7 C
Baku
Sunday, December 15, 2024

Əbülfəs Qarayevin dövründəki yeyintilərlə bağlı cinayət işi açıldı

Hesablama Palatasından turizmin inkişafı məqsədilə dövlət büdcəsindən ayrılan vəsaitin icrası zamanı yol verilmiş qanun pozuntuları haqqında Baş Prokurorluğa daxil olmuş material üzrə araşdırma aparılıb.

 

Baş Prokurorluqdan verilən məlumata görə, müəyyən edilib ki, hazırda ləğv edilmiş Mədəniyyət və Turizm Nazirliyi ilə “Rəqəmli Dövr” MMC arasında bağlanmış müqavilə üzrə Nazirliyin əsasında yaradılmış Dövlət Turizm Agentliyi tərəfindən faktiki olaraq satın alınmadığı halda, müxtəlif kitabçaların və xəritələrin satın alınması üzrə qeyd edilən Cəmiyyətə 14 noyabr 2018-ci il tarixdə külli miqdarda ödəniş edilib.

Habelə ölkədə keçirilmiş ticarət festivalları (“Şoppinq festival”) üzrə icraçı müəssisə olan “Azərbaycan Konqreslər Bürosu” MMC tərəfindən 2017-2018-ci illərdə təşkil edilmiş ümumilikdə üç belə festival üzrə ayrı-ayrı telekanallarda reklamların ödənişsiz əsaslarla yerləşdirildiyi halda, reklam xidmətlərinə görə Nazirlik tərəfindən qeyd edilən Cəmiyyətə xüsusilə külli miqdarda büdcə vəsaiti ödənilib.

Bundan əlavə, araşdırmalarla nazirlik tərəfindən müxtəlif xidmətlərin göstərilməsinə dair müqavilələrin icrası zamanı heç bir təsdiqedici sənədlər olmadan büdcə vəsaitinin silinməsinə yol verildiyi, həmçinin tədbirlərin keçirilməsi ilə bağlı icarə xərcləri üzrə artıq büdcə vəsaitinin ödənildiyi də müəyyən edilib.

Qeyd edilən faktlarla bağlı Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.4 (xüsusilə külli miqdarda mənimsəmə və ya israf etmə) və 308.2-ci (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə cinayət işi başlanmaqla istintaqı aparılır.

İstintaqın gedişatı və nəticəsi barədə ictimaiyyətə əlavə məlumat veriləcək.

Qeyd edək ki, sözügedən hadisələr Əbülfəs Qarayev mədəniyyət və turizm naziri olarkən baş verib.

Son xəbərlər
Digər xəbərlər