Mark Zukerberq bu yaxınlarda 30 milyon dollar dəyərində “Facebook” səhmlərini satıb. Həmin vaxt bəziləri hətta “Facebook”un qurucusunun şirkətin idarəsindən uzaqlaşmaq istədiyini də düşünüb. Lakin indi niyə belə bir addımın atıldığı aydın olub.
“Çan Zukerberq təşəbbüsü” (Chan Zuckerberg Initiative, CZI) adlı kifayət qədər iddialı layihəni maliyyələşdirmək üçün Zukerberqə pul lazım olub. Layihənin məqsədi bəzi xəstəliklərin müalicəsində beyin implantatlarının hazırlanmasıdır. CZI aspektlərindən birinə “beyin-maşın” tipli interfeysin, yəni fikirləri komandalara çevirən cihazın hazırlanması daxildir. Bu, real vaxt rejimində hərəkəti qeydə ala, stimullaşdıra və idarə edə bilən naqilsiz baş beyin implantatıdır. “Nature” jurnalının redaksiya heyəti məlumat verir ki, proqramda çalışan alimlərdən ibarət komanda belə bir cihaz hazırlaya, onu primatın beyninə implantasiya edə bilib. Alimlər bu cür müdaxiləni “terapiya” adlandırır, çünki o, epilepsiya, Parkinson xəstəliyinin müalicəsi üçün nəzərdə tutulub. “Cihaz primatın beyninə nəzarət edə bilir”, – müəlliflərdən biri, Kaliforniya Universitetinin informatika və mühəndislik sahələri üzrə professoru Rikki Müller (Rikky Muller) bildirib. “Beyin-maşın interfeyslərinin tətbiqi uzunmüddətli perspektivə malikdir. Onurğa beyni zədələnən, ya da hərəkətə təsir edən başqa xəstəlikdən əziyyət çəkən insanlara kömək etmək üçün bəzi tədqiqatçıların bu cihazlardan istifadəyə diqqət yönəltdiyi bir vaxtda, biz bu qarşılıqlı əlaqənin noutbuk və smartfonla işə oxşamasına istəyirik”.
Cihazın özü “Cortera” adlanır. Təcrübə zamanı heyvan coystikin köməyi ilə kursoru ekrandakı hədəfə yerləşdirməli, müəyyən vaxt ərzində onu orada saxlamalı olub. Bu zaman meymunun təpəsində birbaşa beynə qoşulan, ovuc ölçüsü boyda naqilsiz cihaz yerləşdirilib. Qacet real vaxt rejimində meymunun hərəkətini qeydə ala, stimullaşdıra və davranış şəklini dəyişə bilib. “İndinin özündə müəyyən hərəkət funksiyasını götürüb, onun necə işlədiyini öyrənə, hətta onu idarə edə bilərik. Hesab edirəm ki, bu cihaz yeni müalicə növlərinə imkan yaradacaq”, – professor Müller “Business Insider” nəşrinə müsahibəsində deyib.
©fins.az