Bildiyimiz kimi, bir neçə gün əvvəl Azərbaycanın İrandakı səfirliyinə silahlı hücum olundu, nəticədə iki vətəndaşımız yaralandı, biri isə həlak oldu. Təbii ki, tarixə nəzər yetirdikdə İran tərəfindən, ümumiyyətlə xarici ölkə səfirliklərinə bu cür hücum aktlarının bir neçə dəfə şahidi olmuşuq. Buna nümunə kimi, 1829-cu ildə Rusiyanın Tehrandakı səfirliyinə, 1979-cu ildə ABŞ-ın İrandakı səfirliyinə, 2011-ci ildə İrandakı Böyük Britaniya səfirliyinə, 2016-cı ildə Tehrandakı Səudiyyə Ərəbistanı səfirliyinə hücumları qeyd etmək olar. Bütün bu deyilənlər isə birmənalı şəkildə İranın Vyana Konvensiyasının müddəalarına məhəl qoymadığının və ölkə ərazisindəki diplomatik nümayəndəlikləri qorumağı bacarmadığının, yaxud qorumaq istəmədiyinin göstəricisidir. Məlumdur ki, artıq uzun müddətdir Azərbaycana qarşı davam edən bu düşmən siyasətin arxasında özlərinin uydurduğu kimi, sadə bir “ailə-məişət” problemi adlandırdıqları cəfəng fikir dayanmır. Bütün bunlarla bağlı daha ətraflı və əsaslı məlumat vermək, hadisələri bir ekspert nəzəri ilə dəyərləndirmək, prosesləri daha dərindən təhlil etmək məqsədilə iqtisadçı alim, akademik, Milli Məclisin deputatı Ziyad Səmədzadəyə müraciət etdik.
– Ziyad müəllim, Azərbaycanın İrandakı səfirliyində baş verən olaylar, təbii ki, hər birimizi çox üzdü. İranın belə addımları bizdə təəssüf doğursa da, açıq deməliyik ki, artıq bizi təəccübləndirmir. Lakin ilk olaraq istərdim münasibətlərin hazırki vəziyyətindən deyil, bir az əvvələ qayıdaraq, Azərbaycan-İran münasibətlərinin qarşılıqlı əməkdaşlıq şəraitində davam etdiyi dönəmlər barəsində məlumat verəsiniz.
– Əlbəttə, baş verənlər, vətəndaşımızın İranda terror aktı nəticəsində həlak olması, ölkəmizə qarşı haqsızlıq – bütün bunlar nəinki biz, ən nüfuzlu beynəlxalq təşkilatlar tərəfindən də təəssüflə qarşılandı və şiddətlə qınandı. Xalqımız ölkə Prezidenti cənab İlham Əliyevin səyləri və qətiyyəti sayəsində təqsirkarların tez bir zamanda layiqli cəzalarını alacaqlarına inanır. Sualınıza gəlincə, düzdür, tarixə nəzər yetirdikdə görürük ki, Azərbaycan və İran arasında diplomatik münasibətlərin formalaşması heç də asan olmamışdır. İran və Azərbaycan islam aləminə mənsub xalqlar olmaqla bərabər, din, mədəniyyət, mənəvi dəyərlər baxımından da yaxın olmuş, ortaq tarixə malik olmaları dövlətlərarası əlaqələrin inkişafına müsbət təsir göstərmişdir.
Şərqdə ilk demokratik respublika olan Azərbaycan Xalq Cümhuriyyəti qurulduğu zaman bir sıra mürəkkəb problemlərə və ciddi maneələrə baxmayaraq, iki ölkə arasında diplomatik münasibətlər formalaşmış, hətta imzalanan dostluq müqaviləsinə əsasən, İran Azərbaycan Xalq Cümhuriyyətini de-yure tanımışdır. Sovet hakimiyyəti illərində də İranla mədəni və elmi-ədəbi əlaqələrdə Azərbaycanın özünəməxsus yeri olmuşdur. Təbii ki, bu əlaqələr sovet sisteminin sərt qaydaları ilə müəyyən olunurdu. Azərbaycanın dövlət müstəqilliyini bərpa etməsindən sonra da iki dövlət arasında diplomatik münasibətlər inkişaf etmiş, 25 dekabr 1991-ci ildə İran İslam Respublikası Azərbaycanın müstəqilliyini tanımışdır. Təbii ki, ötən illər ərzində iki ölkə arasında münasibətlər heç də həmişə hamar səciyyə daşımasa da, müştərək tarixi-mədəni irsə, ümumi mənafelərə əsaslanmaqla əlaqələr mehriban qonşuluq və qarşılıqlı faydalı əməkdaşlıq çərçivəsində davam etmişdir.
