6 C
Baku
Thursday, December 26, 2024

Ziya Əliyev: “Mərkəzi Bank sığorta şirkətlərinin maliyyə dayanıqlığı ilə bağlı yeni standartlar üzərində işləyir”

Sığorta bazarında baş verən yeniliklər və bu yeniliklərin sektora təsiri ilə bağlı Azərbaycan Mərkəzi Bankının baş direktoru Ziya Əliyevlə olan müsahibəni təqdim edirik:

– Ziya müəllim, artıq iki aydır ki, avtomobillərin icbari sığortası ilə bağlı yeni qayda tətbiq edilir. Müşahidələriniz necədir? Təsirləri necə olub?

– Mərkəzi Bank artıq üç ildən çoxdur ki, sığorta bazarının inkişafı ilə bağlı strateji layihələr həyata keçirir. Avtomobil sahiblərinin mülki məsuliyyətinin icbari sığortası (ASMMİS) sahəsində islahatlar da bizim fəaliyyətimizin əsas mərkəzində dayanan məsələlərdən biridir. Bu sığorta növü daha çox vətəndaşımızı əhatə edir. 1,4 milyon insan bu sığortanın subyektidir. Eyni zamanda icbari avtosığorta sığorta yığımlarının mühüm hissəsini təşkil edir. Təsadüfi deyil ki, bu sinfə sığorta sektorunun əsas drayveri kimi baxılır. İslahatlarımız mütərəqqi xarici təcrübəyə, geniş statistik təhlillərə əsaslanır və iki istiqaməti əhatə edir. Birincisi, sığorta haqqlarının daha ədalətli, riskyönümlü hesablanması, ikincisi isə sığorta hadisəsi baş verən zaman bu hadisənin tənzimlənməsi ilə bağlı yeni mexanizmin tətbiqidir.

Sığorta haqqının riskyönümlü hesablanması dedikdə, yəni sürücünün daşıdığı risk əsasında sığorta haqqı hesablanır. Əvvəllər sığorta haqqı avtomobilin mühərrik həcminə görə dəyişirdi. Yaş, sürücülük təcrübəsi, avtomobilin sürülmə intensivliyi, istismar müddəti və bu kimi risk faktorları nəzərə alınmırdı. Statistik təhlil edildikdə məlum oldu ki, Azərbaycanda sığorta hadisələrinin baş verməsində bu amillər çox mühüm rol oynayır. Bilirsiniz ki, sığorta sektorunda risklərin qiymətləndirilməsi çox mühümdür. Ona görə də risklər düzgün qiymətləndirilməlidir və düzgün ölçülməlidir. Bu risklərə əsasən də sığorta haqları müəyyən edilir. Nəticədə, əvvəllər sığorta şirkətlərində riskləri öz üzərinə götürməkdə könülsüzlük hiss edilirdisə, indi daha sərfəli şərtlər olduğu üçün riski götürməyə hazırdılar. Bu meyli hiss edirik. Eyni zamanda bilirsiniz ki, biz malus sistemini də sərtləşdirmişik. Yəni, sürücü qəza törədirsə, növbəti dəfə sığorta haqqını ödəyəndə bu nəzərə alınır. Birinci dəfə sığorta haqqını 40%, ikinci qəzada 2 dəfə çox ödəyir və beləliklə, bu 3 dəfəyə qədər arta bilir. Bu o deməkdir ki, daha çox qəza törədən sürücülər sığorta sektoru üçün arzuolunmaz müştəri hesab olunurdusa, artıq bu praktika dəyişməyə doğru gedir. Eyni zamanda sürücülərin intizamı artır. Çünki daha çox sığorta haqqı ödəməli olur.

– İcbari avtosığorta üzrə sığorta haqqı yeni qayda ilə hesablansa da, oktyabr ayı üzrə statistikada yığımlarda ciddi artım müşahidə olunmadı. Sizcə bu nə ilə bağlıdır?

