12 C
Baku
Wednesday, December 11, 2024

Zorakılıq və istismar tarixi – Necə oldu ki, pambıq qlobal iqtisadiyyatın “ağ qızıl”ına çevrildi?

Pambıq müasir kapitalizmin əsaslarına dərindən təsir edərək, sənaye inqilabının nailiyyətlərinin və uğursuzluqlarının simvoluna çevrildi. Onun hasilatı və emalı qul əməyinə əsaslanırdı, qitələr arasında pambıq ixracı isə tədarükçülər və tacirlər üçün firavanlığa zəmanət verirdi. Bəs necə oldu ki, pambıq qlobal iqtisadiyyat üçün bu qədər vacib olmağa və bütün dövlətlərin rifahına təsir göstərməyə başladı?

“Qoyun yunundan gözəl və keyfiyyətcə üstün olan yun”

İngilis dilindəki “cotton” sözü ərəb mənşəli olsa da, bu materialdan istifadənin ən qədim sübutu müasir Peru ərazisində tapılmışdı. Tədqiqatçıların qiymətləndirmələrinə görə, Latın Amerikasında aşkar edilmiş lif izləri təxminən eramızdan əvvəl altı mininci illərə aiddir. Eramızdan əvvəl dörd min ilə qədər indiki Meksika ərazisində pambıq becərilməyə başlamışdı.

Eramızdan əvvəl beşinci əsrdə qədim yunan tarixçisi Herodot pambıq bitkisini “meyvə əvəzinə yun verən qəribə bitki”, pambığın özünü isə “qoyun yunundan gözəl və keyfiyyətcə üstün olan yun” kimi təsvir edirdi. Qərb dünyasının pambıqdan xəbərdar olmasına baxmayaraq, beynəlxalq pambıq ticarəti yalnız eramızdan əvvəl 327-ci ildə, Makedoniyalı İsgəndər Hindistanı fəth etməyə başlayanda inkişaf etməyə başladı. Yürüşün özü uğursuz olsa da, Makedoniya döyüşçüləri Hindistanda olduqları müddətdə Herodotun təriflədiyi pambığın keyfiyyətini qiymətləndirdi: qeyri-adi lif onların öyrəşdiyi yundan nəzərəçarpacaq dərəcədə üstün idi.

O vaxtdan bəri pambıq idxalı Avropada sürətlə populyarlaşmağa başladı. Maraqlıdır ki, eramızın əvvəllərində təbii parça alıcılarının onun emal üsulları haqqında zərrə qədər təsəvvürü yox idi. Pambığın özü Qədim Yunanıstan və Romanı Hindistandan ayıran məsafə səbəbindən baha idi. Yalnız yuxarı təbəqələrin nümayəndələri pambıq ala bilərdi. Bununla belə, zaman keçdikcə tacirlər və səyahətçilər ekzotik materialın necə hasil və emal edildiyi haqqında getdikcə daha çox öyrəndilər. XII əsrdə əvvəlcə Şimali İtaliyada, sonra isə digər Avropa ölkələrində pambıq emalı müəssisələri yaranmağa başladı.

“Pambıq kapitalizmi”nin yaranması

Pambığın daha əlçatan olmasına 16-cı əsrdə əyirmə cihazını təqdim edən hind istehsalçıları təsir etdi. Növbəti əsrdə Avropada (xüsusilə Britaniyada) pambıq parçalara tələbat artmışdı. Pambığın zəngin britaniyalılar arasında populyarlığı, cəmiyyət gigiyena və üslub məsələləri ilə daha çox maraqlanmağa başladığı 1700-cü illərdə də artmağa davam etmişdi. Böyük Moğol İmpersiyasından ixrac edilən parça o dövrün ruhuna mükəmməl uyğun gəlirdi: asanlıqla yuyulurdu və rəngli naxışlarla işlənirdi.

Pambıqçılıq tarixində növbəti dönüş nöqtəsi İngiltərənin müstəmləkə ekspansiyası oldu. 18-ci əsrin ortalarında Hindistanı özünə tabe etdirən Britaniya burada pambıq istehsalının azalmasına nail oldu. Vəziyyət o yerə çatdı ki, hind sənayeçiləri Hindistanın özündə hasil edilən pambıqdan hazırlanmış parçaları avropalılardan alırdılar. Müstəmləkəçilik və sənaye inqilabı sayəsində 18-ci əsrin sonunda İngiltərə dünyanın ən böyük pambıq parça istehsalçısı oldu.

photo1720605886

Tarixçi Dominik Qrin yazır: “1780-ci illərdən sonra Şərqi Hindistan idxalı artırdı, Britaniya ixtiraçıları isə yeni nəsil əyirmə maşınlarını yaratdı, nəticədə qiymətlər daha da aşağı düşdü. Bütün bu qarşılıqlı əlaqələr pambıq ticarətini Cənubi Asiyadan kənara çıxardı, İngiltərənin Mançesterini “Pambıq şəhəri”nə çevirdi və “pambıq kapitalizmi”nin yaranmasına əbəb oldu.