– Ziyad müəllim, necə düşünürsünüz, özünüz də qeyd edirsiniz ki, münasibətlər heç də hər zaman hamar olmamışdır, amma indiki vəziyyətə də gəlib çatmamışdı. Sizcə də, bu vəziyyətləri hər zaman hamarlayan tərəf biz deyilmiydik? Bizim bu qədər mehriban, həlim davranmağımızın səbəbi haqsız yerə bölünərək, ayrı düşdüyümüz soydaşlarımızın həsrəti, torpaqlarımızın nisgilidir bəlkə?
– Bəli, tarixdə bəlkə də ən ədalətsiz müqavilələr məhz xalqımızı, torpağımızı parçalayan, həm də bunun haqsız şəkildə həyata keçirilməklə rəsmiləşdirildiyi Türkmənçay və Gülüstan müqavilələridir. Azərbaycanımız 19-cu əsrin əvvəllərində ikiyə bölünməyə, parçalanmağa, ayrılıq əzabını, həsrətini yaşamağa məhkum edildi. Çox doğru qeyd edirsiniz ki, ötən iki əsrdə cənublu soydaşlarımızın taleyi və aqibəti unudulmadı, hər zaman diqqət mərkəzində oldu.
Zorla ikiyə – Cənubi və Şimali Azərbaycana bölünsək də, xalqımız bu tarixi ədalətsizliyə və haqsızlığa heç bir zaman biganəlik göstərməmişdir.
Ondandır ki, cənub mövzusu, qardaş və bacılarımızın illərlə bir-birlərindən ayrı qalması daim ədəbiyyatımızda, mədəniyyətimizdə, incəsənətimizdə yaşadılıb və bu gün də yaşadılmaqdadır. İstər Cənubi Azərbaycandan olan mütəfəkkirlərimiz, ədiblərimiz, yazıçı və şairlərimiz – Mirzə İbrahimov, Mir Cəlal Paşayev, Mədinə Gülgün, Balaş Azəroğlu, Söhrab Tahir, istərsə də Azərbaycanımızın şimalında yaşayıb-yaradan söz, sənət ustadlarımız tərəfindən Güney Azərbaycan mövzusu daim qələmə alınıb, tarixə çevrilib, unudulmayıb. Cənublu böyük söz ustadımız Məhəmmədhüseyn Şəhriyarın “Azərbaycan” şeirini bilməyən yəqin ki, çətin tapılar. Şairin yana-yana, için-için yazdığı sətirləri xatırladıqda belə insanın qəlbi sızlayır: (şeiri deməyə başlayır).
Könlüm quşu qanad çalmaz sənsiz bir an, Azərbaycan.
Xoş günlərin getmir müdam xəyalımdan, Azərbaycan.
Səndən uzaq düşsəm də, mən eşqin ilə yaşayıram,
Yaralanmış qəlbim kimi qəlbi viran Azərbaycan.
Bütün dünya bilir – sənin qüdrətinlə, dövlətinlə
Abad olub, azad olub mülki-İran, Azərbaycan.
Vətən eşqi məktəbində can verməyi öyrənmişik,
Ustadımız deyib “heçdir vətənsiz can”, Azərbaycan.
Övladların nə vaxtadək tərki-vətən olacaqdır?
Əl-ələ ver, üsyan elə, oyan, oyan, Azərbaycan!
Bəsdir fəraq odlarından kül ələndi başımıza,
Dur ayağa! Ya azad ol, ya tamam yan, Azərbaycan!
