Zimbabvenin iqtisadi çöküşünün təhlili. Necə oldu ki, dayanıqlı valyuta divar kağızına çevrildi?

0

Müasir tarixdə dünyanın ən uğursuz iqtisadi reformlarını saysaq, yəqin ki, hər kəs Afrika qitəsinin cənub şərqində yerləşən Zimbabve ölkəsinin iqtisadiyyatından söz açar. Yaxın vaxtlarda bu ölkədə çap edilən pulların əhali tərəfindən divar kağızı əvəzi istifadə edildiyi xəbəri həm gülüşə səbəb oldu, həm də vəziyyətin nə qədər acınacaqlı olduğunu bir daha göstərdi. Belə ki, 2000-ci illərin əvvəlindən daha da sürətlənən inflyasiya, 2005-ci ildən sonra aylıq 50% dərəcəsini keçərək, hiperinflyasiyaya çevrildi və iqtisadi çöküş yerli valyutanın tədavüldən çıxarılması ilə nəticələndi.  

Bir çox oxucular yəqin ki, bu iqtisadi fəlakətin səbəbinin ölkənin dayanmadan pul çap edib, dövriyyədəki pul kütləsini artıraraq inflyasiya yaratdığı fikrindədir. Əslində isə pul çap etmək ölkədəki mövcud iqtisadi natarazlığın həlli kimi irəli sürülmüş çıxış yolu idi və bu yanlış həll ölkəni fəlakətə sürüklədi. Qısaca deyə bilərik ki, təkcə yanlış monetar siyasət hiperinflasiya ilə nəticələnə bilməz. Ölkədə başqa yanlışlıqlar olmalıdır ki, kompleks şəkildə belə bir geri dönüşü olmayan iqtisadi daralma yaşansın. Bu məqalədə, Zimbabve iqtisadiyyatına nəzər salaraq, yanlış monetar siyasətə qədər və ondan sonra iqtisadiyyatın necə pisləşdiyini izah edəcək, sosial və iqtisadi islahatların təhlilini aparacayıq.


Kredit müraciəti

Sizin müraciətiniz banka göndərildi.

Zimbabve 1980-ci illərdə müstəqilliyini əldə etdikdən sonrakı 20 il ərzində illik 4%-lik iqtisadi böyümə ilə Afrikanın ən dinamik və dayanıqlı inkişaf edən ölkələrindən biri olmuşdu. Onu qeyd etmək olar ki, 2000-ci ildə ölkəyə təkcə tütün ixracından 600 milyon dollar vəsait daxil olmuşdu. Həmin illərə qədər Zimbabve qitədə ən inkişaf etmiş bankçılıq sektoruna malik idi. Həmçinin, Zimbabve Afrika qitəsi üçün mülki hüquqların ən ədalətli şəkildə tətbiq edildiyi ölkələrin başında gəlirdi və ideal biznes mühiti ilə xarici investisiya cəlb edirdi. Ölkənin əsas gəlir mənbəyi kənd təsərrüfatı sahəsindən idi və elə ən böyük sosial problemlər də bu sektordakı sosial narazılıqdan irəli gəlirdi. Belə ki, ölkənin bütün münbit torpaqları agdərili ailələrin əlində toplanmışdı və onlar qaradərililəri işlə təmin edirdilər. Afrika qitəsində belə halın olması kolonial köləliyin nümunəsi kimi başa düşülürdü və hakimiyyətdə olan partiya dəstək qazanmaq üçün bu qeyri-bərabərliyi həll etmək istəyirdi.

Zimbabve üçün iqtisadi fəlakət 3 əsas məsələ ilə bağlı yanlış qərarların verilməsi ilə başladı. Birinci, Zimbabvenin azadlıq müharibəsi veterenları hakim partiyaya dəstək olduğu və mərkəzdən uzaq yerlərdə siyasi elitanı müdafiə etdiyinə görə hökümət tərəfindən daimi maliyyə dəstəyi alırdı və daimi olaraq daha böyük gəlirlər tələb edirdi. Bu dəstəyin get-gedə artması, ölkə büdcəsinə ciddi yük olmağa başlamışdı. İkinci, Zimbabvenin varlı ailələri qonşu Konqo Respublikasının mədənlərinə çox böyük investisiyalar etdiyindən, ölkə rəhbərliyi Konqodakı hakimiyyəti saxlamaq üçün çox böyük məbləğdə yardımlar edirdi. Konqodakı hakimiyyət dəyişikliyi Zimbabve elitasının investisiyalarının batması ilə nəticələnə bilərdi. Bu yardımlar ölkə büdcəsinin hesabına olduğundan, xərc büdcəni daraldırdı. Üçüncü iqtisadi ölümcül səhv, ölkənin ağdərililərdən kütləvi olaraq torpaqların büdcədən vəsait ayıraraq alınması oldu. Birinci iki səhv ölkə büdcəsində xərclərin artması, son səhv isə büdcə gəlirinin azalması ilə nəticələndi. Qeyd etmək lazımdır ki, üçüncü səhvin sistematik effekti ölkə iqtisadiyyatını tamamən çökdürdü.