– Avtomobillərin icbari sığortası üzrə yığımlar bu ilin 11 ayında ötən ilin eyni dövrünə nisbətən 12% artıb. Bu, əvvəlki illərlə müqayisədə kifayət qədər yüksək göstəricidir. Ötən il cəmi 4% artım olmuşdu, bu da yəqin ki, müqavilələrin sayı ilə bağlı olmuşdu. Həm sığorta müqavilələrinin sayında artım, həm də sığorta haqlarında yeni yanaşma bu artımı təmin edib. Gələn ildən biz daha çox artım müşahidə edəcəyik. Oktyabr-noyabr aylarını nəzərə alsaq, artım tempi daha yüksəkdir. Sığorta ödənişlərinə gəldikdə isə burada ötən ilin eyni dövrü ilə müqayisədə bu ilin on bir ayında 23% artım var.

– Ümumi sığorta bazarı üzrə yığımlar artır, bazar böyüyür, amma nədənsə ödənişlərdə bir neçə aydır ki, azalma müşahidə edilir. Halbuki, inflyasiyanı, xərclərin artmasını nəzərə alsaq bu özünü ödənişlərdə də göstərməlidir. Belə çıxır ki, sığorta şirkətləri ödənişləri kəsir?

– Ödənişlər sığorta hadisələrinin sayından və hadisələr nəticəsində zərərə təsir edən xərc faktorlarından asılıdır. Qlobal iqtisadiyyatda inflyasiya davam edir, bir çox əmtəələrin, o cümlədən avtomobil ehtiyat hissələrinin qiyməti artır. Avtomobillərin icbari sığortası üzrə ödənişlərdə 23% artım var. Artımın da bir hissəsini məhz bu faktorla bağlıdır. Bu eyni zamanda sığorta hadisələrinin sayından asılıdır. Bilirsiniz ki, daşınmaz əmlakla bağlı sığorta hadisəsində böyük zərər məbləği yarana bilir. Bu da sığorta ödənişlərinin dinamikasına təsir edir. Bu ilin 11 ayında ümumi sığorta ödənişləri 7% azalıb. Amma bu sığortaçıların sığorta ödənişlərinə yanaşmasını əks etdirmir. Bu bir çox faktorlarla bağlıdır. Hər bir sığorta sinifinə ayrılıqda yanaşma lazımdır. Elə sığorta növləri var ki, orada sığorta ödənişlərinin artımını, elə növlər də ödənişlərin azaldığını müşahidə edirik. Bəzən müşahidə edirik ki, iri zavodlarda fabriklərdə yanğın baş verir, 30-50 milyonluq zərər ortaya çıxır. Bu məbləğdə olan zərər, həmin ilin sığorta ödənişləri statistikasına təsir edir.

– Böyük zərərlərdən söz düşmüşkən, “Azərsun Sənaye Parkı”nda bu ilin aprel ayında böyük yanğın baş vermişdi. Azərbaycan tarixinin ən böyük sığorta hadisəsi hesab olunur. Zərər məbləğinin 30 milyon manat civarında olduğu bildirilir. Zərərin qiymətləndirilməsi və sığorta ödənişinin verilməsi ilə bağlı son vəziyyət necədir?

– Bu artıq sığorta hadisəsi kimi sığortaçı tərəfindən qəbul olunub. Zərər məbləğinin dəqiqləşdirilməsi ilə bağlı qiymətləndirmə həyata keçirilir. Zərər məbləğinin bir hissəsi yerli sığorta şirkəti, qalan hissəsi isə xarici təkrarsığorta şirkəti tərəfindən qarşılanacaq. Mərkəzi Banka bu sığorta hadisəsi ilə bağlı, yəni ödənişin verilməməsi, gecikdirilməsi və ya zərərin az qiymətləndirilməsi ilə bağlı hər hansı müraciət və ya şikayət sığortalı tərəfindən daxil olmayıb.