Şəhriyarın ürəyi də səninki tək yaralıdır,
Azadlıqdır mənə məlhəm, sənə dərman, Azərbaycan! (kövrəlir)
Təsəvvür edin, bu misralar sadəcə bir şeir deyil, Arazı iki qardaş arasında çəkilən pərdəyə bənzədən, böyük düha sahibi Şəhriyarın, bir növ qəlbinin nisgilidir, ikiyə parçalanmış vətənin həsrəti, haqsızlığa qarşı üsyanıdır. Yaxud, qəlbləri riqqətə gətirən “Ayrılıq” mahnısı – iki yerə parçalanmış xalqın illərdir birgə himninə, ürək ağrısına, dünyanın ədalətsizliyinə qarşı üsyana çevrilib.
Məmməd Səid Ordubadinin “Dumanlı Təbriz”, Mirzə İbrahimovun “Gələcək gün”, Süleyman Rüstəmin dillərə dastan olan “Təbrizim” şeiri – bunlar hamısı sənət əsərləri, bu mövzuda qələmə alınan ən möhtəşəm əsərlərdəndir. “Təbrizim” şeirindəki tək bir bənd belə o nisgili ifadə etməyə yetir:
Bülbül zar-zar ağlar çəməndən ayrı,
İnsan deyib gülməz vətəndən ayrı,
Can necə yaşasın bədəndən ayrı?
Aç öz ürəyini danış, Təbrizim.
Olum dərdlərinə tanış, Təbrizim!
Bunların hər birində bizim uşaqlığımız, yeniyetməliyimiz, gəncliyimiz var, biz bu əsərlərlə tərbiyələnmişik, onları oxumaqla daim cənub mövzusunu yaddaşlarımıza əbədi həkk etmişik. Bu gün də Cənubi Azərbaycan mövzusu əbədiyyatımızda, mədəniyyətimizdə, incəsənətimizdə aktuallığını qoruyub saxlamaqdadır.
– Bilirik ki, torpaqlarımızın haqsız və ədalətsiz bölgüsünə qarşı xalqımız yalnız qələmini qılınca çevirməklə mübarizə aparmayıb, həm də sözün həqiqi mənasında qılıncını siyirərək ciddi mübarizələr aparıb.
– Təbii ki, bunlar hamısı tarixdir və tarixi unutmaq olmaz. Səttar xan, Şeyx Məhəmməd Xiyabani, Seyid Cəfər Pişəvəri… Qeyd etdiyim bu tarixi şəxsiyyətlər torpaqlarımızın ilhaqına, ikiyə parçalanmasına öz etiraz səslərini ucaldıb, illərlə mübarizə aparıb və bu yolda canlarını fəda ediblər. Seyid Cəfər Pişəvəri 1945-ci ildə Azərbaycan Demokrat Firqəsini (ADF) yaradaraq, həmin ilin oktyabr ayında keçirilən I qurultayda Mərkəzi Komitənin sədri, dekabr ayının 12-də isə Azərbaycan Milli Hökumətinin Baş naziri təyin edildi. Məhz həmin hökumət İranın daxilində Azərbaycanın milli muxtariyyət hüququnu bərpa edərək, azərbaycanlıların öz ana dilində danışmaları, yazıb-oxumaları üçün şərait yaratdı. Məktəblərdə ana dilində dərslərin keçirilməsini təmin etdi. Savadsızlığın kökünü kəsmək üçün qəti addımlar atıldı. Fəhlələr üçün iş qanunu, qadınlar üçün kişilərlə bərabər hüquqlar, bütün ölkədə əhəmiyyəti olan torpaq islahatı həyata keçirildi. Güney Azərbaycanda görülən demokratik tədbirlər hətta düşmənlər tərəfindən belə etiraf edilirdi. Azərbaycanda bu demokratik islahatlar nəinki İran irticasını, həm də İranda müstəmləkəçilik siyasəti yürütmək arzusunda olan Böyük Britaniyanı narahat etdiyindən onlar birləşərək, Azərbaycan Milli Hökumətinin varlığına son qoydular. Bununla da cənublu qardaşlarımızın milli-azadlıq hərəkatını yenidən amansızcasına qan içində yatırdılar. 1947-ci ildə isə Pişəvəri Gəncə şəhərindən qayıdarkən Yevlax yaxınlığında müəmmalı şəkildə maşın qəzasına düşdü və həlak oldu.
