®13 və 14 İyun tarixlərində “Bank və Maliyyə Ekosistemində yeni trendlər, innovativ həllər, Fintech və təhlükəsizlik” mövzusunda FINTEX SAMMİTİ 2023 – MALİYYƏ VƏ TEXNOLOGİYALAR SƏRGİSİ tədbiri baş tutub. Tədbirin açılışında Türkiyə Banklar Birliyinin sədri və “Ziraat Bank Azərbaycan” ASC-in səhmdarı olan ‘’T.C. Ziraat Bankası’’ A.Ş-in İdarə Heyətinin sədri cənab Alpaslan Çakar da məruzəçi qismində çıxış edib. Alpaslan Çakar məruzəsində maliyyə texnologiyalarının inkişafı, rəqəmsallaşma, süni intellektin maliyyə sektoruna təsiri, elektron ticarətin imkanları haqqında danışıb. Müasir maliyyə ekosistemində müştərilərin istifadə asanlığına, sürətə və fərdi məhsul təkliflərinə daha çox üstünlük verdiklərini qeyd edərək, bu istəklərin transformasiya ilə yanaşı, məlumatların öyrənilməsi, analitik nəticələrin doğru şəkildə istifadəsi və süni zəka texnologiyalarının dəstəyi ilə qarşılana biləcəyini, bununla da müştərilərə daha yüksək dəyər daşıyan məhsul və xidmətlərin təklifi ilə nəticələnəcəyini Alpaslan Çakar öz çıxışında vurğuladı. Türkiyə Banklar Birliyinin sədri öz məruzəsində həmçinin rəqəmsal kanallardan istifadə zamanı yarana biləcək istənilən təhlükəsizlik problemlərindən Bankların xəbərdar olmalı olduğunu və kiber təhlükəsizlik təhdidləri, fişinq hücumları kimi təhlükəsizlik zəifliklərinin qarşısını almaq üçün gördükləri ciddi tədbirlərin davam etdirilməsinin önəmliliyini bildirdi. Alpaslan Çakar öz çıxışında həmçinin yeni nəsil startapların sərmayələşdirilməsi və bu sahədə ixtisaslı kadrların yetişdirilməsinin əhəmiyyətini də vurğuladı.
Tədbirin açılışında Alpaslan Çakar ilə yanaşı Azərbaycan Banklar Assosiasiyasının prezidenti Zakir Nuriyev, Azərbaycan Respublikasının Mərkəzi Bankının Baş direktoru Fərid Osmanov, İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin İcraçı direktoru Vüsal Qasımlı və Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin Elektron Təhlükəsizlik Xidmətinin rəis müavini Samir Rəsulov və VISA şirkətinin Azərbaycan, Mərkəzi Asiya, MDB və Cənubi-Şərqi Avropa üzrə regional meneceri, Vitse-prezidenti Kristina Doros çıxış ediblər.
Qeyd edək ki, tədbir Azərbaycan Banklar Assosiasiyasının təşkilatçılığı, Azərbaycan Fintex Assosiasiyasının, Azərbaycan Respublikasının Mərkəzi Bankının, Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin, Azərbaycan Respublikası İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin dəstəyi və VISA şirkətinin qlobal tərəfdaşlığı ilə keçirilib.
“Ziraat Bank Azərbaycan” ASC, ölkəmizdə təşkil olunan bu nüfuzlu maliyyə və bankçılıq tədbirinin iştirakçısı və sponsorlarından biri olduğu ilə əlaqədar Azərbaycan Banklar Assosiasiyası tərəfindən təşəkkürnamə ilə təltif edildi.
“Ziraat Bank Azərbaycan” ASC, Türkiyə Respublikasına məxsus, 159 illik tarixə malik olan “Ziraat Maliyyə Qrupu”-nun tərkib hissəsidir və Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən verilmiş 30.12.2014-cü il tarixli 255 nömrəli lisenziya əsasında fəaliyyət göstərir. Bank korporativ və pərakəndə bankçılıq sahəsində məhsul və xidmətlərini Bakı, Gəncə və Sumqayıt şəhərlərində yerləşən ümumi 7 filialı ilə yanaşı, rəqəmsal satış və xidmət platformaları üzərindən də müştərilərə təqdim edir.
Bankın təqdim etdiyi məhsul və xidmətlər haqqında daha ətraflı məlumatı, Bankın Facebook, Instagram, Twitter, Linkedin, Youtube sosial media hesablarından və ya *9229 qısa nömrəsinə zəng edərək əldə edə bilərsiniz.