– Qiymətləndirmə prosesi bitib artıq?

– Məndə olan məlumata görə, proses artıq yekunlaşmaq üzrədir.

-İcbari avtosığorta üzrə ödənişlərdə yeni qaydanın tətbiqindən bir aydan çox vaxt ötüb. Yeni qayda ilə artıq sığorta şirkəti öz müştərisinə xidmət göstərir. Müşahidələriniz necədir?

– Bu sahədə müşahidələrimizin nəticəsi çox müsbətdir. Birinci müşahidəmiz odur ki, artıq Mərkəzi Banka edilən şikayətlərin sayında ciddi azalma var. Bu mexanizm çərçivəsində tənzimlənən hadisələrlə bağlı daxil olan müraciətlərin sayında ciddi azalma var.

– Deyə bilərik, sığorta şikayətləri nə qədər azalıb?

– İndiki statistikanın içində həm əvvəlki dövrün, yəni noyabrın 1-nə qədər baş vermiş hadisələr üzrə, həm də ondan sonra baş vermiş müraciətlər var. Eyni zamanda bu müraciətlər də kateqoriyalara ayrılmalıdır. Çünki bunların bəziləri hadisələrin birbaşa tənzimlənməsi mexanizminə daxildir, bəziləri isə deyil. Daha dəqiq statistika ilin sonunda açıqlanacaq. İlkin müşahidələrimiz odur ki, burada ciddi azalma var və qarşıdakı illlərdə bu sahədə şikayətlər daha çox azalacaq. Biz həm də onu müşahidə edirik ki, sığorta şirkətlərinin sığorta hadisələrinin tənzimlənməsinə yanaşmasına ciddi dəyişiklik var. Sığorta şirkətlərində bu hadisələri tənzimləyən ayrıca departamentlər var. Bu departamentlərin institusional potensialından da çox şey asılıdır. Şirkətlərdə bu potensialın artırılması üzrə görülməkdə olan tədbirlərlə bağlı məlumatımız var. Beynəlxalq təcrübə göstərir ki, hadisələrin birbaşa tənzimlənməsi tətbiq olunduğu ilkin illərdə nəticə verməyə başlayıb. Düşünürəm, digər ölkələrdəki tendensiya burada da müşahidə ediləcək.

– İcbari Sığorta Bürosunun tərkibində sığorta ödənişlərinin təmin edilməsi üçün ödənişlərə zəmanət fondu yaradılıb. Sığorta şirkəti ödənişdən imtina etdiyi halda həmin depozitdən ödəniş məbləği çıxılır. Bu müddətdə müşahidə etdiyiniz belə bir hal olubmu?

-Bilirsiniz ki, icbari sığorta sinfi üzrə ödəniş həyata keçirən sığorta şirkəti hər hansı bir səbəbdən ödəmə qabiliyyətini itirərsə, (hansı ki, bu hal bir dəfə yaşanıb) o zaman icbari sığorta üzrə bütün öhdəlikləri İcbari Sığorta Bürosu tərəfindən həyata keçirilir. Mexanizm bundan ibarətdir. “Standard İnsurance” sığorta şirkəti bilirsiniz ki, müəyyən səbəblərdən ödəniş qabiliyyətini itirdi. Ona görə də Mərkəzi Bank tərəfindən lisenziyası ləğv edildi və qanunvericilik çərçivəsində onun ləğvetmə proseduru həyata keçirildi. Bu çərçivədə onun icbari sığortalar üzrə 6 milyon manatlıq öhdəlikləri İSB tərəfindən ödənildi.

– Yeri gəlmişkən, ləğv edilən sığorta şirkətləri ilə bağlı öhdəliklərin icrası ilə bağlı son durum necədir?

