Azərbaycan iqtisadiyyatının ümumi dinamik inkişafı sığorta bazarının da davamlı inkişafını şərtləndirir. Yaxın dövrdə aparılan işlərin nəticəsi kimi gözlənilə bilər ki, sığorta bazarı 3 əsas istiqamət üzrə təminatçıya çevrilsin: bütün əmlakın və biznes fəaliyyətinin sığorta təminatı, hər bir insanın icbari tibbi sığorta təminatı və hər bir insanın həyatı sığortalı olmalıdır. Bunlara nail olmaq üçün isə bu il ərzində qanunvericiliyə xeyli dəyişiklik edilib. Sığorta bazarındakı vəziyyətlə bağlı Azərbaycan Mərkəzi Bankının Baş direktoru Ziya Əliyev müsahibəsində danışıb.
Müsahibəni təqdim edirik:
– Azərbaycanda sığorta şirkətlərinin sayı əvvəlki illərlə müqayisədə azalıb. Manatın devalvasiyasından əvvəl ölkədə 28 sığorta şirkəti olsa da, hazırda onların sayı 20-dir. Bu rəqəm bazarda normal rəqabət mühitini təmin edirmi?
– Sığorta bazarı digər bazarlar kimi rəqabətin kəskin, biznesin mürəkkəb olduğu bir sahədir. Bir sığortaçının bazardan çıxması və ya yenisinin daxil olması təbii bir prosesdir. Baş verən müəyyən makroiqtisadi şoklar və rəqabət nəticəsində öz biznesini, rəqabət imkanlarını itirən sığortaçıların bazardan çıxması normal hadisədir.
Hazırda bu bazarda fəaliyyət göstərən 20 sığorta şirkətinin 5-i həyat sığortaçısı, qalanları isə qeyri-həyat sığortaçılarıdır. Düşünürəm ki, bu say sığorta bazarında rəqabətin intensiv olması üçün kifayətdir.
– Bazara yeni şirkətlərin daxil olması gözlənilirmi?
– Hələ ki Mərkəzi Banka belə bir müraciət olmayıb. Amma sığorta bazarının inkişaf perspektivləri yeni oyunçuların bazara girməsi üçün imkanlar yarada bilər. Gələcəkdə istər yerli, istərsə də xarici sığortaçıların Mərkəzi Banka mözvu ilə bağlı müraciətləri ola bilər.
– Hazırda Azərbaycanda adambaşına düşən sığorta haqqı nə qədərdir?
– Bu ilin 11 ayın statistikasını nəzərə alsaq, sığorta yığımlarının həcmi 850 milyona çatıb. Nəzərə alsaq ki, sığorta bazarı hər ay 100-110 milyon manat həcmində böyüyür, sığorta haqlarının həcminin ilin sonuna qədər 1 milyard manata çatacağı gözlənilir. Bu ilin sonunda adambaşına düşən sığorta haqqının 95 manata çatacağını gözləmək olar.
– Bu rəqəm son illərdə necə dəyişib, proqnozlarınız necədir?
– Son 5 ildə sığorta bazarının həcminin davamlı olaraq artdığı müşahidə edilir. Son 5 il ərzində orta templə hər il sığorta haqqlarının həcmi 15-18 % artır. Mərkəzi Bankın sığorta bazarının genişləndirilməsi və onun dayanıqlığının gücləndirilməsi ilə bağlı görəcəyi tədbirlər bu tendensiyanın gələcəkdə də davam etməsini təmin edəcək.
– Sığorta şirkətlərinə inam hələ də aşağıdır. Təsir mexanizmi olmadan demək olar ki, heç kim sığorta məhsulu almır. Vəziyyəti dəyişmək üçün hansı tədbirlər görülür?
– Sığorta bazarının inkişafı ilə bağlı gördüyümüz bütün tədbirlər məhz buna xidmət edir. Sığorta sektoru maliyyə bazarının, ümumiyyətlə, iqtisadiyyatın digər sahələrindən fərqli olaraq inam üzərində qurulur. Burada sığortalıların sığortaçıya inamı mühüm əhəmiyyət kəsb edir. Mərkəzi Bankın əsas vəzifəsi sığortalıların hüquqlarının müdafiəsidir.
