2 C
Baku
Sunday, December 15, 2024

Əmanətlər, investisiya və maliyyə sistemi

İqtisadi proqnozlaşdırma firmasını açmaq qərarına gəldiyinizi təsəvvür edin. Öz iqtisadi təhlillərinizin satışından gəlir əldə etməzdən əvvəl, siz biznesinizi qurulması üçün əhəmiyyətli xərclər çəkməlisiniz. Siz öz proqnozlarınızı hesablamaq üçün kompüterlər, ofisiniz üçün isə masa, oturacaq və digər mebel əşyaları almalısınız. Bunların hər bir sizin müəssisə tərəfindən xidmətlərin istehsal olunmasında və satılmasında istifadə olunan kapitaldır. Bəs bu istehsal vasitələrini almaq üçün lazım olan maliyyə vasitələrini necə əldə edəcəksiniz? 

 Bəlkə də sizin bu məqsəd üçün kifayət qədər əmanəti vardır. Lakin, bir çox biznesmenlər kimi yəqin ki,  sizin  də yeni biznesi başlamaq üçün kifayət qədər pulunuz yoxdur. Buna görə də sizə lazım olan maliyyə vəsaitlərini digər mənbələrdən əldə etməlisiniz.

Kapitala qoyulan investisiyaları maliyyələşdirmək üçün müxtəlif yollar vardır: Məsələn dostunuzdan, qohumunuzdan və ya hər hansı bir bankdan borc götürə bilərsiniz. Bu halda siz təkcə borc götürdüyünüz məbləği deyil, həm də əlavə faizləri ödəməyi öhdənizə götürürsünüz. Alternativ olaraq, siz biznesinizin gələcək mənfəətini (bu istənilən məbləğ ola bilər) bölüşmək şərti ilə, kimdənsə maliyyə vəsaitləri əldə edə bilərsiniz. Hər iki halda, sizin kompüter və ofis avadanlıqlarına etdiyiniz investisiya başqa şəxslərin topladığı əmanətlərin hesabına maliyyələşdirilir.

Maliyyə sistemi, bir şəxsin topladığı əmanətlərlə digər şəxsin investisiya ehtiyacını uzlaşdıran iqtisadi institutlardan ibarətdir. Əmanətlər və investisiya uzunmüddətli iqtisadi inkişafın əsas amillərini təşkil edir. Bir ölkə ÜDM-sinin daha çox hissəsini əmanətlərin artmasına sərf edirsə, kapital yönlü investisiyalar üçün daha çox maliyyə vasitələri toplanacaq, daha çox məhsuldarlıq isə ölkənin məhsuldarlığının və həyat səviyyəsinin artmasına səbəb olacaqdır. İstənilən bir vaxtda, bəzi insanlar öz gəlirlərinin  bir hissəsini gələcəkdə istifadə etmək üçün əmanətlər şəklində yığmaq, tamamı ilə başqa bir qrup insanlar isə öz yeni və ya inkişaf edən bizneslərinə investisiya etmək istəyirlər. Bu iki qrup insanı birləşdirən nədir? Əmanətlərini artırmaq istəyənlərin təklif etdiyi vəsaitlərlə, investisiya etmək istəyənlərin tələb etdiyi vəsaitlərin uzlaşdırılmasını təmin edən hansı mexanizmdir və o nədən ibarətdir?

Burada maliyyə sisteminin necə işlədiyi izah edilir. Əvvəlcə, maliyyə sisteminin tərkib hissəsi olan müxtəlif institutlar barəsində məlumat veriləcək. Sonra maliyyə sistemi ilə makroiqtisadi göstəricilər (əsasən, əmanətlər və investisiya) arasındakı əlaqə müzakirə ediləcək. Ən sonda isə, maliyyə bazarlarında vəsaitlərin tələb və təklif modeli qurulacaqdır. Bu modellərdə faiz dərəcəsi tələb və təklifi tarazlaşdıran qiymət rolunu oynayır. Modeldə dövlət siyasətinin faiz dərəcəsinin dəyişməsinə  və bununla da iqtisadiyyatın məhdud sərvətlərinin bölüşdürülməsinə təsir edə bildiyi göstəriləcək.

