-1 C
Baku
Sunday, December 15, 2024

Müştərilərin kredit müraciətlərinin təhlili prosesində yeni yanaşma formalaşıb

Banker.az saytı olaraq, kredit təhlili mövzusunda araşdırmalarımızı davam etdiririk. Bu dəfə isə diqqəti taksit kartlarının istehlak bazarına göstərdiyi təsirə və ümumilikdə istehlak kreditlərinin təhlil prosesinin necə aparılmasına yönəltmək istədik.

Suallarımızı Unibankın Bakıxanov filialının Istehlak kreditləri üzrə Mütəxəssisi Orucov Samir cavablandırır.

İstehlak kreditlərində təhlil prosesi necə aparılır (MKR, bankın daxili proqramı və s)?

Bu gün bazarda müştərilərin kreditlərə çıxışının asanlaşdırması, yeni müştəri seqmentinin cəlb edilməsi, əvvəllər kredit almaq imkanı olmamış  şəxslərin  kredit əldə etmələrinə şəraitin yaradılması üçün müştərilərin kredit müraciətlərinin  təhlili  prosesində yeni yanaşma  formalaşmaqdadır. Əgər bir neçə il öncə, müştərilərin kredit əldə etmələri üçün  iş yerindən arayış əsas şərt idisə, hələ üstəlik bu arayışla yanaşı dövlət işində çalışmaq, həkim, müəllim işləmək, həmçinin  müştərinin aldığı əmək haqqına və ya vəzifəsinə dair  tələblər var  idisə, bu gün həmin tələblər və məhdudiyyətlər  get-gedə aradan qaldırılır. Bu gün müştərilər yalnız şəxsiyyət vəsiqəsi ilə müraciət etməklə, kredit ala bilirlər.

Biz yeni müştərilərin kredit müraciətlərinə baxdığımız zaman, onların digər banklarda olan kredit tarixçələrinə nəzər salırıq, gecikmələrinin olub- olmamasına fikir veririk. Bizim tərəfimizdən bu və digər parametrlər  üzrə xüsusi anderraytinq alətləri hazırlanıb ki,  bunların əsasında biz müştəriyə  uyğun kredit məbləği təyin edirik.

Samir_OrucovYeni müştərilərlə yanaşı, bizim bankda kredit tarixçəsi olan müştərilərə də xüsusi diqqət yetiririk və hər zaman onların kredit tarixçəsinə əsasən təkrar  müştərilərimizə daha sərfəli şərtlərlə istehlak kreditləri təklif edirik.

Bu məqsədlə bizim bankda müştərilər üçün xüsusi – bir neçə pilləli reytinq sistemi hazırlanıb ki,  bu sistemə əsasən, müştərinin reytinqi artdıqca ona tətbiq edilən güzəşt və təkliflər də artır. Burada təbii ki, bank ilə kredit tarixçəsinin müddəti və gecikmələrinin olmamasına xüsusi fikir verilir.

Hansı peşələri istehlak kreditləri üçün risksiz və ya az riskli hesab edirsiniz?

Məncə, peşələr arasında fərq qoymaq düzgün olmazdı. Çünki hər peşə sahibi bizim üçün maraqlıdır və bütün peşə sahibləri arasında bizim müsbət reytinqli və Unibank-la uzun  müddət əməkdaşlıq edən müştərilərimiz vardır. Burada daha çox kredit mütəxəssisinin səriştəsi və düzgün qurulmuş təhlil prosesi xüsusi rol oynayır. Bu zaman müştərinin bölüşdürülməmiş gəliri nəzərə alınaraq, hər bir müştəriyə uyğun kredit müddəti və ona münasib aylıq ödəniş təklif olunur ki, gələcəkdə müştəri kredit üzrə aylıq ödənişlərini asanlıqla həyata keçirə bilsin.

“Hər Kəsin Bankı”  olaraq, bizim bankda bütün müştəri seqmenti üçün çevik layihələr hazırlanır və müştərilərin xidmətinə təqdim edilir. Bu layihələrdən mən evdar xanımların kredit almasını nəzərdə tutan “Evdar xanım” layihəsini, yaşlı insanlar üçün olan “Yaşlı olmaq sərfəlidir”, tələbələrə  istiqamətləndirilmiş “Tələbələrə Albalı kartı” və  “Tələbə krediti” layihələrini qeyd etmək istərdim.

Əgər nağd kreditləri nəzərə almasaq, hazırda hansı istehlak kreditinə daha çox tələbat var?

