19 C
Baku
Tuesday, April 16, 2024

Əgər işləməmək də olarsa niyə işləyək? Beynimizə nəyə görə istirahət lazımdır və onu necə əldə edək

Problem ondadır ki, biz az yuxu alırıq və beynimizə az istirahət veririk. ABŞ-ın əmək statistikaları Bürosunun məlumatına görə, sorğuda iştirak edənlərin 83% – i gün ərzində fasiləyə vaxt ayırmadığını deyib. “The Power of Rest : Why Sleep Alone Is Not Enough “ (“ İstirahətin gücü : nə üçün bizə yalnız yatmaq kifayət etmir”) kitabının müəllifi Metyu Edlund deyir: ”İnsanlar özlərinə işə yanaşdıqları kimi yanaşırlar və çox işləyərək özlərini əmək fəaliyyəti ilə yükləyirlər. Onlar elə düşünürlər ki, uğur qazanamaq üçün çox iş görmək lazımdır”.

Həyata belə yanaşma bizə baha başa gələ bilər. İşdə uzun iclasdan və ya gərgin gündən sonra yaxud da görüşlərdə və digər sosial işlərdə keçən bazar günündən sonra özünüzü necə hiss etdiyinizi yadınıza salın.

“Siz artıq heçnəyi çatdırmır və düzgün düşünə bilmirsiz”- deyə, Pensilvaniya Universitetində Wharton Work/Life Integration Project-in  ( karyera ilə şəxsi həyat arasında balansı qoruma tədrisi üzrə Varton Lahiyəsi) direktoru və “ Leading the Life You Want” kitabının müəllifi Styu Fridman belə hesab edir ki, gərgin həyat tərzi  bizim beynimizin məhsuldarlığını məhv edir – “ beyinə istirahət lazımdır.  Araşdırmalar  söstərir ki, qısa istirahət fasiləsindən sonra beynimizin yaradıcılıq qabiliyyəti artır və biz özümüzü daha məmnun hiss edirik”.

Beyin əzələləri

Kobud şəkildə desək beynimizin iki işləmə rejimi var: biri  məlumatların qəbul edilməsinə və problemlərin həllinə yönəlib və siz işləyəndə, videoya baxanda məhz bu rejimdən istifadə edirsiz. İikinci isə sanki bir “default” rejimidir , belə ki, hər dəfə  beyniniz istirahətə ehtiyac duyanda bu rejim avtomatik işə düşür. Məsələn,bəzən siz bir kitab oxuyarkən  birdən, son səhifələrdə nə yazıldğını  xatırlamadığınızı görürsüz- çünki  nəsə başqa şey haqqında düşünmüsüz? Demək, həmin vaxt elə bu rejim işə düşüb.

Araşdırmalar  göstərir ki, “default” rejimi bir göz qırpımında aktiv və deativ oluna bilər, lakin eyni zamanda saatlarla da çəkə bilər. İstənilən halda bizə hər gün bir qədər bu rejimdə vaxt keçirmək lazımdır. Cənubi Kaliforniya Universitetinin beyin və yaradıcılıq üzrə tədris İnstitutunun təhsil,psixologiya və neyroelmlər kafedrasının dosenti  Meri Xelen İmmordino-Yanq-ın sözlərinə görə“Beynimiz informasiya prosesi qabiliyyəti sayəsində bərpa edilir. Belə bir qabiliyyət  özümüzü dərk etməmizə və hərəkətlərimizi izləməyimizə kömək edir”.

“default” rejimi beyin qatlarımızda baş verənləri təhlil etmək və gələcək barədə düşünmək imkanı yaradır. Santa-Barbaradakı Kaliforniya Universitetinin şüur və şəxsi potensialın açılması Mərkəzinin direktoru, psixologiya və neyroelmlər üzrə professor  Conatan Şuler qeyd edir: “Hər dəfə ki, siz çətin bir vəziyyətdən qəfil çıxış yolu tapdığınızda “default” rejiminə minnətdar olun”. Fizikləri və yazıçıları öyrənərək Şuler əməkdaşları ilə birlikdə belə bir qənaətə gəldi ki, kollektivdə yaranan ideyaların 30%-i, iştirakçıların işləri ilə əlaqəli olmayan nələrisə düşündükləri vaxt yaranır.

Bundan başqa, “default” rejimi  xatirələrin yaranmasında da əsas rol oynayır. Bonn Universitetinin araşdırmaları onu göstərir ki, xatirələrin yaranması mexanizmində ən vacib olan yuxunun özü deyil, yuxuya getməzdən əvvəlki sakit müddətdir.