– “Standard İnsurance”in bütün kreditorlar üzrə öhdəlikləri məhkəmə tərəfindən artıq müəyyən edilib. Sığortalılarla bağlı bütün öhdəliklər həyata keçirilib. Hansısa müraciət olubsa, sığorta hadisəsi qiymətləndirilib və 100% ödəniş həyata keçirilib. Məhkəmə tərəfindən təsdiq edilən digər kreditorlar isə tam və vaxtında ödənişlərini alacaqlar. “Alfa Sığorta” isə yalnız könüllü sığorta sahəsində sahəsində fəaliyyət göstərdiyi üçün bu mexanizmdə yer almayıb.

– Hər iki sığorta şirkəti bankla əlaqəli şirkətlərdir. Bu onların bağlanmasına təsir edib. Hazırda sığorta bazarında “qohum bank”ı olan sığorta şirkətləri qalmaqda davam edir. Hətta, bəzi sığorta şirkətlərində kapital çatışmazlığı yarandığı ilə bağlı məlumatlar da yayılır. Mərkəzi Bank eyni problemlərin yenidən yaşanmaması üçün hansı addımları atır?

– Mərkəzi Bank meqa requlyatordur, yəni maliyyə bazarlarının bütün sektorlarının həm tənzimlənməsini, həm də nəzarəti həyata keçirir. Ona görə bütün sektorlarda maliyyə dayanıqlığının gücləndirilməsi istiqamətində hər iki istiqamət üzrə tədbirlər görülür. Bank sektorundan artıq “Bazel III” prinsiplərini tətbiq etməyə başlamışıq. Bu da o deməkdir ki, biz bankların kapital adekvatlığı, kapital buferinin gücləndirilməsi istiqamətində işlər görürük. Bankların makro-iqtisadi və digər şoklara qarşı dayanıqlığının gücləndirilməsi üçün həm tənzimləmə, həm də nəzarət istiqamətində tədbirlər görürük. Eyni zamanda, şoklara qarşı maliyyə dayanlığının təmin edilməsi üçün həmin tədbirlər sığorta sektorunda da davam etdirilir. Banklardan aslılıq, banklara qarşı həssaslığı nəzərə alaraq risklərin düzgün qiymətləndirilməsi və risklərə uyğun olaraq kapital buferlərinin gücləndirilməsi istiqamətində qeyd edilən hər iki istiqamət üzrə tədbirlər həyata keçirilir. Bu isə əvvəlki illərdə sığorta şirkətləri ilə bağlı baş vermiş halların yaranması ehtimalını xeyli azaldır. Tədbirlərimiz davam etdikcə risklər daha da azalacaq.

-Bu tədbirlərə sığorta şirkətlərində kapitalın şaxələndirilməsi də daxildir, yoxsa necə?

-Sığorta sektorunda beynəlxalq təcrübəyə uyğun olaraq maliyyə dayanıqlığının tənzimlənməsi məqsədiylə yeni standartların tətbiqi üzərində işləyirik. Bu, “Solvency 2” standartlarıdır. Bu standartlar risklərə uyğun olaraq sığorta şirkətlərinə kapital buferləri yaratmaq tələbləri irəli sürür. Biz bu mexanizmi formalaşdırdıqdan sonra müəyyən bir yol xəritəsi əsasında da sığorta sektoruna tətbiq etmək niyyətindəyik. Düşünürük ki, bu bizə sığorta bazarının böyüməsi ilə bağlı, həm də onun maliyyə dayanıqlığının daha da gücləndirilməsi imkanlarını yaradacaq.

-Standartların tətbiqi nə vaxta planlaşdırılır?

-Konkret tarix demək çətindir. Qısa müddətdə tətbiq etməyi planlaşdırırıq. Həm sığorta sektorunun beynəlxalq maliyyə və uçot standartlarına keçid, eyni zamanda da “Solves 2” standartlarının tətbiqi istiqamətində çalışırıq. Regionda çox az ölkə bu standartlar üzərində işləyir. Post-sovet ölkələri arasında Azərbaycan bu standartları tətbiq edən ilk ölkə olacaq. Düşünürük, tənzimləmə ilə bu çərçivəni yaratsaq, yaxın 1-2 ildə tətbiq edə bilərik.