Biz ilk növbədə sığortaçıların sığorta ödənişləri ilə bağlı bütün öhdəliklərinin tam və vaxtında həyata keçirilməsi üçün onların maliyyə dayanıqlığının gücləndiirlməsi üçün tədbirlər görürük. Hazırda sığorta hadisəsi baş verdikdə sığorta zərərinin ödənilməsi ilə bağlı heç bir problem yaşanmır. Bu, riskin ortadan qaldırılması üçün sığortaçıların maliyyə dayanıqlığının gücləndirilməsi istiqamətində gördüyümüz tədbirlərin nəticəsidir.
İkinci istiqamətdə gördüyümüz tədbirlər sığortaçıların sığortalılara qarşı ədalətli rəftarının təmin edilməsidir. Burada məqsəd sığorta hadisəsi baş verdiyi zaman onun düzgün qiymətləndirilməsini, zərərin düzgün ölçülməsini, ödənişin vaxtında həyata keçirilməsini, prosesdə sığortalılara qarşı sığortaçıların ədalətli rəftarını təmin etməkdir. Biz icbari sığorta sahəsində qanunvericiliyin tənzimlənməsi çərçivəsində həm beynəlxalq, həm də, xarici təcrübələr əsasında qanunları, eyni zamanda nəzarət mexanizmlərini inkişaf etdiririk.
Bu yaxınlarda icbari avtomobil sığortası sahəsində sığorta haqlarının hesablanması, həm də sığorta hadisələrinin tənzimlənməsi ilə bağlı yeni islahatlar həyata keçirdik. Artıq avto-icbari sığorta zamanı hadisə baş verirsə, hər bir sığortaçı öz müştərisinə ödənişlə bağlı birbaşa xidmət göstərir. Bu bütövlükdə sığortalıların sığortaya qarşı münasibətini köklü olaraq dəyişir. Çünki, bu sinif 1,4 milyon avtomobil sahibi olan vətəndaşımızı əhatə edir. Sığortaya münasibət, sığorta ilə bağlı məlumat bu sinifdən başlayır. Biz islahatlara bu sinifdən başladıq. Düşünürük ki, bu islahatlar sığortaya qarşı münasibəti dəyişməlidir. Bizim müxtəlif sahədə gördüyümüz maarifləndirmə tədbirləri sığortalıların özlərinin hüquq və vəzifələri barədə məlumatlandırılması, onların sığortaya olan inamının artırılmasına xidmət edir.
– Sel, daşqın kimi təbii fəlakətlər zamanı dövlətin vətəndaşlara kömək etməməsi sığortaya marağı artıra bilərmi?
– Təbii fəlakətlər zamanı insanların daşınmaz əmlakı zərər görür. Daşınmaz əmlakın sığortası ilə bağlı Azərbaycanda icbari sığorta növü var. Hər bir daşınmaz əmlakın sığortası icbaridir. Bu sığorta yanğın, subasma, təbii fəlakət hadisələri zamanı risklərə qarşı təminat verir. Dövlətin bu qanunvericiliyi yaratmaqda məqsədi vətəndaşlarımızın bu risklərdən özlərini sığortalamalarıdır.
Rayon yerlərində qanunvericiliyə əsasən, 30 manat ödəməklə siz öz evinizi 15 min manat dəyərində, şəhər yerlərində isə 50 manat ödəməklə 25 min manat dəyərində sığortalaya bilərsiniz.
– Sığorta şirkətləri köhnə avtomobilləri, xüsusilə mühərriki 2 000 sm2-dən aşağı olan maşınları sığortalamaqdan imtina edirlər. Mərkəzi Bankın bu məsələ ilə bağlı mövqeyi necədir?
– Biz digər ölkələrin təcrübələrində də belə hallara rast gəlirik. Avtomobillər istismar müddətinə, markalarına, motor həcminə görə fərqləndiyi üçün risk səviyyələrinə görə də fərqlənirlər. Avtomobil sahiblərinin mülki məsuliyyəti icbari qaydada sığortalanır. Zərərlilik statistikasında baxdıqda görürük ki, müəyyən markalarda zərər daha çoxdur. Hətta zərərliliyin 100 %-i keçən avtomobilləri də görürük. Xüsusi ilə motor həcmi kiçik olan avtomobillərdə bu zərərlilik daha yüksək olur.