Istirahətə vaxt ayırın

Gün ərzində beyinə mütəmadi olaraq istirahət vermək lazımdır. Əlbəttə ki, dəqiq vaxt müddəti yoxdur lakin, Fridman hər 90 dəqiqədən bir ya da heç olmasa hər dəfə yorğunluq , problemləri həll edə bilməmək kimi hallar yaşandığında dincəlməyi məsləhət görür.

Nə qədər məşğul olmanızdan asılı olmayaraq, velosipedlə səhər gəzintisi,  ofisdən kənarda sakit nahar yeməyi və ya evdə axşam istirahəti kimi fəaliyyətlərdən də yayınmamaq lazımdır. İmmordino –Yanq belə qeyd edir:” Əsas olan, istirahəti sizin əmək məhsuldarlığınızı azaldacaq bir halda etməməkdir. İstirahət etməklə siz məlumatlar toplamağa, həyatın mənasını tapmağa, beyninizi bərpa etməyə və daha strateji düşünməyə vaxt ayırırsız”.

Gündəlik istirahətə vaxt ayırmaq üçün daha bir neçə vasitə:

Sadə məşğuliyyətlər. Qabları yumaq, gəzmək, divarları boyamaq kimi işlər “default” rejiminə keçmək üçün faydalıdırlar. İnsanlara heçnə etmədən qayğılardan azad olmaq çətindir- bu bizdə günahkarlıq hissi oyadır və ya bizi darıxdırır. Fikrin bir yerə toplanmasını tələb etməyən işlər digər rejimə keçmək üçün daha uyğundur.

Telefonu söndürmək. Biz darıxdığımızda əlimizə dərhal telefon almağa öyrəşmişik, lakin bu əslində bizi istirahətimizdən edir. İşlə məşğul olarkən,təcili lazım olmadığı halda telefonu əlinizə almayın. Növbədə dayandığınız vaxt telefonsuz özünüzü necə hiss etdiyinizə diqqət edin. Belə bir eksperimentdən keçmiş tələbələri müşahidə edən Fridman qeyd edir ki, əvvəlcə onlar əsəbləşsələr də sonra dərindən nəfəs alıblar və ətrafa qarşı daha da diqqətli ola biliblər.

Sosial şəbəkələrdən az istifadə etmək. Sosial şəbəkələr beyin dincliyimizin ən əsas düşmənləridirlər. Hər şeydən öncə onun  bizdə həyəcan yaradan mənfi tərəfləri daha çoxdur. Sosial şəbəkədə keçirdiyiniz vaxta nəzarət edin və onun sizin əhvalınıza necə təsir etdiyinə diqqət edin. Əgər ehtiyac yaranarsa özünüzə məsələn, gün ərzində 45 dəqiqədən çox olmayaraq bir vaxt məhdudiyyəti qoyun. Eyni zamanda dostlar siyahınızı təmizləyərək sizə yalnız müsbət emosiya ötürənləri saxlaya bilərsiniz.

 Təbiətdə çox olmaq. Miçiqan Universitetində aparılan  araşdırmalar deyir ki, parkda gəzmək hər hansısa bir küçə ilə gəzməkdən daha çox rahatlıq gətirir. Məsələ orasındadır ki, şəhər ətrafı,maşınların siqnal səsləri, insanların səs-küyü kimi mənfi faktorlarla doludur. Park ərazilərində isə biz quşların, yarpaqların, küləyin səsi ilə əhatə olunuruq.

Dərin sükut. Meditasiya təlimləri beynimizin sağlamlığı üçün əsl xəzinədir. Lakin əlbəttə , bu o demək deyil ki, siz yarım saat meditasiya pozasında olmalısınız.Məsələn, siz 10-15 dəqiqəlik müəyyən əzələ hərəkətləri edə bilər və ya bir stəkan su içərək hər yudumda nə hiss etdiyinizə özünüzü kökləyə bilərsiz. Belə hərəkətlər beyninizə hədsiz dinclik gətirəcək.

İstəklərinizi icra edin. Sizin beyniniz üçün təkcə istirahət texnikaları deyil, həmçinin  sevə-sevə və maraqla gördüyünüz işlər də faydalıdır və bu, mütaliə,futbol və ya dostlarla konsertə getmək ola bilər. Nə ilə məşğul olmağı, sizə nəyin enerji verdiyini düşünün və sevdiyiniz işlərə vaxt ayırın.

Son xəbərlər
Digər xəbərlər