Amma bu qanlı hadisələr də ikiyə bölünmüş xalqın, şimallı və cənublu soydaşlarımızın ruhunu, əzmini qıra bilmədi. 1989-cu ilin sonlarında istər Azərbaycanın şimalından, istərsə də cənubdan olan insanlarımız gözdağına çevrilmiş Araz çayının ətrafına toplaşaraq, 31 dekabrda bir xalqı ikiyə bölmüş qanlı məftilləri qırdı və ruhən, mənən bir-birinə qovuşdu.
– Ziyad müəllim, o da məlumdur ki, Azərbaycan müstəqillik qazandıqdan sonra – 1991-ci ilin dekabrında Azərbaycan Respublikası Ali Sovetinin nümayəndə heyətinin rəhbəri kimi ilk dəfə İran İslam Respublikasına rəsmi səfər edən şəxslərdən biri də siz idiniz. Bu səfər barədə daha ətraflı məlumat verərdiniz.
– Bəli, biz o zaman İrana səfər etmişdik və çox maraqlı, yaddaqalan bir səfər olmuşdu. Hətta imkan tapıb Təbrizdə, Ərdəbilə də getmişdik, Şəhriyarın məzarını ziyarət etmişdik, məzarı önündə məşhur “Azərbaycan” şeirini də söyləmişdim. Çox duyğulu, təsirli anlar idi. Səfərimiz başa çatdıqdan bir müddət sonra isə – 1991-ci ilin dekabr ayının 25-də isə İran rəsmi olaraq Azərbaycanın müstəqilliyini tanımışdı. O vaxtdan da rəsmi əməkdaşlıq, tərəfdaşlıq münasibətlərimiz yarandı. Lakin qeyd etməliyəm ki, həmin səfər zamanı görüşdüyümüz rəsmi şəxslər Azərbaycanın müstəqilliyini elan etməsinə açıq şəkildə münasibət bildirməsələr də, buna çox da sevinmədiklərini hiss etmək mümkün idi.
– Bu münasibətlərin pisləşməsinə, hətta səfirliyimizə hücum edib, soydaşımızı öldürmə həddinə gələcək qədər korlanmasına səbəblərdən danışaq. Təbii ki, biz İranın xəyanətini 44 günlük müharibə dövründə də, daha əvvəl də görmüşdük. Lakin normal əməkdaşlıqda ipləri bu həddə qoparacaq olan nəydi?
– Yuxarıda da bəhs etdiyimiz kimi, Azərbaycan 32 illik müstəqilliyi dövründə hər zaman İranla səmimi qonşuluq və dostluq münasibətlərinə önəm verib və bu münasibətlərin pozulmasına yönələn addımlardan çəkinib. Eyni zamanda, qarşı tərəfdən, qonşu dövlətdən də bu cür münasibəti gözləyib. Ancaq bir sıra hallarda bunun tam əksini görüb.
