13 C
Baku
Thursday, April 18, 2024

Əmək müqavilələrinə xitam verilərkən işçilərə hansı təminatlar verilir?

Əmək müqaviləsinə xitam verilməsi bir neçə halda mümkündür. Bu addım vəziyyətdən asılı olaraq işçi və ya işəgötürən tərəfindən atıla bilər. Əmək qanunvericiliyi eksperti Nüsrət Xəlilov bu hallarda qanunvericililikdə işçilər üçün müəyyənləşdirilmiş təminatları şərh edir. 

  1. İşçi tərəfindən əmək müqaviləsinə xitam verildikdə…

Əmək Məcəlləsinin 69-cu maddəsinə əsasən, işçi öz istəyi ilə əmək müqaviləsinə xitam vermək istəyirsə, ona aşağıdakı ödənişlər edilməlidir:

– işdən çıxdığı günə qədər işlədiyi iş günləri üçün əməkhaqqı;

– işdən çıxdığı günə qədər istifadə etmədiyi məzuniyyət günləri üçün kompensasiya.

Misal 1: İşçi 13 yanvar 2020-ci il tarixdən müəssisədə mütəxəssis vəzifəsinə qəbul edilib. 17 fevral 2021-ci il tarixdə həmin gündən öz xahişi ilə əmək müqaviləsinə xitam verilməsi üçün ərizə ilə müraciət edib. İşçinin aylıq maaşı 530 manat, işlədiyi təqvim günlərinin sayı ümumi 437-dir. İşçiyə işdən çıxdığı günə nə qədər və hansı ödənişlər olunmalıdır?

İşçinin əmək müqaviləsi xitam olunan tarixə istifadə edilməmiş məzuniyyət gününü hesablayaq:

(30:365) x 437 gün = 36 gün

İşçinin son 12 aylıq orta maaşının 530 manat olduğunu nəzərə alsaq, ona istifadə etmədiyi məzuniyyət günlərinə uyğun olaraq ödəniş bu şəkildə olacaq:

530:30,4 = 17,.43 manat;
17,43 x 36 = 627,48 manat.

Mart ayında 5 günlük reyimdə çalışan müəssisədə 17 iş günü olduğunu nəzərə alsaq, işdən çıxdığı günə qədər olan əməkhaqqı aşağıdakı şəkildə olacaq:

530 : 17 iş günü = 31,18 manat (Bir iş gününə düşən əməkhaqqı)
31,18 x 12 (iş günü) = 374,16 manat;
627,48 + 374,16 = 1001,64 manat.

Deməli, yuxarıdakı nümunəyə uyğun olaraq işçiyə cəmi 1001,64 manat ödəniş olunacaq.

Tez-tez sual doğuran hallardan biri də xitam zamanı istifadə edilməmiş məzuniyyətə görə kompensansiyanın ödənilməsi ilə bağlıdır. Əgər işçi tam təqvim ayı işləməyibsə, ona məzuniyyət üçün kompensasiya hesablanmalıdırmı?

Misal 2: Mütəxəssis 17 fevral 2021-ci ildə işə qəbul edilib və 19 mart 2021-ci ildə onun əmək müqaviləsinə xitam verilib. Bu halda məzuniyyətə dair kompensasiya necə hesablanacaq?

İstifadə edilməmiş məzuniyyətin kompensasiyası hər bir halda verilir və işlənmiş günlərə uyğun olaraq məzuniyyət günü tapılır. Mütəxəssis olduğuna görə iş ili üçün məzuniyyət müddəti 30 gündür. 30 gün bir işi ili üçün nəzərdə tutulmuş məzuniyyətdir. İşçi bir iş ilindən 31 günə (17 fevraldan 19 marta qədər) düşən məzuniyyət gününə uyğun kompensasiya alacaqdır.

Bir günə düşən məzuniyyət günü: 30:365 = 0,082

İstifadə edilməmiş məzuniyyət günü: 0,082 x 31 = 2,54 gün

Yuvarlaqlaşdırılaraq işçiyə 3 günün kompensasiyası ödəniləcəkdir.

İşçinin təşəbbüsü ilə əmək müqaviləsinə xitam verilərkən ona qeyd edilmiş ödənişlərdən başqa kompensasiya xarakterli digər ödənişlər edilmir.