ABŞ İqtisadiyyatının Maliyyə İnstitutları

Ən geniş mənada maliyyə sistemi iqtisadiyyatın məhdud sərvətlərini əmanət toplayanlardan (qazandıqlarından daha az xərcləyən insanlardan) borc götürənlərə (qazandıqlarından daha çox xərcləyənlərə) ötürür. Əmanət toplayanlar bunu müxtəlif məqsədlər üçün edirlər –məsələn, bir neçə ildən sonra öz övladının təhsil haqqını ödəmək və ya bir neçə on illikdən sonra rahat təqaüdə çıxmaq üçün. Buna bənzər olaraq, borc götürənlər də bunu müxtəlif məqsədlər üçün edirlər –məsələn, yeni ev almaq və ya yeni biznesə başlamaq üçün. Əmanət toplayanlar gələcəkdə öz pullarını faiz ilə birlikdə geri almaq üçün onu maliyyə institutlarına təklif edirlər. Borc götürənlər isə maliyyə sistemindən pul tələb edir və gələcəkdə onu faizlə qaytaracaqlarını bildirirlər.
Maliyyə sistemi əmanət toplayanlar ilə borc götürənlər arasında koordinasiya yaradan müxtəlif  maliyyə institutlarından ibarətdir. Maliyyə sistemini hərəkətə gətirən iqtisadi amillərin təhlilinə başlamazdan əvvəl, gəlin bu institutlardan ən əhəmiyyətlilərini müzakirə edək. Maliyyə institutları iki qrupa bölünə bilər –maliyyə bazarları və maliyyə vasitəçiləri. Bu iki qrupun hər-birini ayrı-ayrılıqda nəzərdən keçirək.

Maliyyə bazarları

Maliyyə bazarları əmanət toplayan şəxsin borc götürən şəxslə bir başa əlaqə qura bildiyi institutlardır. Iqtisadiyyatın ən əhəmiyyətli maliyyə bazarları istiqraz və səhm bazarlarıdır.

Istiqraz bazarları

Kompüter mikrosxemlərinin nəhəng istehsalçısı olan “İntel” şirkəti yeni zavod tikintisini maliyyələşdirmək istədikdə, bir başa əhalidən borc götürə bilər. Bunun üçün “İntel” şirkəti öz istiqrazlarını satır. İstiqraz onu əldə edən şəxs qarşısında borc götürənin öhdəliklərin göstərən borc sertifikatıdır.  Qısaca desək istiqraz “mən sənə borcluyam” deməkdir. İstiqraz,  borcun nə vaxt qaytarılacağını (son ödəmə tarixi) və bu vaxta qədər dövri olaraq ödənilməli faiz dərəcəsini göstərir. İstiqraz alan şəxs öz pulunu “İntel” şirkətinə verir və bunun qarşılığında faiz və borc verilən məbləğin (əsas məbləğ) geri qaytarılacağına dair sənəd alır. Alıcı sənədi sön ödəmə tarixinə qədər özündə saxlaya bilər və ya bu tarixdən əvvəl başqa bir nəfərə sata bilər.
ABŞ iqtisadiyyatında milyonlarla müxtəlif istiqrazlar mövcuddur. Böyük korporasiyalar, federal dövlət, ştat və yerli dövlət orqanları yeni zavod, yeni qırıcı təyyarə  və ya yeni məktəb tikintisini maliyyələşdirmək  istədikdə adətən istiqrazlar buraxırlar. Əgər siz, “Val Strit Jurnal”-a və ya hər  hansı digər bir yerli qəzetin biznes səhifəsinə baxsanız, ən çox buraxılan istiqrazların qiymətləri və faiz dərəcələrini göstərən cədvəllər görə bilərsiniz. Bu istiqrazlar bir-birindən fərqlənsə də, onların üç başlıca xüsusiyyəti vardır.

Birinci xüsusiyyət istiqrazın ödəmə müddətidir – yəni istiqrazın son ödəmə tarixinə qədər olan müddət. Bəzi istiqrazların bir neçə ayadək çox qısa ödəmə müddəti vardır, bəzi istiqrazların isə 30 ilə qədər ödəmə müddəti ola bilər. (İngiltərə dövləti hətta “daimi” adlanan son ödəmə müddəti olmayan istiqrazlar buraxmışdır. Bu istiqraz daimi faiz gətirsə də, onun əsas məbləği heç vaxt ödənilmir.) İstiqrazın faiz dərəcəsi, öz növbəsində onun ödəmə müddətindən asılıdır. Uzun müddətli istiqrazlar qısamüddətli istiqrazlara nisbətən daha çox risklidir, çünki onların sahibləri əsas məbləğin ödənməsi üçün daha çox gözləməlidirlər. Uzun müddətli istiqrazın sahibi öz pulunu ödəmə müddətindən daha tez almaq istəyirsə, onun edə biləcəyi tək seçim istiqrazı başqasına daha aşağı qiymətə satmaqdır. Bu riskin əvəzini ödəmək üçün, uzun müddətli istiqrazlar qısa müddətli istiqrazlara nisbətən daha yüksək faiz dərəcəsi təklif edirlər.
İstiqrazın ikinci əhəmiyyətli xüsusiyyəti onun kredit riski-yəni borc götürənin faiz və əsas məbləği ödəməmə ehtimalıdır. İstiqrazın bu cür ödənilməməsinə defolt deyilir. Borc götürənlər müflis olduqlarını elan edərək öz borclarının ödənilməsindən imtina edə bilərlər (və bəzən edirlər də).  İstiqraz alıcıları defolt ehtimalının böyük olduğunu düşündükdə, bu riski qarşılamaq üçün daha yüksək faiz dərəcəsi tələb edirlər. ABŞ dövlətinin kredit riski aşağı olduğu üçün, dövlət buraxdığı istiqrazlara adətən çox aşağı faiz verir. Bunun əksinə olaraq maliyyə cəhətdən qeyri-stabil şirkətlər çox yüksək faiz dərəcəsi təklif edən “dəyərsiz” istiqrazlar buraxırlar. İstiqraz alıcıları kredit riskini müxtəlif özəl agentliklərdən öyrənə bilərlər. Bu cür agentliklər, məsələn “Standart &Poor’s”  müxtəlif istiqrazların kredit riskini qiymətləndirir.

