Misir OPEC+ razılaşmasına qoşulmayacaq

Misir neft hasilatının azaldılması ilə bağlı OPEC+ razılaşmasına qoşulmayacaq.

Banker.az Bloomberg agentliyinə istinadən xəbər verir ki, ölkənin baş naziri Şərif İsmayıl bildirib ki, Misirin neft ixracı o qədər də böyük həcmdə deyil və onun əksər hissəsi yerli neft emalı müəssisələrində istifadə olunur.

“Ölkəmiz çox az miqdarda neft ixracı ilə məşğul olur və bu bazara təsir etmir. Neft hasilatı və təchizatına gəldikdə isə, bu 1 və yaxud 2 milyon barrel neft ixrac edən ölkələrə aiddir” – deyə baş nazir vurğulayıb.

2016-cı ilin sonunda neft hasilatının azaldılması ilə bağlı OPEC+ ölkələri tərəfindən əldə edilən razılıq 2018-ci ilin mart ayının sonuna qədər qüvvədədir. Razılaşmaya əsasən, müqavilə iştirakçıları neft hasilatını sutkalıq 1,8 milyon barrel azaltmalıdır.

Hazırda gündəmdə olan məsələ isə bu razılaşmanın müddətinin uzadılıb, uzadılmayacağıdır. Məsələ ilə bağlı müvafiq qərar noyabr ayında Vyanada keçirilən görüş zamanı veriləcək. Hələ ki, Səudiyyə Ərəbistanı, Küveyt, Venesuela və Anqola sözügedən bu müddətin uzadılmasına tərəfdar olduqlarını vurğulayıblar.