilər. Onun sözlərinə görə, Rusiya hərbi əməliyyatları nəticəsində “birbaşa və dolayı itkilər” 560 milyard dolları ötüb, ölkənin bərpası isə 600 milyard dollara başa gələcək.
Bu həftə Ukrayna BVF-dən 2022-ci ilin üçüncü rübü üçün ayda 5 milyard dollar istəyib. Beynəlxalq Fond bu qiymətləndirmə ilə razılaşıb. Bildirilir ki, məbləğə infrastrukturun bərpası üçün ayrılan vəsait daxil deyil. Dünya Bankı Ukraynanın infrastrukturuna dəyən ziyanı daha 60 milyard dollar qiymətləndirib.