Əmanətlərin Sığortalanması Fondu

From ..::Banker.az::..
Jump to: navigation, search

Əmanətlərin Sığortalanması Fondu (Deposit Insurance Foundation) – əhalinin kommersiya banklarına qoyduğu əmanətlərin mümkün risklərdən sığortalanması üçün formalaşdırılan fondlardır. Azərbaycanda artıq əmanətlərin sığortalanması məqsədləri üçün Əmanətlərin Sığortalanması Fondu yaradılıb. Fond hüquqi şəxsdir, qeyri-kommersiya təşkilatıdır və öz əmlakının mülkiyyətçisidir. O, üzərində öz adı olan möhürə, habelə Milli Bankda və müəyyən olunmuş qaydada digər banklarda hesablara malikdir.

Fondun əsas məqsədi mənfəət götürmək deyil və onun fəaliyyəti nəticəsində əldə etdiyi bütün mənfəət sığorta ehtiyatlarının artırılmasına yönəldilir. Dövlət və Milli Bank fondun öhdəlikləri üzrə, fond isə dövlətin və Milli Bankın öhdəlikləri üzrə məsuliyyət daşımır. Sığorta qanunvericiliyinin müddəaları fondun fəaliyyətinə şamil edilmir və bu fəaliyyət üçün xüsusi razılıq (lisenziya) tələb olunmur. Fiziki şəxslərin əmanətlərinin cəlb edilməsi üçün bank lisenziyasına malik olan bütün banklar və xarici bankların yerli filialları fondun məcburi iştirakçılarıdır. İştirakçı bankların Azərbaycan Respublikası ərazisindən kənarda yerləşən filiallarındakı əmanətlər fond tərəfindən sığorta olunmur və onlar üzrə kompensasiya ödənilmir. Xarici bankın öz ölkəsindəki əmanətlərin (depozitlərin) sığorta sistemi onun Azərbaycan Respublikasında fəaliyyət göstərən filialını (filiallarını) əhatə etdikdə xarici bankın yerli filialındakı əmanətlər Fond tərəfindən sığorta olunmur, bu şərtlə ki, həmin ölkədə əmanətlərin sığortalanması sisteminin qaydaları müəyyən olunmuş şərtlərdən az əlverişli olmasın. Əks təqdirdə xarici bankın yerli filialındakı əmanətlər müəyyən edilmiş qaydada əlavə sığortalanmalıdır. Fond ali idarəetmə orqanı olan Himayəçilik Şurası və icra orqanı olan icraçı direktor tərəfindən idarə olunur. İştirakçı bank fonda sığorta haqları ödəmək öhdəlikləri daşıyan bank və ya xarici bankın yerli filialıdır.



Mənbə: Dövlət Maliyyəsi Terminləri Lügəti Kənan Aslanlı