“Əfqanıstanda iqtisadiyyat çökmək üzrədir. Ölkədə humanitar böhran inanılmaz sürətlə artıb. İnsanlar ərzaq almaq üçün ev əşyalarını və xalçaları satmağa başlayıblar Dünya birliyi Əfqanıstandakı iqtisadi böhranı həll etmək üçün vəsait ayırmalıdır”.
Bu barədə BMT-nin Ümumdünya Ərzaq Proqramının ölkə üzrə direktoru Meri-Ellen Makqroarti videobağlantı vasitəsilə keçirilən mətbuat konfransında bildirib.
Onun sözlərinə görə, Əfqanıstanda iqtisadiyyat çökmək astanasındadır: “Bankların pul qıtlığı səbəbindən bağlanması əhalini də çətin vəziyyətə salıb. Vəziyyət getdikcə pisləşir, qış qapının ağzındadır. Yenidən dirçəlmə üçün beynəlxalq birliyə müraciət edilməlidir”.
O, vurğulayıb ki, Əfqanıstanda 18 milyon insan humanitar yardıma möhtacdır. 14 milyon insanın, yəni hər 3 əfqandan birinin ərzaq təhlükəsizliyinin olmadığını ifadə edən BMT rəsmisi 2 milyon uşağın qidalanma problemi ilə üzləşdiyini bildirib: “Hazırda 14 milyon nəfər aclıqla üz-üzə qalıb. Əfqanlar banklardan həftədə yalnız 200 dollara qədər pul çıxara bilirlər və iş yerlərində maaşlar ödənilmir. Əfqanıstanda baş verən humanitar böhranın qarşısını dərhal almaq lazımdır”