-Ziya müəllim, kiçik mühərrikli avtomobillərlə bağlı problem hələ də qalmaqdadır, əslində şirkətlər getdikcə limiti daha böyük mühərrik həcmi olan avtomobillərə də şamil edirlər. Bu avtomobilləri sığortalamaq üçün əlavə ödəniş tələb olunur. Son gündə sığortaya müraciət edən vətəndaş cərimələnməmək üçün məcbur olub həmin tələb olunan ödənişi həyata keçirir. Vətəndaş Mərkəzi Banka da eyni vaxtda müraciət etsə, onun müraciətinə 15-30 gün müddətində baxılır. İstehlakçıların hüquqlarını qorumalı olan AMB vəziyyətdən çıxış yolunu nədə görür?

-Xarici təcrübədə də eyni problemlərin olduğunu görürük. Dediyim ki, bu sahədə 1,4 milyon sığortalı var. Avtomobillərin zərərlilik göstəriciləri də eyni deyil. Təbii ki, sığortaçılar zərərliliyi yüksək olan avtomobillərin sığortasına könülsüz yanaşa bilərlər, amma qanunla icbari sığorta lisenziyası olan sığorta şirkəti avtomobili sığortalamaqdan imtina edə bilməz. Biz bir neçə dəfə media vasitəsilə müraciət etmişik ki, əgər sığortaçı avtomobili icbari qaydada sığortalmaqdan imtina edərsə, bu barədə vətəndaş Mərkəzi Banka müraciət etməlidir və AMB də bununla bağlı tədbirlər görməlidir. Qaynar xəttə bununla bağlı müəyyən qədər müraciətlər olur, amma konkret yazılı müraciətlərə gəldikdə, son aylarda bu 10-dan az olub. Müddətlə bağlı isə onu deyə bilərəm ki, məhz bu məsələ xüsusi nəzarətə götürülüb. Müraciət daxil olduğu gün bir neçə dəqiqə ərzində məsələ ilə bağlı sığorta şirkətinə müraciət edilir, fakt araşdırılır, əksər hallarda həmin gün ərzində də vətəndaşın istədiyi sığortaçı tərəfindən avtomobilinin sığortalanması təmin edilir. Avtomobillərin icbari sığortası üzrə tətbiq edilən yeni qaydalar, xüsusilə də sığorta haqqının yeni qayda ilə hesablanmasının vəziyyəti dəyişəcəyini gözləyirdik. Sığorta haqqını hesablayan zaman risk faktorlarını nəzərə aldığımıza görə artıq hər bir avtomobil markası üzrə və sürücülük kateqoriyası üzrə zərərlilik səviyyələri də dəyişir. Sığortaçılar müəyyən bir müddətdən sonra bu zərərliliyi daha düzgün qiymətləndirmək imkanlarına malik olacaqlar. Bu da əvvəlki praktikanı avtomobillərin markasına və sürücülərin kateqoriyasına görə sığortalamağa münasibəti dəyişməlidir. Bu bizim gözləntimizdir. Amma bu kifayət etməyə də bilər. Xüsusilə də bilirsiniz ki, kiçik mühərrikli avtomobillərin müəyyən bir hissəsi taksi fəaliyyəti üçün geniş istifadə edilir. Xarici təcrübədə də görürük ki, taksi fəaliyyəti göstərən avtomobillər üzrə fərqli qaydada sığorta haqqı hesablanır. Yəni, taksi xidmətinə görə əlavə sığorta haqqı əmsalı müəyyən edilir. Hələlik taksilərin ümumi bir reyestri olmadığı üçün bu təcrübəni tətbiq edə bilmirik. Bu sistemin İcbari Sığorta Bürosuna inteqrasiyası lazımdır ki, sığorta polisi buraxılan zaman avtomobilin taksi fəaliyyəti göstərdiyi müəyyən edilsin və sığorta haqqı da buna uyğun hesablansın. Müvafiq dövlət qurumların taksi fəaliyyətinin tənzimlənməsi ilə bağlı tədbirlər planlaşdırırlar. Bu tədbirlərin nəticəsində dediyimiz praktikanın tətbiqi imkanları mümkün olacaq.