İranın Azərbaycana qarşı münasibətinin dəyişməsində, hazırki səviyyəyə gəlib çıxmasında ən vacib amil onun daim ölkəmizə qarşı işğalçılıq siyasəti yeridən, qanunlara, beynəlxalq konvensiyalara məhəl qoymayaraq sərvətlərimizi talayan, xalqımıza amansız işgəncələr verən, soyqırımılar törədən Ermənistana daha çox meyillənməsi, ona daim açıq və gizli dəstəyini nümayiş etdirməsi, Şuşanın və digər yurd yerlərimizin işğalından sonra Dağlıq Qarabağ və ona bitişik ərazilərdə tarixi, dini abidələrimizin, İslam abidələrinin, məscidlərin, qəbiristanlıqların, ziyarətgahların ermənilər tərəfindən dağıdılmasına, mundarlanmasına, vandalizm aktlarına susqunluq nümayiş etdirməsi, Ermənistanın Azərbaycana qarşı mənəvi, maddi, siyasi ekspansiyasına göz yummasıdır. Heç təsadüfi deyil ki, Ermənistanın ilk prezidenti olmuş Levon Ter-Petrosyan sonradan öz xatirələrində qeyd edirdi ki, əgər İrandan yardım və dəstək olmasaydı, 1992-ci ildə Ermənistan blokadada məhv olacaqdı…
Azərbaycan ən çətin, ən sıxıntılı məqamlarda belə hər zaman İrana öz dəstək və yardımını nümayiş etdirsə də, xüsusilə İrana qarşı sərt sanksiyalar tətbiq edildiyi zamanda onun yanında olsa da, İran öz xəyanətkar əməllərindən əl çəkmədi və anti-azərbaycançılıq nümayiş etdirdi. Dövlətimiz İranla ikitərəfli və Rusiya ilə birlikdə üçtərəfli əməkdaşlıq əlaqələrinin gücləndirilməsinə önəm verdi. Azərbaycan, Rusiya və İran prezidentlərinin “Üçlər” formatında bir araya gəlməsi və Zirvə toplantılarının keçirilməsi məhz Azərbaycanın səmimi və konstruktiv əməkdaşlıq niyyətlərinin əyani təcəssümüdür.
* * * * *
– 44 günlük müharibə dövründə də İran rəhbərliyi anti-Azərbaycan əməllərinə davam etdi.
– Bəli. Çox təəssüflər olsun ki, 44 günlük müharibə dönəmində də bəzi qonşu dövlətlərdən, xüsusilə də, uzun yüzilliklərə, əsrlərə dayanan münasibətlərimiz,ortaq tarixi keçmişimiz olan dövlətlərdən eyni münasibəti görmədik. Heç bir dövlətin, xüsusilə də, qonşularımızın daxili məsələlərinə qarışmasaq da, bunun qarşılığında bir çox hallarda bizim daxili işlərimizə yerli-yersiz müdaxilə cəhdlərini gördük. Xüsusilə də, 35 milyondan artıq soydaşımızın, Güney Azərbaycan türklərinin yaşadığı Cənub qonşumuz tərəfindən.
Bununla belə, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yenə də böyük təmkin, səbir nümayiş etdirərək, qonşu İran dövləti ilə münasibətlərin korlanmasına rəvac verə biləcək addımlardan çəkindi və bunu hər addımında, hər davranışında da açıq-aşkar nümayiş etdirdi.
Əfsuslar olsun ki, bütün bunların qarşılığında qarşı tərəfdən mütəmadi olaraq, yanlış davranışların, ələlxüsus, keçmişdə qalmış Ermənistan-Azərbaycan münaqişəsinin nizamlanmasında ədalətsiz mövqe nümayiş etdirilməsinin şahidi olduq. Heç kim üçün sirr deyil ki, İran İslam Respublikasına məxsus yük avtomobillərinin erməni faşizmi üzərində qələbədən sonra 2021-ci ilin oktyabr ayına kimi Qarabağa qanunsuz səfər etməsi və bununla bağlı İran tərəfinin heç bir əməli addım atmaması, məsuliyyətsizlik nümayiş etdirməsi iki ölkə arasında münasibətlərin yenidən gərginləşməsinə gətirib çıxardı. Ümumiyyətlə, bu arzuolunmaz və xoşagəlməz hal həm Qarabağın işğalı dövründə, həm də işğaldan sonrakı dövrdə müşahidə olunurdu ki, buna da Azərbaycanın səssiz qalması mümkün deyildi. Odur ki, İran İslam Respublikasının ölkəmizdəki səfiri Xarici İşlər Nazirliyinə dəvət olundu, görüşdə səfirin diqqəti bu ölkəyə məxsus yük avtomobillərinin Qarabağa qanunsuz səfər etməsi ilə bağlı aşkar edilmiş arzuolunmaz faktlara cəlb edildi. Həmçinin, bununla bağlı qarşı tərəfə nota təqdim edildi. Ancaq qarşı tərəfdən, qeyd etdiyimiz kimi, heç bir əməli addım atılmadı, əksinə, Azərbaycana qarşı hədələyici tonla danışıq üslubuna üstünlük verildi və təbii ki, anında da tərəfimizdən qarşılıq verildi.