Qeyd edək ki, avtomobil sahibi özünün mülki məsuliyyətini sığortalamaq üçün sığortaçıya müraciət edirsə, sığortaçının ondan imtina etmək hüququ yoxdur və bu onun qanunla vəzifəsidir. Bundan imtina qanunsuzdur. Bununla bağlı Mərkəzi Bank bir neçə dəfə mətbuat vasitəsilə məlumat yayıb. Hər hansı bir sığortaçı belə bir hala yol verdikdə, bununla bağlı Mərkəzi Banka müraciət daxil olmalıdır. Bu müraciət əsasında biz öz tədbirlərimizi görürük. Statistikaya baxdıqda çox az sayda mövzu ilə bağlı yazılı şəkildə müraciət daxil olur. Bu günədək elə bir hal müşahidə olunmayıb ki, sığortaçı vətəndaşın məsuliyyətini sığorta etməkdən rəsmi qaydada imtina etsin.
Təbii ki, hər bir sığortaçı zərərliyi az olan avtomobilləri sığortalamaq istəyir, digərlərinə könülsüz yanaşır. Bunu inzibati yollarla aradan qaldırmaq lazımdır. Hazırda sığorta haqlarının hesablanması ilə bağlı yeni qaydalar qüvvəyə minib. Belə ki, sürücülər daşıdığı riskdən aslı olaraq sığorta haqqı ödəyirlər. Yəni, siz yaşınıza, təcrübənizə, avtomobilinizin istismar müddətinə, intensiv yerdə istifadə etdiyinizə görə, əlavə sığorta haqqı verirsiniz. Avtomobil yüksək riskə malikdirsə, sığortalı daha çox sığorta haqqı ödəyir. Nəticədə sığortaçıların münasibəti dəyişir.
Motor həcmi aşağı olan avtomobillər daha çox taksi fəaliyyəti üçün istifadə olunur. Xarici təcrübədə taksi xidmətində istifadə olunan avtomobillər üzrə sığorta haqqı fərqli qaydada ödənilir. Yəni, taksi fəaliyyətinə görə əlavə risk faktoru olur, bu da sığorta haqqını artırır. Bizdə də müvafiq dövlət qurumları bu sahədə müəyyən tədbirlər həyata keçirir. Düşünürük ki, taksilərin xüsusi bir reyestri olsa və həmin reyestri təmin edən informasiya bazası İcbari Sığorta Bürosuna inteqrasiya edilsə, bu bizə taksi xidmətinə görə də əlavə risk əmsalı müəyyən etməyə kömək edəcək. Nəticədə taksi xidmətinə görə daha çox sığorta haqqı olacaq. Bu gün taksi xidmətində istifadə olunan avtomobil markalarının zərərliliyi 200-300 % səviyyəsində ola bilir.
Bununla yanaşı avto sığorta ilə bağlı yeni qaydaların tətbiqini düşünürük. Sığorta şirkəti icbari avto sığorta ilə bağlı icazə alarkən müəyyən tələblərə cavab verməlidir. Sığortalı şəhadətnamənin alınması ilə bağlı onlayn müraciət imkanına tam malik olmalı və vətəndaşa onlayn şəhadətnamə almaq imkanı yaradılmalıdır. Bununla bağlı tələblər müəyyən ediləcək. Bu tələbləri müəyyən etdikdən sonra artıq sığortalı avtomobil sahibi öz evində, öz ofisində istənilən yerdə onlayn qaydada, istədiyi sığortaçıdan şəhadətnamə ala biləcək.
– Azərbaycanda sığorta şirkətləri zərərin qiymətləndirilməsi zamanı müstəqil ekspert cəlb etməyə adətən imkan vermirlər. Yəni, hər şirkətin öz eksperti var. Burada vətəndaşın hüquqları pozulur. Mərkəzi Bank bununla bağlı hansı addımları ata bilər?
– Müstəqil ekspertlər sığorta bazarının ən mühüm iştirakçısıdır. Sığortalı ilə sığortaçı arasında ən mühüm məsələ hadisə baş verdiyi zaman həmin zərərin düzgün və ədalətli qiymətləndirilməsidir. Bu qiymətləndirmə əgər üçüncü tərəflə yəni, marağı olmayan tərəflə həyata keçirilirsə, təbii ki, zərərin ədalətli qiymətləndirilməsi təmin olunar. Əlbəttə zərərin qiymətləndirilməsində hər iki tərəfin müəyyən marağı var. Sığortaçı zərərin daha aşağı, sığortalı isə daha yüksək qiymətləndirilməsini istəyir. Bu təbii bir maraqdır.