İstiqrazların  üçüncü əhəmiyyətli xüsusiyyəti onların vergi effekti –yəni istiqrazlardan əldə olunan gəlirin vergi qanunlarına necə tabe olmasıdır. Əksəriyyət istiqrazlardan əldə olunan faiz, vergiyə cəlb olunan gəlir sayılır, yəni istiqraz sahibi əldə etdiyi faizin bir hissəsini gəlir vergisi kimi dövlətə ödəməlidir. Bunun əksinə olaraq, ştat və yerli özünü idarə orqanlarının verdiyi, bələdiyyə istiqrazı adlandırılan xüsusi istiqrazlardan əldə olunan faiz gəlirləri federal gəlir vergisinə cəlb olunmur. Belə vergi üstünlüyü olduğu üçün, bu cür istiqrazlar federal dövlət və ya şirkətlər tərəfindən buraxılan istiqrazlara nisbətən daha aşağı faiz dərəcəsi təklif edir.

Səhm bazarı

İntel-in yarımkeçiricilər zavodu üçün vəsait əldə etməsinin ikinci yolu bir yolu, şirkətin səhmlərinin satılmasıdır. Səhm şirkətdə səhmdarlıq payını təmsil edir və buna görə də səhm sahibi şirkətin gələcək mənfəətinin bölüşdürülməsində iştirak edir. Məsələn əgər  İntel  1000 000 səhm satarsa,  hər bir səhm şirkətin1/1000 000 hissəsinin sahibkarlığını təmsil edir.
Maliyyə vəsaitlərinin artırılması səhmlərin satılması yolu ilə əldə olunursa səhm maliyyələşdirilməsi, istiqrazların satılması yolu ilə əldə olunursa borc maliyyələşdirilməsi adlanır. Şirkətlər yeni investisiyaları üçün həm səhm, həm də borc maliyyələşməsindən  istifadə etsələr də, səhm və istiqrazlar bir-birindən çox fərqlənir. İntel-in səhmlərini alan şəxs, İntel-in bir hissəsinə sahib olur, İntel-in istiqrazlarını alan şəxs isə şirkətin debitoruna çevrilir. Əgər İntel maliyyə çətinlikləri ilə üzləşərsə, səhm sahiblərinə hər hansı bir məbləğ ödənilməzdən əvvəl istiqraz sahiblərinin borcları qaytarılır. İstiqrazlarla müqayisədə, səhmlər həm də çox risk, həm də daha çox gəlir əldə etmək ehtimalı təklif edir.

Şirkət öz səhmlərini satdıqdan sonra, bu səhmlər mütəşəkkil səhm birjalarında sərbəst alınıb satıla bilər. Bu cür alqı-satqı əməliyyatlarından şirkət heç bir gəlir əldə etmir. ABŞ-da ən böyük səhm birjaları “Nyu-york Fond Birjası”, “Amerika Fond Birjası” və “NASDAQ” (National Association of Securities Dealers Automated Quotation System) sayılır. Dünyanın bir çox ölkələrində səhm birjaları mövcuddur. Bu səhm birjalarında yerli şirkətlərin səhmləri alınıb satılır.

