Videozəng xidmətinin yaradıcısı “Zoom” 1300 işçini – ştatın təxminən 15%-ni ixtisar edəcək, bu barədə şirkətin təsisçisi və baş direktoru Erik Yuan məlumat yayıb. O, bu qərarı “qlobal iqtisadiyyatdakı qeyri-müəyyənlik” ilə əlaqələndirib.
“Covid-19 pandemiyası zamanı biz xidmətin sürətlə artan auditoriyasını dəstəkləmək və dəyişən ehtiyaclarına cavab vermək üçün fəal şəkildə yeni işçiləri işə götürməyə məcbur olduq. Bunun nəticəsində son iki ildə “Zoom”un işçi sayı üç dəfə artıb. Məhsulun daha yaxşı olması üçün yorulmadan çalışdıq, lakin səhvlərdən qaça bilmədik. Mən bugünkü qərara cavabdehəm”, – deyə Yuan söyləyib.
İşdən çıxarılacaq işçiləri seçərkən, şirkət biznesin uzunmüddətli inkişafı üçün hansı vəzifələrin ən vacib olduğunu nəzərə alacaq.
“Zoom” xidməti 2019-cu ilin noyabrında yaradılıb. O dövrdə şirkətin səhmlərinin biri 61.6 dollar, bazar dəyəri isə 16.2 milyard dollar olub. Lakin 2020-ci ildə pandemiya fonunda kəskin artım baş verib və “Zoom”un bazar dəyəri 50 milyard dollara yüksəlib, səhmləri isə 689% bahalaşıb.
Banker.az bu barədə “Vc.ru”ya istinadən xəbər verir.
“Zoom” – maliyyə çətinlikləri ilə üzləşib xərcləri idarə etmək uğrunda mübarizə aparan bir çox İT şirkətlərindən biridir. Daha əvvəl “Meta” – 11 min, “Microsoft” – 10 min, “Amazon” – 18 min, “PayPal” – 2 min, “Salesforce” isə 7 min işçini ixtisar edəcəyini açıqlayıb.