Aksiya

“Torpaq islahatı”ndan sonra (torpaq sahələrinin zorla ağdərililərdən alınması), Zimbabvedə xarici kapital demək olar ki sıfır səviyyəsinə endi və ölkə dünya ticarətində qazandığı bütün inamı itirdi. Hətta, ölkə üzrə risk dərəcəsi 20%-ə qalxdı və kənd təsərrüfatı ilə məşğul olan ağdərili ailələr ölkəni tərk etdi. Zorla zəbt edilən torpaqlar həm də banklara girov qoyulub kənd təsərrüfatını maliyyələşməsinə yardım etdiyindən, milliləşdirildikdən sonra banklar kəndlilərə kredit verməkdən boyun qaçırdılar. Torpaqlar dövlətin nəzarəti altına keçdiyindən banklar ödənilməmiş kreditlər müqabilində torpağı sata bilmədi və bank böhranı başladı. “Milliləşdirilən” torpaqlar lazımınca istifadə edilmədiyindən ölkədə aclıq və səfalət hökm sürürdü. Gəlir mənbələri qalmadığından, Beynəlxalq Valyuta Fondundan (BVF) götürülmüş krediti qaytara bilməyən hökümət yanlış islahatları ilə Fondun hədəfinə çevrildi və ölkə heç cür maliyyələşmə mənbəyi tapa bilmədi. Nəticədə, borcu ödəmək üçün hamıya məlum olan “pul çapı” mexanizmi başladı. Ölkə, yerli valyutanı çap edir, bazarda xarici valyuta alırdı. Bu iqtisadi mexanizm ölkədə daha çox pul kütləsi və daha az məhsul olması ilə nəticələndi və pulun dəyəri getdikcə əridi. Məsələni tam anlamaq üçün təsəvvür edin ki, ölkədə hamıda pul var ancaq alınacaq məhsul çox azdı və o məhsullar yaşamaq üçün mütləqdir. Hər kəs həmin məhsula daha yüksək qiymət təklif edəcək və tələb olduğundan məhsulun qiymətli bahalaşacaqdır. Zimbabvedə də eyni bu izah etdiyim mexanizm işləyirdi. Dövlət pul çap edirdi, əmək haqqı və sairə sosial yardım kimi əhaliyə paylayırdı, əhali isə bahalaşan qiymətlər qarşısında almağa məhsul tapmırdı.

2003-cü ildə isə artıq pul çap etmək pulun öz nominalından daha baha başa gəlirdi və daha əvvəl qeyd etdiyim kimi insanlar pulu divar kağızı əvəzinə istifadə etməyə başladı. Bu səhv monetar siyasət nəticəsində yaranmış vəziyyəti düzəltmək üçün daha bir səhv addım atıldı. Belə ki, ölkə az da olsa xarici ölkələrə kənd təsərrüfatı satan şirkətlər, yeni qanun ilə əllərindəki xarici valyutanı çox ucuz məzənnə ilə dövlətə satmalı idilər. Bu onsuzda azsaylı iştirakçısı qalan kənd təsərrüfatı sektorunu tamamən məhv etdi. Belə qadağalar qara bazarın formalaşması ilə nəticələndi və 2008-ci ildə artıq inflyasiya demək olar hər saat artırdı ki, bu da illik milyon faizlər səviyyəsində hiperinflyasiya ilə nəticələndi. 2009-cu ildə isə yerli valyuta dövriyyədən çıxarıldı və ölkədə multi valyuta rejimi tətbiq olundu.

Sakinlər

Tarixdə belə acı sonluğu olmuş iqtisadi islahatlar əslində iqtisadiyyatın nə qədər kövrək sütunlar üzərində dayandığını sübut edir. Şəxsi mülahizələrə görə səhvlər, illər boyu əldə edilmiş dayanıqlı uğurları və iqtisadi böyüməni bir neçə ilə tamamən məhv edə bilər. Zimbabve höküməti bir-birinin ardınca ciddi səhvlər edərək, ölkə iqtisadiyyatının 40%-ə qədər daralmasına yol açdı. Xüsusilə büdcə gəlirlərini formalaşdıran kənd təsərrüfatı gəlirləri düzgün idarə edilmədi və iqtisadi reallıqlar bir kənara qoyularaq, siyasi hədəflər uğrunda ölkə aclıq və səfalətə sürükləndi. İqtisadi islahatlar nəzəriyyələri heçə sayaraq, yalnız siyasi hədəflərə hesablanırsa, onların acı sonluğu qaçınılmaz olur.

Müəllif
Əli Dadaşzadə
(Digər yazıları)