  1. Müəssisə ləğv edildikdə…

Əmək müqaviləsi Əmək Məcəlləsinin 70-ci maddəsinin “a” (müəssisə ləğv dedikdə) və “b” (ştatların ixtisarı) bəndləri ilə ləğv edilərkən işçiyə işəgötürən tərəfindən həmin işəgötürənlə bağlanmış əmək müqaviləsinə (əmək müqavilələrinə) uyğun olaraq müəyyən olunan əmək stajından asılı olaraq aşağıdakı məbləğlərdə işdənçıxarma müavinəti ödənilir:

– bir ilədək əmək stajı olduqda – orta aylıq əməkhaqqı miqdarında;

– bir ildən beş ilədək əmək stajı olduqda – orta aylıq əməkhaqqının 1,4 misli miqdarında;

– beş ildən on ilədək əmək stajı olduqda – orta aylıq əməkhaqqının azı 1,7 misli miqdarında;

– on ildən çox əmək stajı olduqda – orta aylıq əməkhaqqının azı iki misli miqdarında.

Misal 3: Fərz edək ki, işçinin müəssisədə 3 il, ondan əvvəl isə başqa bir müəssisədə 10 il əmək stajı vardır. İşdənçıxarma zamanı hansı staj nəzərə alınacaqdır?

Maddənin tələbindən aydın görünür ki, işəgötürən işçiyə həmin işəgötürənlə bağlanmış əmək müqaviləsinə uyğun olaraq işdənçıxarma müavinəti ödəyəcək. Əvvəlki staj nəzərə alınmayacaq.
Misal 4: İşçi 17 fevral 2011-ci ildən bankda şöbə rəhbəri vəzifəsində çalışır. Devalvasiyadan sonra bankların fəaliyyətində kiçilmə olduğu üçün 27 dekabr 2017-ci ildə müəssisənin ləğv edilməsi səbəbindən işçinin əmək müqaviləsinə xitam veriləcək. Aylar üzrə işçinin əməkhaqqı aşağıdakı məbləğlərdə olub:

Aylar Aydakı iş günləri İşlədiyi iş günləri Hesablanmış əməkhaqqı
Yanvar 23 23 1.100
Fevral 21 21 1.160
Mart 20 20 1.230
Aprel 21 21 1.550
May 20 20 1.125
İyun 15 15 1.240
İyul 22 22 1.354
Avqust 21 21 1.452
Sentyabr 16 16 1.835
Oktyabr 23 23 1.796
Noyabr 20 20 1.655
Dekabr 21 21 1.432
Cəmi 243 243 16.929

Bu işçiyə nə qədər işdənçıxarma müavinəti ödənilməlidir?

İşçinin beş ildən on ilədək əmək stajı olduğu üçün ona orta aylıq əməkhaqqının azı 1,7 misli miqdarında müavinət ödənilməlidir. Diqqət edirsinizsə, müavinətin verilməsində minimum hədd müyyənləşdirilib. İşəgötürən daha artıq miqdarda müavinət verə bilər.

Əmək Məcəlləsinin 177.2-ci maddəsinə əsasən, əmək məzuniyyəti dövrü üçün verilən əməkhaqqı istisna olmaqla qalan bütün hallarda işçinin orta əməkhaqqı ödənişdən əvvəlki iki təqvim ayı ərzində qazandığı əməkhaqqının cəmi həmin aylardakı iş günlərinin sayına bölməklə bir günlük əməkhaqqı tapılır və alınan məbləğ əməkhaqqı saxlanılan iş günlərinin sayına vurulmaqla müəyyən edilir. Bu halda, əməkhaqqı şaxlanılan iş günləri olmadığı üçün alınan rəqəmi orta aylıq iş günlərinin sayına vurmaq uyğun hesab edilə bilər.

Orta gündəlik əməkhaqqı: (1.655+1.796) : (23+20) = 80,26 manat

2017-cu ilin istehsalat təqviminə əsasən, orta aylıq iş günlərinin sayı 20,08-dir.

Orta aylıq əməkhaqqı: 20,08 x 80,26 =1.611,62 manat

İşdənçıxarma müavinəti: 1.611,62 x 1,7 = 2.739,75 manat.

Bu halda işçiyə işdən çıxdığı günə qədər işlənmiş iş günlərinə görə əməkhaqqı və istifadə edilməmiş məzuniyyət günlərinin kompensasiyası da ödəniləcəkdir. Onların hesablanması qaydası yuxarıdakı digər nümunələrdə verilib.

Mənbə: Nüsrət Xəlilov. “Əmək qanunvericiliyinin praktiki izahı” kitabı

Son xəbərlər
Digər xəbərlər