10 C
Baku
Thursday, December 12, 2024

Sahil Babayevin müavini Təhsil Nazirliyinə müavin təyin olundu

Əmək və əhalinin sosial müdafiəsi nazirinin daha bir müavini işdən çıxarılıb və digər nazirlikdə müavin təyin olunub.

Banker.az xəbər verir ki, Prezident İlham Əliyevin imzaladığı müvafiq sərəncamla nazir müavini İdris İsayev vəzifəsindən azad olunub. Məlumata görə, İ. İsayev, Təhsil naziri Ceyhun Bayramova müavin təyin olunub.

Qeyd edək ki, bir neçə gün əvvəl əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini İlqar Rəhimov vəzifəsindən azad edilmişdi.

Xatırladaq ki, Azərbaycan Respublikası Prezidentinin 21 aprel 2018-ci il tarixli sərəncamı ilə əmək və əhalinin sosial müdafiəsi naziri vəzifəsinə Sahil Babayev təyin edilib.

İdris İsayev 22 oktyabr 1970-ci ildə anadan olub. 1987-1992-ci illərdə D.Bünyadzadə adına Azərbaycan Xalq Təsərrüfatı İnstitutunun (indiki Azərbaycan Dövlət İqtisad Universiteti) maliyyə və kredit fakültəsinin əyani şöbəsini fərqlənmə diplomu ilə bitirib.

1993-2005-ci illərdə Azərbaycan Respublikası Maliyyə Nazirliyində iqtisadçı vəzifəsindən başlamış şöbə müdirinin müavini vəzifəsinədək müxtəlif vəzifələrdə çalışıb. 24 yanvar 2005-ci il tarixində Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun Aparatının Maliyyə-büdcə şöbəsinin müdiri vəzifəsinə təyin edilib. Nazirlər Kabinetinin 23 iyun 2005-ci il tarixli 117 nömrəli qərarı ilə Dövlət Sosial Müdafiə Fondu Kollegiyasının üzvü təyin olunub. 2014-cü il 31 oktyabr tarixdə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin rəisi təyin edilib. İqtisadi sahədə bir sıra qanunvericilik aktlarının layihələrinin hazırlanmasında, dövlət büdcəsinin gəlirlərinin proqnozlaşdırılmasında, sığorta-pensiya sistemində islahatların həyata keçirilməsində və bu sistemin maliyyə dayanıqlığının təmin olunmasında, əmək qanunvericiliyinin tələblərinin yerinə yetirilməsində səmərəli fəaliyyət göstərib.

Rus və ingilis dillərini bilir.

Evlidir, 3 övladı var.

Son xəbərlər
Digər xəbərlər