“Pambıq kralı”nın yüksəlişi

1780-ci illərin pambıq bumundan əvvəl Şimali Amerika qlobal iqtisadi proseslərin perspektivli, lakin marjinal iştirakçısı idi. Müstəqillikdən dərhal sonra ABŞ-nin cənubunda bu dövrdə ticarət edilən əsas mallar düyü, tütün və indiqo boyası idi. Lakin tezliklə bu məhsullar regionun iqtisadi sabitliyini təmin etmək üçün kifayət etməməyə başladı. Onda yerli torpaq sahibləri diqqətlərini pambığa yönəltdilər.

Tarixçi Ceyms Soltou qeyd edir ki, bir çox cənublular artıq şəxsi istifadə üçün pambıq becərirdilər və bu bitkinin əkini, yığımı və emal üsulları ilə tanış idilər. 1789-cu ildə ABŞ Massaçusetsdə su ilə işləyən maşınlarla təchiz olunmuş ilk pambıq əyirmə fabriki açan britaniyalı mühəndis Samuel Slater sayəsində ucuz pambıq məhsullarının kütləvi istehsalına başladı.

1793-cü ildə ixtiraçı və sənayeçi Eli Uitni pambıqtəmizləmə maşını adlanan bir cihaz yaratdı. Uitninin ixtirası Amerika istehsalçıları tərəfindən geniş şəkildə tətbiq olunmağa başlayandan qısa müddət sonra, pambıq Cənubi ştatlarda ticarət əmtəəsi kimi tütünü üstələdi.

ABŞ-nin aparıcı “pambıq gücü” kimi formalaşmasına 1791-ci ildə Fransanın Sen-Dominq müstəmləkəsində baş verən Haiti inqilabı təsir etdi. İğtişaşlar 19-cu əsrin əvvəllərinə qədər davam etdi və əvvəlcə köləliyin ləğvinə, sonra isə müstəqil Haitinin formalaşmasına gətirib çıxardı. Üsyan pambıq ixracının kəskin azalmasına səbəb oldu və ingilis istehsalçılarını təcili olaraq yeni pambıq mənbəyi axtarmağa sövq etdi. Nəticədə, bazardakı boşluğu ABŞ tutdu.

1800-cü ilə qədər Liverpulda əkilən pambığın 25%-dən çoxu Amerikanın cənubundan gəlirdi, 19-cu əsrin ortalarında isə İngiltərəyə gətirilən pambığın 70%-dən çoxu ABŞ-də yetişdirilib emal edilirdi. ABŞ-nin pambıq istehsalçıları texnologiyada geriləmə və avadanlıq çatışmazlığı səbəbindən onlarla rəqabət apara bilməyən hindliləri çox geridə qoydular.

1861-ci ilə qədər xam pambıq ABŞ-nin ixrac etdiyi bütün malların 61%-ni təşkil edirdi. O dövrün tədqiqatçılarından biri iddia edir ki, o vaxta qədər pambıq sənayesi bütün dünyada 20 milyon insanı və ya hər 65 nəfərdən birini işlə təmin edirdi. Təkcə İngiltərədə əhalinin dörddə birindən beşdə birinə qədər pambıqçılıqdan asılı idi. 1860-cı illərdə bütün Britaniya kapitalının təxminən 10%-i bu sahəyə qoyulmuşdu. İngilis siyasətçisi və taciri Con Benjamin Smit pambığın əhəmiyyətini çox yüksək qiymətləndirirdi. O, pambıq sənayesini “hər bir ştatda mövcud olan və ya mövcud ola biləcək ən böyük sənaye” adlandırdı.

19-cu əsrin ortalarında pambıqçılıq sənayesinin inkişafının əks tərəfi qul əməyi institutunun gücləndirilməsi idi. Pambıqtəmizləmə qurğusunun ixtira edilməsi ilə torpaq mülkiyyətçiləri qullardan daha çox məhsuldarlıq tələb etməyə başladılar ki, xam pambıq yığımının miqyası onun emal miqyasından geri qalmasın.

photo1720594466

Sven Bekert yazır: “Pambıq 19-cu əsrdə sənaye dünyası çox əhəmiyyətli idi. O, zorakı davranış üçün katalizator rolunu oynayırdı. Pambığın tarixi – istismar, zorakılıq və məcburiyyət tarixidir”.