– Azərbaycan sülhsevər bir dövlətdir və hər zaman çalışır ki, problemi sülh yolu ilə nizama salsın. Lakin qarşı tərəfdən eyni münasibəti görmədikdə, qanunsuzluğun, beynəlxalq konvensiyaların kobud şəkildə pozulmasının şahidi olduqda, təbii ki, təmkin və səbiri kənara qoyaraq, lazımi addımlar atmağa məcburdur.
– Sizinlə tamamilə razıyam. Biz bunun ən gözəl nümunəsini cənab Prezident İlham Əliyevin rəhbərliyi altında bəlkə də ən çox səbir göstərdiyimiz II Qarabağ müharibəsi zamanı gördük. Qalib, ədalətli, həmişə sülhün, haqqın keşiyində duran dövlət təbiidir ki, haqsızlıq qarşısında uzun müddət təmkinli davrana bilməz. Cənab Prezidenti İlham Əliyev də bu məsələ ilə bağlı çıxışlarının birində İran tırlarının qanunsuz olaraq Qarabağ bölgəsinə getməsi məsələsindən danışmış, bunun ilk dəfə baş vermədyini vurğulamış, işğal dövründə də, ondan sonrakı dövrdə də dəfələrlə bu hadisənin təkrarlandığını bildirmişdir. Hətta bununla bağlı İran tərəfinə narazılığın ifadə edildiyini, ancaq prosesin davam etdiyini demişdir. Prezident bildirmişdir ki, hətta onlar İran tırlarının üzərinə erməni nömrələrini yapışdırdılar, saxtakarlığa yol verdilər. Lakin biz məsuliyyətli, dostluq əlaqələrinə əsaslanan addımlar atdıq. Birinci dəfə şifahi xəbərdarlıq, ikinci dəfə rəsmi nota, üçüncü dəfə postlar – gömrük, sərhəd, polis… “Beləliklə, biz Azərbaycan ərazisindən keçən yola artıq nəzarət etməyə başladıq və ondan sonra Qarabağa gedən tırların sayı sıfıra endi. İndi baxın, buna gətirib çıxarmaq lazım idimi?, – deyə prezident bildirmişdir.
– İranın ölkəmizə qarşı xəyanətkar davranışı yalnız bunlarla məhdudlaşmır. Məlumdur ki, Azərbaycanın işğal altında olan regionlarında məscidlərə qarşı hörmətsizlik edilmiş, dağıdılmış, yalnız bir məscid saxlanılmış, İrandan olan qondarma mütəxəssislərin köməyi ilə isə onu fars məscidi kimi təqdim etməyə cəhd göstərilmişdir.
– Bəli. Hətta, evlər və ictimai binalar kərpic-kərpic, daş-daş sökülüb, Ermənistana və İrana satılmış, 60 min hektara yaxın meşə qırılıb, doğranıb, Ermənistana və İrana satılmışdır. İrandan Azərbaycanın Cəbrayıl rayonundan keçməklə Ermənistana və daha sonra Avropaya narkotrafik marşrutu vardı. Azərbaycan-İran sərhədinin digər sahələrində bizim tutub saxladığımız heroinin həcmi əvvəlki illərin müvafiq dövrü ilə müqayisədə iki dəfə artıb. Bu, o deməkdir ki, təqribən 30 il müddətində Ermənistan İranla əlbir olaraq Azərbaycanın o vaxt işğal altındakı ərazilərindən Avropaya narkotrafik üçün istifadə edib. Lakin biz artıq sözümüzü demişik və qarşı tərəf hansı seçimi edəcəksə, o cür də qarşılığını alacaqdır.
– Ziyad müəllim, hətta İran bizim sərhədimizin yaxınlığında hərbi təlimlər də keçirdi.