Biz eyni zamanda elektron sığorta şəhadətnaməsinin buraxılması ilə bağlı yeni tələbləri gətirməyi planlaşdırırıq. Vətəndaş sığorta şəhadətnaməsini onlayn qayda almaq istəyərsə, bu, onlayn qaydada təmin edilməlidir. Vətəndaşın oturduğu məkandan onlayn qaydada sığortanı almaq üçün elektron imkanların yaradılması ilə bağlı tələblər müəyyən olunmasını düşünürük. Bu da sığorta şirkətlərinin intizamını müəyyən qədər artırmalıdır. Bütün bu tədbirlərin nəticəsində sizin qeyd etdiyiniz problemləri kökündən həll etmək mümkün olacaq.

– Burada önəmli məsələlərdən biri də müstəqil ekspert institutunun inkişafı ilə bağlıdır. Tətbiq edilən yeni qaydaların müstəqil ekspert institutuna müsbət təsir edəcəyi gözlənilsə də hələlik dəyişiklik hiss olunmur. Sığorta şirkətləri müstəqil ekspertlərin fəaliyyətinə maneə törətməkdə davam edirlər. Mərkəzi Bank bu istiqamətində hansı işləri görməyi planlaşdırır?

-Ödənişin ədalətli həyata keçirilməsi üçün ən vacib məsələ zərərin düzgün və ədalətli qiymətləndirilməsidir. Zərərin qiymətləndirilməsi isə sığorta şirkəti və sığortalı vətəndaşın maraqlarından kənarda olan, yəni üçüncü bir şəxs tərəfindən olmalıdır. Bu da qanunla müstəqil ekspertlərdir. Müstəqil ekspertlərin seçimi ilə bağlı diqtə edən tərəf sığortaçılardır. Bu praktikanın dəyişilməsinə ehtiyac var və qanunvericiliyə dəyişikliklə bağlı təkliflər vermişik. Bu təkliflər qəbul edildikdən sonra müstəqil ekspert institunun inkişafı ilə bağlı müəyyən nəticələr əldə edə biləcəyik.

Əsas məsələlərdən biri odur ki, müstəqil ekspertin peşəkarlıq səviyyəsinə əmin olmalıyıq. Bunun üçün peşəkar tələblər müəyyən ediləcək, ekspertlər Dövlət İmtahan Mərkəzində imtahan verəcək. Onların peşəkarlığının artırılması üçün əlavə təlimlər təşkil ediləcək. Təlimlərlə bağlı Türkiyə Müstəqil Ekspertlər İnstitutu ilə əməkdaşlıq edilə bilər. Qiymətləndiricilərin təcrübələrini artırmaları üçün Türkiyəyə göndərilməsi də nəzərdə tutulub. Bu isə bizə imkan verəcək ki, bizdə olan siyahıda həqiqətən peşəkar qiymətləndirici kontingentini müəyyən edək. Onların peşəkarlığına əmin olduqdan sonra yeni qayda ilə qiymətləndiricilərin seçim proseduru olacaq. Hazırda Mərkəzi Bankda müstəqil eksperlərin reyestri var və tərəflərin razılığı ilə siyahıda olan ekspertlərindən biri seçilir və qiymətləndirməni həyata keçirir. Təklifimiz ondan ibarətdir ki, bizdə olan siyahıdan üç müstəqil ekspert sığortalı tərəfindən müəyyən edilib seçilsin, bunlardan birini isə sığorta şirkəti seçsin. Beləliklə, müstəqil ekspertin seçilməsində hər iki tərəf iştirak edir, hər iki tərəfin seçimi diqtə etmək imkanı yaranmır. Belə bir təcrübə əsasında mexanizmi təklif etmişik. Qanunvericiliyə dəyişiklik olduqdan sonra bu mexanizmi tətbiq edə biləcəyik. Bu da ekspertin seçilməsi məsələsini yaxşılaşdıracaq. Gələn ilin birinci yarısında qanuna dəyişiklərin olacağını gözləyirik.