Qiymətləndirilmə zamanı məbləğin aşağı və yuxarı olmasında maraqlı olmayan tərəf müstəqil ekspertdir. Ona görə sığorta bazarında Müstəqil Ekspert İnstitutunun yaradılması vacibdir. Bu institutu inkişaf etdirmək üçün bizim qanunvericiliyə müəyyən təkliflərimiz var.
Birincisi, biz müstəqil ekspertlərin peşə ixtisası ilə bağlı müəyyən tələblər formalaşdıracağıq. Yalnız bu tələblərə uyğun olan müstəqil ekspertlər qiymətləndirməni apara biləcəklər. Qanunvericiliyə dəyişikliklər olduqdan sonra müstəqil ekspertlərin müvafiq imtahan prosesindən, müsahibələrdən keçmələri, eyni zamanda onlara müəyyən təlimlərin keçirilməsinin təşkili istiqamətində tədbirlər görməyi düşünürük.
İkinci təklifimiz ondan ibarətdir ki, müstəqil ekspertin seçilməsi prosedurunu dəyişək. Mərkəzi Bankın müstəqil ekspert reyestri var. Bu reyestrdə biz müstəqil ekspertlərin müvafiq peşə tələblərinə cavab verməsini təmin etsək, hadisə baş verdiyi zaman sığortalı ekspertin qiymətləndirməyə cəlb edilməsini istəyirsə, həmin siyahıya daxil olan istədiyi 3 eksperti seçəcək. Həmin 3 ekspert arasından da sığortaçı bir eksperti seçəcək və beləliklə müstəqil ekspertin seçilməsində həm sığortalı, həm də, sığortaçı iştirak etmiş olacaq. Bu zaman seçim hər hansı tərəfin xüsusi diktəsi ilə aparılmadığından seçilmiş ekspertin həqiqi müstəqilliyi təmin ediləcək.
– Azərbaycanda cəmi bir təkrarsığorta şirkəti var. Xarici təkrarsığortaçıların Azərbaycan bazarına daxil olması nə dərəcədə realdır?
– Azərbaycanda 1 müstəsna təkrarsığortaçı var və eyni zamanda bir neçə sığorta şirkəti var ki, onların təkrarsığorta lisenziyası mövcuddur. Yəni, onlar həm sığortaçı kimi, həm də təkrarsığortaçı kimi fəaliyyət göstərə bilirlər. Eyni zamanda təkrarsığorta lisenziyası alan şirkətlərin sayının da artması gözlənilir. Bu sahədə də rəqabət var.
Azərbaycanda xarici sığortaçıların, təkrarsığortaçıların və xarici brokerlərin olduğu bir reyestr var. Şirkətlər müəyyən bir sənədlər təqdim etdikdən sonra müraciət edirlər, Mərkəzi Bankın qərarı ilə həmin reyestrə alınırlar. Reyestrdə kifayət qədər xarici təkrarsığortaçı və brokerlər var. Yerli sığortaçının onların hər hansısa biri ilə sərbəst şəkildə işləmə hüququ var. Yəni Azərbaycanda risklərin təkrarsığortaya göndərilməsi ilə bağlı sığortaçılarımız həm yerli təkrarsığortaçılarla, həm də birbaşa xarici brokerlərlə və ya xarici təkrarsığortaçılarla işləyə bilərlər.
– Azərbaycanda bəzi sığorta şirkətlərinə eyni holdinqdə təmsil olunduqları bankların dəstəyi açıq hiss olunur.
– Biz xarici praktikaya baxsaq, görərik ki, maliyyə qrupları maliyyə bazarında kifayət qədər böyük nüfuza sahibdirlər və böyük bir bazar payına malikdirlər. Düşünürəm ki, bir maliyyə qrupunda həm bankın, həm sığorta şirkətinin , həm də, digər maliyyə qurumunun olması normal bir haldır. Bu beynəlxalq təcrübədə müşahidə edilən haldır və maliyyə qruplarına müəyyən əlavə rəqabət imkanları verir.
Azərbaycanda da analoji vəziyyətin olması təbiidir. Hesab edirəm ki, bu həm bank sektorunun, həm də sığorta sektorunun inkişafına müsbət təsir edir. Amma sığortaçı və bank eyni qrupa daxildirsə, birinin o birindən asılılığı ilə bağlı müəyyən qədər risklər də yaranır. Mərkəzi Bank bu risklərin tənzimlənməsi, həm də nəzarət baxımından öz tədbirlərini görür.