25 C
Baku
Sunday, July 20, 2025

“Ziraat Bank Azərbaycan” ilin ilk iki rübündə 10.1 mln. manat xalis mənfəət əldə edib

2025-ci ilin ilk yarısında “Ziraat Bank Azərbaycan” ASC-nin xalis mənfəəti ötən ilin müvafiq dövrü ilə müqayisədə 24.7% artaraq 10.1 milyon manata çatıb. Halbuki, bankın xalis mənfəəti öncəki ilin eyni dövründə 8.13 milyon manat olmuşdu. Bu dövrdə bank həm faiz gəlirlərini, həm də qeyri-faiz gəlirlərini artırmağa nail olub.

Banker.az bu barədə Bankın ilin ilk iki rübü üzrə maliyyə hesabatına istinadən xəbər verir.

Faiz gəlirləri 34.1 milyon manat təşkil edib ki, bu da əvvəlki ilin eyni dövrü ilə müqayisədə 40% artım deməkdir. Əsas artım kredit portfelindən əldə edilən faiz gəlirlərində müşahidə olunub – bu gəlirlər 39% artaraq 26.1 milyon manata yüksəlib. Eyni zamanda, banklar və maliyyə institutlarına verilmiş kreditlərdən və qiymətli kağızlardan əldə olunan gəlirlərdə də artım qeydə alınıb.

Faiz xərcləri isə 83% artaraq 14.9 milyon manata yüksəlib. Bu artım əsasən bankların və maliyyə institutlarının depozitlərinə görə ödənilən faizlərdən qaynaqlanıb. Xalis faiz gəliri 18.4% artaraq 19.2 milyon manat olub.

Bankın qeyri-faiz gəlirləri illik 36% artaraq 10.7 milyon manata çatıb. Əsas gəlir mənbələri hesab xidmətləri üzrə komisyonlar və valyuta əməliyyatlarından əldə olunan gəlirlərdir.

“Ziraat Bank Azərbaycan”ın qeyri-faiz xərcləri isə 25% artaraq 14 milyon manata yaxınlaşıb. Əmək haqqı və əsas vəsaitlərlə bağlı xərclər xərclərin əsas hissəsini təşkil edib. Aktivlər üzrə mümkün zərərlər üçün yaradılan ehtiyatlar isə ötən illə müqayisədə 27% azalaraq 3.5 milyon manat olub.

BANK BÖYÜYÜR…

Bankın aktivləri ötən ilin sonu ilə müqayisədə 16% artaraq 1 iyul 2025-ci il tarixinə 1 milyard 68 milyon manata çatıb. Artım əsasən müştərilərə verilən kreditlər və maliyyə institutlarındakı depozitlər hesabına baş verib. Müştəri kreditləri 18% artaraq 625.6 milyon manata yüksəlib. Bankın cəmi depozit portfeli isə sabit qalaraq 566.7 milyon manat səviyyəsində olub.

Bununla yanaşı, digər maliyyə institutlarının depozitləri bankda əhəmiyyətli dərəcədə artıb – ilin əvvəlindəki 61.2 milyon manatdan 171.6 milyon manata qədər yüksəlib. Bu da bankın likvidliyinin güclənməsinə xidmət edib.

Bankın cəmi kapitalı da artaraq 144.4 milyon manata çatıb. İlin əvvəlinə bu göstərici 133.5 milyon manat idi.

Son xəbərlər
Digər xəbərlər