1830-cu illərdə hər 13 amerikalıdan biri pambıq yetişdirirdi. Onların demək olar ki, hamısı qul idi. 19-cu əsrin ortalarında və ikinci yarısında pambıqçılıq sənayesinin qul əməyindən artan asılılığı bir çox tacirləri, məmurları və torpaq sahiblərini narahat etməyə başladı. Britaniyada qulların üsyana başlaya biləcəyi qorxusu var idi. Pambıq istehsalçılarının qul əməyindən asılı olması səbəbindən 1860-cı illərin əvvəllərində ABŞ-də daxili ziddiyyətlər gücləndi: cənubda əkinçilər quldarlığın qanuniləşdirilməsini tələb edirdilər, yüngül sənayenin cəmləşdiyi şimalda isə yeni dövlətlərin köləlikdən azad edilməsini istəyirdilər. Qarşıdurma 1861-ci ildə kulminasiya nöqtəsinə çatdı. Yeni prezident Abraham Linkolnun quldarlıq institutlarını məhdudlaşdırmaq niyyəti yeni bir dövlətin – Amerika Konfederativ Dövlətlərinin yaranmasına səbəb oldu.

Məhz ayrılma və 1861-ci ilin aprelində başlayan vətəndaş müharibəsi ilə cənub siyasətçiləri və əkinçiləri “Pambıq kraldır!” şüarını qəbul etdilər. Müstəqillik tərəfdarları bunu söyləməklə pambıq ixracının Konfederasiyaya rifah gətirəcəyinə, Yeni İngiltərə iqtisadiyyatını sarsıdacağına, Fransa və İngiltərəni cənubluları dəstəkləməyə məcbur edəcəyinə inanırdılar.

“Pambıq aclığı” və köləliyin ləğvinin nəticələri

Konfederasiyanın müstəqilliyinin Avropa dövlətləri tərəfindən tanınmasına nail olmaq üçün cənublular pambıq tədarükünün dayandırıldığını elan etdilər. 1860-cı ildə Avropaya 3.8 milyon bağlama pambıq ixrac edildi, 1862-ci ilə qədər ixrac tamamilə dayandı. “Pambıq aclığı” təxminən dörd il davam etdi və kapitalizmin ilk qlobal əmtəə böhranı oldu.

Tarixçi Sven Beckert yazır: “Pambıq ixracına qoyulan qadağa dramatik nəticələrə gətirib çıxartdı. Avropada yüz minlərlə insan işini itirdi və toxuculuq sənayesinin əsas mərkəzləri təlaşa düşdü. Sənaye inqilabından sonrakı ilk 80 ildə qul əməyi olmadan istehsal olunan pambıq praktiki olaraq dünya bazarlarına çıxmadığı üçün çoxlarına elə gəlirdi ki, köləlik böhranı bütün kapitalist strukturlarının genişmiqyaslı və uzunmüddətli böhranına gətirib çıxaracaq”.

Və yenə də pessimist gözləntilərə baxmayaraq, ABŞ-dəkı vətəndaş müharibəsi sənaye kapitalizminin dağılması ilə deyil, ödənişli əməyə əsaslanan yeni münasibətlər sisteminin formalaşması ilə başa çatdı. Hələ 1865-ci ilin aprelində şimallıların qələbəsindən əvvəl sənayeçilər artıq Hindistan, Braziliya, Misir və digər bölgələrdən xam pambıq tədarükü təşkil etməyə başlamışdılar. Dolayı yolla konfederasiyaların məğlubiyyəti yeni ticarət əlaqələrinin inkişafına səbəb oldu və Amerika münaqişəsi ilə heç bir əlaqəsi olmayan ölkələrdə vəziyyətə təsir etdi.