Son illərdə ölkəmizdə nağdsız ödənişlərin həcmi artmaqdadır. Ölkənin qabaqcıl banklarından biri olaraq Unibank da bu prosesin fəal iştirakçılarındandır. Bu gün yeni-yeni ticarət mərkəzlərinin açılması, onlayn ödənişlərin inkişafı əhalinin plastik kartlara  marağını daha da artırır. Unibankın xidmət sahəsində qarşıya qoyduğu prioritetlərdən biri, plastik kart kreditlərinin genişləndirilməsidir. Biz yaxın gələcəkdə bu istiqamətdə işlərimizi daha da gücləndirməyi düşünürük.

Bir müştərinin 2000 AZN əməkhaqqısı olduğu halda, 3000 AZN kredit götürülməsi riskli hesab edilirmi? Bu məsələyə yanaşmanız necədir, bu müştərinin təhlili prosesini zəhmət olmasa təsvir edərdiniz.

Müştəri kredit üçün müraciət etdikdə yuxarıda qeyd edildiyi kimi, ilk növbədə onun ödəniş qabiliyyəti düzgün təhlil edilməlidir. Təhlil etmədən, hər hansı bir məbləğin onun əməkhaqqısına nisbətdə riskli olub-olmadığını demək çətindir. 2000 AZN əmək haqq olan müştəriyə 3000 AZN kredit o halda riskli olar ki, müştərinin şəxsi və ailə xərcləri, kommunal ödənişləri, başqa kredit ödənişləri və s. kimi xərcləri əlavə kredit ödənişinə imkan yaratmasın.

Sizcə taksit kartlar istehlak kreditlərinin verilişinə necə təsir göstərib? Məsələn əvvəl müştəri dükandan müəyyən malı alanda kredit üçün banka yönləndirilirdi, indi isə onlar həmin məhsulları kartla ala bilir.

Taksit kartlarının bütün istehlak kreditləri bazarının inkişafında böyük rolu var. Taksit kartlarının  inkişafı ilə prosesdə  iştirak edən hər bir tərəf – həm müştəri, həm bank, həm də ticarət obyekti bir sıra üstünlüklər əldə edir.

Burada müştəri bankdan bir dəfə kart əldə  etməklə, böyük sayda merçantlardan merçant (merchant -ticarətçi, burada isə plastik kartlarla ödənişi qəbul edən ticarət obyektləri nəzərdə tutulur) dəfələrlə alış-veriş etmək imkanı, hər dəfə yeni kredit üçün banka müraciət etməyə ehtiyacın olmaması , bank və merçantlar tərəfindən təqdim edilən güzəşt və endirim kampaniyalarından faydalanmaq imkanları əldə edir. Bank üçün üstünlüklərdən isə müştəriyə bir dəfə taksit kartı təqdim etməklə onunla uzun müddətli əməkdaşlıq etmək imkanı, yeni kreditin rəsmiləşdirilməsi üçün əməliyyat və digər xərclərin olmaması, merçantlar üçün isə müştəri axtarıb banka yönəltmək ehtiyacının olmamasını, müştəri anderreytinqində iştirak etməmək, həmçinin böyük müştəri bazası əldə etmək imkanlarını sadalamaq olar.

Bəs təhlil baxımından taksit kartları ilə istehlak kreditlərinin təhlili arasında nə kimi fərq var?

Taksit kartı özü də istehlak kreditinin bir növü olduğundan, bu kartların təhlili digər istehlak kreditlərinin təhlilindən xüsusi fərqlənmir. Hər bir kreditdə olduğu kimi burada əsas nəzərə alınan müştərinin ödəniş qabiliyyəti və  müştərinin bölüşdürülməmiş  gəlirinin həcmidir.

Təhlil arasında nəzərəçarpan fərq olmasa da, ödəniş və istifadə qaydaları arasında böyük fərq olduğundan, müştəriyə taksit kartları təklif olunanda, bu ətraflı izah edilir. Bununla da, Unibank müştəriləri bu kartlardan daha aktiv istifadə etməyə stimullaşdırmaqla, eyni zamanda  ölkədə nağdsız ödəniş sisteminin inkişafına və əhalidə plastik kartlardan istifadə mədəniyyətinin formalaşmasına öz dəstəyini vermiş olur.

Unibankda istehlak kreditlərinin təhlilində hansı skorinq sistemləri tətbiq edilir və Sizcə proqramlara nə dərəcə də etibar etmək olar?