– Daşınmaz əmlakın icbari sığortasının elektronlaşdırılması ilə bağlı son vəziyyət necədir? Hazırda hansı işlər görülüb və gələn il üçün nələr planlaşdırılır?

– Daşınmaz əmlak sığortası sahəsində potensial çox böyükdür. Digər ölkələrin sığorta bazarlarına baxsaq, əmlak, xüsusilə də danışmaz əmlak sığortasının payı çox böyükdür. Bizdə isə daşınmaz əmlakların sığorta ilə təminat verilən hissəsi çox azdır. Qeydiyyatda olan kommersiya əmlaklarının və mənzillərim sayına nisbətdə sığortalanan əmlak sayı çox aşağıdır. Biz istəyirik ki, daşınmaz əmlak sığortası təminatınnın əhatəsini genişləndirək. Qanuna edilən dəyişikliyə əsasən İcbari Sığorta Bürosu ilə daşınmaz əmlakın qeydiyyatını həyata keçirən qurumun sistemi arasında inteqrasiyanı nəzərdə tutur. Bu inteqrasiya imkan verəcək ki, daşınmaz əmlak sahəsində də sığorta şəhadətnaməsi elektron qayda da buraxılsın. Bu isə nəzarətedici qurumlara sığortalanmayan əmlaklara elektron qaydada müəyyən etməyə imkan verəcək.

Biz eyni zamanda xarici təcrübəyə və daşınmaz əmlak sığortasının tətbiq edildiyi on il müddətində olan təcrübəmiz əsasında daşınmaz əmlak sığortasında təminat verilən risklər, onların düzgün tənzimlənməsi, sığorta haqqlarının hesablanması ilə bağlı yeni yanaşmalar üzərində işləyirik. Bu sahədə də istahatlar üzərində çalışırıq.

– Bəs, çıxarışsız mənzillərin sığorta problemi necə həll ediləcək?

– Qeydiyyatdan kənar qalan mənzillərin dövlət qeydiyyatına alınması prosesi intensivləşib. Statistikaya nəzər salsaq görərik ki, son illər qeydiyyata alınan mənzillərin sayı xeyli artıb. Bildiyimizə görə, bu hətta bir milyon ötüb. Bu tendensiya sığortalanma imkanlarını da artırır, hesab edirik ki, tədricən problemi aradan qaldıracaq.

-Gələn il üzrə sığorta sahəsində bizi hansı yeniliklər gözləyir?

Bu il apardığımız islahatların, xüsusilə də icbari sığorta sahəsində görülən işlərin gələn il müsbət nəticələri olacağını gözləyirik. Bu islahatlar icbari sığortaların genişlənməsi, sığortalanan predmetlərin, əmlakların sayının artması ilə müşayiət oluna bilər. Sığortaçıların maliyyə dayanıqlığının gücləndirilməsi, sığorta şirkətlərinin istehlakçılarla ədalətli rəftarının tənzimlənməsinə nəzarətin güclənməsi, maarifləndirmə, rəqəmsallaşdırma, kadr hazırlığı sahəsində işlərimizi davam etdirəcəyik. Artıq bu il müəyyən nəticələr əldə etmişik. Sığorta bazarı bu il 19% böyüyüb. Ümumi yığımların 1 milyard manata çatacağını gözləyirik. Dinamikanın qarşıdakı illərdə də davam edəcəyini düşünürük.

MənbəApa
Son xəbərlər
Digər xəbərlər