– Azərbaycanın 30 illik müstəqillik dönəmində belə hadisəyə təsadüf olunmamışdır. Təbii ki, hər bir ölkə öz ərazisində istənilən hərbi təlimi keçmək hüququna malikdir. Lakin sual yaranır. Heç bir zaman olmadığı halda, niyə məhz belə bir zamanda? Bizim sərhədimizdə keçirilməsində məqsəd nədir? Belə vəziyyətlərdə də Azərbaycan hər zaman məsələyə təmkinlə yanaşmışdır. Təəssüf doğuran məsələ isə odur ki, qarşı tərəf öz xətalarını, yanlışlıqlarını düzəltmək əvəzinə, yenə də münasibətlərin pisləşməsinə rəvac verəcək addımlar sərgiləməkdə davam edir. İranlı generalın ardınca Xarici İşlər naziri Abdullahian və ali dini rəhbər Xamenei Azərbaycanı hədələmiş və Azərbaycanla sərhəddə keçirilən təlimin hədəfinin Bakı olduğunu rəsmən elan etmişdilər.
– Əlbəttə, İranın bu cür davranışları yalnız bumeranq effekti verəcək və özünə mənfi təsir edəcək.
– Tehran İran avtomobillərinin Laçın dəhlizi ilə Ermənistanın Qarabağ anklavına qanunsuz daxil olması ilə bağlı Azərbaycandan ilk notanı avqustun 11-də, yəni İrandakı prezident seçkilərindən bir həftə sonra alıb. Heç şübhəsiz ki, bu nota İran-Azərbaycan-Rusiya əlaqələrinə əhəmiyyətli dərəcədə zərbə vura bilər. Bunu Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizi, Astaranın dəniz limanı terminalları yaxınlığında Müştərək Sənaye Parkının layihəsi, Rəşt-Astara layihəsi və s. kimi layihələrlə əlaqədar olaraq qeyd etmək mümkündür. Hazırda İran şirkətləri Azərbaycanda fəaliyyət göstərməkdə, gəlir əldə etməkdədir. Odur ki, Cənub qonşumuzun bu tellərin qırılmasına yox, daha da möhkəmlənməsinə yönələn addımlara üstünlük verməsi məqsədəuyğundur. Bundan əlavə, İranın Ermənistanın haqsız çağırışlarını dəstəkləməsi bir çox istiqamətlərdə əməkdaşlığın dayandırılmasını da şərtləndirə bilər.
Azərbaycan gündən-günə inkişaf edən, beynəlxalq aləmə ciddi şəkildə inteqrasiya olunan, dünya dövlətləri tərəfindən tanınan, nüfuzlu bir ölkədir. Həmçinin, qeyd etmək lazımdır ki, məlum qadağalardan, sanksiyalardan sonra İran iqtisadiyyatı son illər sürətli şəkildə çöküş mərhələsi yaşamaqdadır. İranın bu vəziyyətdən çıxması üçün Zəngəzur dəhlizi layihəsinə dəstək verməsi təkcə Azərbaycan üçün deyil, böyük bir region üçün olduqca tarixi əhəmiyyət kəsb edən bu layihənin iştirakçılarından biri olması, ilk növbədə, qonşu ölkənin özünə lazımdır. Belə bir layihənin iştirakçısı olmağa İran hamıdan qabaq maraqlı olmalı, hamıdan qabaq dəstək verməlidir.
– Son olaraq Azərbaycan-İran münasibətlərinin gələcəyi ilə bağlı fikirlərinizi bilmək istərdik. Nələr gözlənilir?
