21 C
Baku
Wednesday, October 9, 2024

Əli Məsimli ipoteka kreditləri ilə bağlı hökumətə yeni təkliflər verib

“Azərbaycanda yeni sosial evlər tikilən zaman insanların gəliri nəzərə alınsın və vətəndaşlar aylıq 70-100 manat ödəməklə, kirayə kimi qaldığı bu evləri 20-25 ildən sonra şəxsi mülkiyyətinə çevirsinlər”.

Bu cür təkliflə millət vəkili Əli Məsimli çıxış edib. Milli Məclisdə aparılan müzakirələr zamanı millət vəkilləri ipoteka kreditləri ilə bağlı təkliflər versələr də, hökumət nümayəndələri yeni bir söz demədilər.

Əli Məsimli qeyd edib ki, deputatların tədqim etdiyi təkliflər əsas üç istiqaməti əhatə edir: “Birincisi, ipoteka kreditlərinin sosial bloku üzrə ayrılan 50 milyon manat tədricən artırmalı, kredit faizləri 4 faizdən 2 faizə endirilməli və ilkin ödənişlərini birinci mərhələdə müəyyən qədər azaltdıqdan sonra xüsus fond yaradılmalıdır. Bu fond vasitəsi ilə ilkin ödəniş problemini həll etmək olar. İkincisi, ipoteka kreditləri təkcə Bakı şəhəri ilə məhdudlaşmamalı və bunun ölkənin digər regionlarına da yayılmasını təmin etmək üçün tədbirlər görülməlidir. Üçüncü təklif isə odur ki, ipoteka kreditləri ilə yanaşı, sosial evlərin tikilməsi məsələsini həll etmək lazımdır”.

Deputatın sözlərinə görə, bu günə qədər ipoteka kreditləri vasitəsi ilə 16 min ailə mənzil alıb: “2015-ci il üçün nəzərdə tutulan 50 milyon manatdan yalnız 1000-1200 ailə mənzil ala biləcək ki, bu da mənzilə ehtiyacı olan vətəndaşların 35 faizini də təşkil etmir. Bu prosesi sürətləndirmək üçün sosial evlərin tikintisini təşkil etmək lazımdır. Məlumdur ki, bu gün Azərbaycanda orta əmək haqqı 400-450 manat, dövlət təşkilatlarında çalışan şəxslərin isə orta əmək haqqları 200-250 manatdır. Bizim təkliflər isə ondan ibarətdir ki, sosial evlər tikilən zaman bu gəlirlər nəzərə alınsın və vətəndaşlar aylıq 70-100 manat ödəməklə, kirayə kimi qaldığı bu evləri 20-25 ildən sonra şəxsi mülkiyyətinə çevirsinlər”.

Millət vəkili qeyd edib ki, əvvəlki illərə nisbətən bu il hökumət bu istiqamətdə daha fəal addımlar atmağa başlayıb.

SalamNews

Son xəbərlər
Digər xəbərlər