Bir çox hallarda qul əməyindən istifadə etmədən pambıq hasil etmək üçün yeni yolların tapılması zərurəti infrastrukturun yaxşılaşdırılmasına gətirib çıxardı, məsələn, Hindistanda genişmiqyaslı dəmir yolu tikintisinə başlanıldı. Vətəndaş müharibəsi başa çatdıqdan qısa müddət sonra Hindistan aparıcı pambıq tədarükçüsü kimi ABŞ-ni əvəz etdi.

photo1720589655

Orta Asiya, Koreya, Qərbi Afrika və Hindistanda pambıq emalı texnikası 20-ci əsrin ilk onilliklərində inkişaf etməyə davam etdi. Rusiya, Almaniya, Fransa, Belçika, Portuqaliya və digər Avropa ölkələrinə xammal məhz bu regionlardan gəlirdi. Bu gün pambığın təxminən 80%-i Hindistan və Çində yetişdirilir, ABŞ-nin qlobal pambıq sənayesinə töhfəsi isə cəmi 14%-dir.

Birinci Dünya müharibəsindən sonra da pambığa böyük tələbat var idi, baxmayaraq ki, o, neftin aparıcı qlobal əmtəəsi statusunu itirmişdi. Beynəlxalq pambıq imperiyasını quran sonuncu sahibkarlardan biri 1910-cu illərin sonlarında Vesserlinq fabrikini satın alan və onu parçalar rəngləmək üçün təchiz edən fransalı Marsel Bussak idi. Zamanla Bussak ən zəngin tekstil maqnatlarından birinə çevrildi və onun fabriki pambıq parça və geyim istehsalı üzrə Avropada birinci oldu.

“Pambıq bütün həyatımızı zəhərləyir”

Pambıqçılıq sahəsinin xoşagəlməz tərəfi də var. Bir çox insanlar üçün pambıq və pambıq məhsullarının əkilməsi, yığılması, emalı və satışı ilə məşğul olmaq 19-cu əsrdəki quldarlıq dövrünə düşmək kimidir. Tarixçi Sven Bekert yazır: “Bu gün pambıq regionlarında həyat hələ də ifrat yoxsulluq, siyasi repressiya və hökumətin nəzarəti ilə xarakterizə olunur. Dünyanın bəzi yerlərində hələ də uşaqları pambıq yığmağa məcbur edirlər. Pambıq dünya üzrə 110 milyona qədər ev təsərrüfatları yetişdirir, bu da onun qlobal kapitalizm üçün davamlı əhəmiyyətini nümayiş etdirir”.

Pambığın insanların həyatında rolu ilə bağlı oxşar qiymətləndirməni Özbəkistanın mədəniyyətində və tarixində pambıqdan bəhs edən “Ayran” sərgisinin kuratoru Timur Karpov da səsləndirib: “Pambıq bütün həyatımızı – torpağı, ətraf mühiti və hətta insanları zəhərləyir. Hökumət insanlara birtəhər başa salmalı olur ki, bu bizim milli irsimizdir. 2015-ci il Özbəkistanda pambıq sənayesində uşaq əməyinin ləğv edildiyi ilk il oldu. Amerikadan Orta Asiyaya pambıq toxumu ilə yanaşı quldarlıq toxumları da gətirilirdi. Bu, irsi faciəyə çevrildi”.

“Pambıq aclığı” dövründə təxminən eyni vaxtda Rusiya imperiyası tərəfindən ilhaq edilmiş müasir Özbəkistan ərazisində pambıq becərilməyə başladı. Bolşeviklər pambıqçılığın inkişafına böyük əhəmiyyət verirdilər və hakimiyyətə gəldikdən sonra Özbəkistanı SSRİ-nin “pambıq bazasına” çevirmək qərarına gəldilər.

Jurnalist və tədqiqatçı Nurəli Mingbayevin yazdığı kimi, “SSRİ üçün Özbəkistan yalnız mühüm pambıq tədarükçüsü olduğundan”, ölkə bütün digər sahələrdə, o cümlədən iqtisadiyyat və infrastrukturda digər respublikalardan nəzərəçarpacaq dərəcədə geri qalırdı.

“1960-cı illərdən başlayaraq respublikada pambıqçılıq yüksək templə inkişaf etdi və bu prosesin zirvəsi 1980-ci illərə qədər uzandı”, – deyən Mingbayev Özbəkistanın “pambıq bazası” kimi istismarının əhalinin nəzarətsiz artımına səbəb olduğunu izah edir. Bu müddət ərzində əhalinin sayı iki dəfədən çox artdı – 1960-cı ildəki 8 milyondan 1987-ci ildə 19 milyona qədər. Respublika əhalisinin dövlətin ehtiyaclarını ödəmək imkanından daha sürətli artması mexanizmi işə salındı. 1991-ci ildə Özbəkistan müstəqil olanda respublikanın əhalisi artıq 20 milyonu ötmüşdü”.

Son xəbərlər
Digər xəbərlər