– Yanvarın 27-də baş verən hadisə, səfirliyimizə açıq-aşkar hücum düşünürəm ki, İranın xəyanətkar siyasətinin günümüz üçün əsas kuliminasiya mərhələsi oldu. Fikrimcə, bu, Azərbaycan və İran dövlətləri arasındakı son 32 illik münasibətlərə İran tərəfindən atılan qara ləkədir. Biz öz yolumuzla irəliləyirik. Dünya artıq Azərbaycanı sözün yaxşı mənasında tanıyır, uğurlarını görür. Azərbaycan prezidentinin xüsusilə ölkə ilə əlaqədar məsələlərdə qətiyyətli mövqeyi artıq hər kəsə məlumdur. Bunun nəticəsidir ki, səfirlikdə baş verən məlum hadisədən sonra İran Prezidenti İbrahim Rəisi Prezident İlham Əliyevə zəng edərək, baş verən hadisə ilə bağlı öz başsağlığını ifadə edib və yaralananların tezliklə şəfa tapmasını arzulayıb. Azərbaycanın Tehrandakı səfirliyinə qarşı törədilmiş “terror aktını şiddətlə qınadığını” deyən Prezident İlham Əliyev isə terror aktının hərtərəfli araşdırılacağına və cinayətkarların layiqli cəzalarını alacaqlarına ümidvar olduğunu qeyd edib.
Qeyd edim ki, Azərbaycan Respublikasına bütün mənalarda ən yaxın dövlət İrandır. Odur ki, iki qonşu dövlət arasında əlaqələrin inkişafı, əməkdaşlığı regionun da rifahına və təhlükəsizliyinə təkan verə bilər. İran əhalisinin böyük bir hissəsinin azərbaycanlı olması isə münasibətlərə xüsusi diqqət ayrılmasını tələb edir. Bu amil Azərbaycanla İranı bir-birinə daha yaxın edən amillərdəndir.
Ümumiyyətlə, Azərbaycan-İran münasibətlərinin gərginləşməsində Ermənistan müstəsna rol oynayır. Məsələn, Ermənistanın Baş naziri Nikol Paşinyanın Tehranda ermənilərin “Ararat” idman salonunda “Qarabağ Ermənistandır!” şüarı yazılmış plakatının qaldırılması kimi hadisələri yada salmaq xoş olmasa da, unudulmayıb. Düzdür, bu arzu bizi istəməyənlərin ürəyində elə arzu olaraq da qaldı. Dünyanın bütün aparıcı qüvvələri Qarabağı məhz Azərbaycan torpağı kimi də tanıyır. Yaxud İran sürücülərinin Qafan-Gorus avtomobil yolundan qanunsuz olaraq istifadə etməsinin əsl suçlusu da Ermənistandır. Çünki həmin sürücülərin ölkəyə daxil olacağı yolu Ermənistan tərəfi müəyyənləşdirir.
Qeyd etməliyəm ki, Azərbaycan cəmiyyətində bu gün artıq Cənubi Azərbaycandakı soydaşlarımıza qarşı insanlığa sığmayan münasibət göstərilməsinə qarşı ümumxalq birliyi var. Çox xoş haldır ki, artıq İran dövlətinin bu haqsız siyasətinə qarşı səsini ucaldanlar, həmrəylik nümayiş etdirənlərin sayı milyonlarladır. Bu azadlıq uğrunda mübarizə bundan sonra daha da güclənəcəkdir və biz hər zaman öz qardaş-bacılarımızın yanında olmalıyıq. Mən bir ziyalı kimi, onu demək istəyirəm ki, biz Cənubi Azərbaycanın dünəni, bu günü, iqtisadi, sosial inkişaf tarixi ilə daha sıx maraqlanmalı, onların üzləşdiyi problemləri daha dərindən araşdırmalı, bu istiqamətdə lazımi addımlar atmalıyıq, bütün vacib amilləri təhlil etməliyik. Hesab edirəm ki, oradakı soydaşlarımızın həyat və məişət problemləri, hüquqları barədə danışmalı, bu barədə informasiyalarımızı primitiv faktlarla məhdudlaşdırmamalıyıq. Bir ziyalı olaraq gələcəyə böyük ümidlərlə baxıram və əminəm ki, vaxt gələcək Şəhriyarın, Süleyman Rüstəmin ayrılıqla bağlı nisgilləri, həsrət dolu fikirləri öz yerini vüsala verəcək və dünya azərbaycanlılarının birliyi, həmrəyliyi daha güclü olacaq. Azərbaycan özünün iqtisadi qüdrətini, beynəlxalq nüfuzunu daha da artıracaq.