Biz daim İT texnologiyalarının inkişafına üstünlük veririk. Bizim bankda bütün müştərilərin sifarişləri xüsusi proqram vasitəsi ilə təhlil olunur,  müştərinin əsas  və əlavə gəlirləri, kommunal və digər kreditlər üzrə ödənişləri, özünün və himayəsində olan şəxslərin saxlanılmasına görə göstəricilər nəzərə alınaraq, müştəri üçün xüsusi bir kredit məbləği müəyyən olunur və  kredit mütəxəssisi tərəfindən bu təklif dəyərləndirilərək  müştəriyə təklif olunur.

Ümumiyyətlə, texnologiyaların inkişafı müştəri xidmətlərinin əsas prinsiplərindən biridir, texnologiyaya olunan investisiyalar qısa zamanda öz bəhrəsini verir. Bunlar həm müştəri xidmətinin səviyyəsini və sürətini, müştəri və bank üçün yeni imkanların yaradılmasını, həmçinin müştəri məmnuniyyətini artıraraq, bankın daimi müştərilərini daha da məmnun etməklə, banka yeni müştərilərin cəlb olunmasına da təkan verir. Müştərilərə xidmət səviyyəsinin davamlı olaraq yüksəldilməsi isə bizim üçün ən vacib məqsədlərdəndir.

İstehlak kreditlərində ödənişlərinin gecikməsinin qarşısını almaq üçün hansı tədbirlər daha effektivdir?

Müştərinin ödəniş qabiliyyəti düzgün təhlil olunduğu zaman gecikmələrin sayını minimuma salmaq olar. Burada əsas amillərdən biri də müştəriyə tələb olunan və ödəniş imkanı verən kredit məbləğinin ayrılmasıdır.

İstehlak kreditlərinin vaxtında ödənişini təmin etmək üçün ən əsas amillərdən biri də kreditləri müştəriyə təqdim edən zaman, müştərini kredit haqqında maarifləndirmək  və ona  kredit məhsulu haqqında ətraflı məlumat təqdim etmək, FİFD (faktiki illik faiz dərəcəsi), illik faiz dərəcəsi, ödəniş məbləği və qaydası və sair haqda ətraflı izahlar verməkdir.

Həmçinin xüsusi rol müştəriyə “Vaxtı-vaxtında ödəmək mədəniyyətini aşılamaqdır”, burada müştəriyə krediti vaxtında ödədiyi təqdirdə müsbət kredit tarixçəsinin formalaşması, bankın digər məhsullarına rahat çıxış əldə etməsini, həmçinin kredit üzrə gecikmə olduğu təqdirdə, imza atdığı müqavilənin məsuliyyəti haqqında məlumat verilməlidir.

Təcrübənizdən hər hansı bir maraqlı hadisəni oxucularımız ilə paylaşa bilərsinizmi?

Bir müddət öncə bizə lal-kar olan bir müştəri müraciət etmişdi. Təhlil prosesindən sonra, qısa müddətdə istədiyi məbləğdə  krediti həmin müştərinin adına rəsmiləşdirdik. 2-ci qrup əlil olan bu müştəri kredit müraciətinin müsbət və cəmi bir neçə dəqiqə həll olunmasından çox təəccübləndi. Bank əməkdaşından götürdüyü  ağ vərəqə böyük hərflərlə “Çox təşəkkür edirəm!!!!!! Unibank -hər kəsin bankı!!!” yazıb az qala filialda olan hər bir müştəriyə yaxınlaşaraq, bu yazını göstərdi. Sonradan bildik ki, o, Unibanka gələnədək bir neçə banka müraciət etsə də, fiziki qüsurlu olduğu üçün ona kredit verilməsindən imtina edilib.

Doğrusu, müştərinin məmnunluğu bizi də çox təsirləndirdi. Həmin günün sonunadək bütün filial əməkdaşları bu pozitiv əhval-ruhiyyəyə kökləndi. Danışıq və eşitmə qüsuru olan bu müştəri bu gün bizim ən nümunəvi müştərilərimiz siyahısındadır.

Müştəri məmnuniyyəti Unibank üçü hər zaman prioritet olub. Əgər təhlil göstəriciləri müştəriyə kredit götürməyə imkan verirsə, onun fiziki qüsurları heç zaman həmin müştərinin Unibankdan əliboş dönməsinə səbəb olmur. Müştərilərimizin məhsul və xidmətlərimizdən məmnun qalması, bizim üçün çox vacib amildir.

Samir bəy, suallarımızı cavablandırmaq üçün ayırdığınız vaxta görə təşəkkür edirik.

Son xəbərlər
Digər xəbərlər