Səhm birjalarında səhmlərin qiyməti onları buraxan şirkətin səhmlərinə olan tələb və təklif əsasında müəyyən olunur. Səhmlər şirkətin sahibkarlığını təmsil etdiyi üç ün, səhmlərə olan tələb (və həmçinin səhmlərin qiyməti) alıcıların şirkətin gələcək mənfəətliyi haqqında düşüncələrini əks etdirir. Əgər alıcılar şirkətin gələcəyi barəsində nikbin fikirdə olsalar, şirkətin səmlərinə olan tələbi artıracaq və bununla da səhmlərin qiyməti qalxacaq. Bunun əksinə olaraq, alıcılar şirkətin gələcəkdə çox az mənfəət əldə edəcəyini və hətta zərərlə işləyəcəyini fikirləşsələr, onda şirkətin səhmlərinin qiyməti aşağı düşəcəkdir.

Səhmlərin ümumi qiymət səviyyəsinə nəzarət etmək üçün müxtəlif səhm indeksləri mövcuddur. Səhm indeksi seçilmiş bir qrup səhmlərin qiymətlərinin riyazi ortalamasıdır. Ən məşhur səhm indeksi 1896-cı ildən bəri hesablanan “Dou Cons Sənaye İndeksidir” (Dow Jones İndustrial Average). Hazırda bu indeks 30 böyük ABŞ şirkətinin səhmləri əsasında hesablanır. Bu şirkətlər arasında “General Motors”, “General Electric”, “Microsoft”, “Coca-Cola”, “AT&AT” və “IBM” kimi şirkətləri saymaq olar. Digər bir əhəmiyyətli səhm indeksi “Standart&Poor’s” şirkətinin 500 indeksidir. Bu indeks 500 böyük şirkətin səhmlərinin qiymətinə əsaslanır. Səhm qiymətləri ehtimal olunan gələcək mənfəətliyi əks etdirdiyi üçün, səhm indeksləri gələcək iqtisadi şərtlərin göstəricisi kimi daima izlənir.

Maliyyə vasitəçiləri

Maliyyə vasitəçiləri elə maliyyə institutlarıdır ki, onların vasitəsi ilə əmanət toplayanlar öz vəsaitlərini borc götürənlərə dolayı yolla çatdıra bilərlər. Vasitəçi termini, bu institutların əmanət toplayanlarla borc götürənlər arasında durduğunu əks etdirir. Burada iki əhəmiyyətli maliyyə vasitəçisi olan bank və birgə fondlardan bəhs ediləcək.
Banklar. Əgər kiçik bir ərzaq dükanının sahibi öz biznesinin inkişafı üçün maliyyə vasitələri axtarırsa, o çox güman ki, “İnteldən” fərqli strategiya güdəcəkdir. “İnteldən” fərqli olaraq, kiçik ərzaq dükanı üçün istiqraz və ya səhm bazarında maliyyə vasitələri əldə etmək çətin olardı. Əmanət toplayanlar çox vaxt səhm və istiqrazları böyük və tanınmış şirkətlərdən almağı üstün tuturlar. Buna görə də kiçik ərzaq dükanı öz biznesini maliyyələşdirmək üçün yerli bir bankdan kredit almalıdır.

Banklar ən çox tanınan maliyyə vasitəçiləridir. Bankın əsas işi əmanət toplamaq istəyənlərdən depozit cəlb etmək və bu cür toplanan vəsaitləri kredit şəklində borc götürmək istəyənlərə verməkdir. Banklar depozit qoyanlara faiz ödəyir, kredit götürənlərdən isə bundan bir qədər yüksək faiz alır. Bu iki faiz dərəcəsi arasındakı fərq bankın xərclərini ödəyir  və bank sahiblərinə mənfəət gətirir.
Maliyyə vasitəçiliyindən başqa, bankların iqtisadiyyatda daha bir əhəmiyyətli rolu var: insanlar bank çekləri yazaraq bankda topladıqları depozitlərini əmtəə və xidmətlərin alınması üçün xərcləyə bilərlər. Digər sözlərlə, banklar xüsusi növ mübadilə vasitəsinin yaranmasına xidmət edirlər. Ümumiyyətlə mübadilə vasitəsi insanların sövdələşmə zamanı asanlıqla istifadə edə biləcəyi bir şeydir. Bankın mübadilə vasitəsi yaratmaq xüsusiyyəti onu digər maliyyə institutlarından fərqləndirir.  Səhm və istiqrazlar, bank depozitlərinə bənzər olaraq əmanətlərin toplanması üçün istifadə oluna bilər, lakin səhm və istiqrazlardan toplanan əmanətləri istifadə etmək bank çeki (və ya plastik kartdan istifadə etmək) qədər asan, ucuz və sürətli deyil.

Birgə fondlar. ABŞ iqtisadiyyatında əhəmiyyəti getdikcə artan maliyyə vasitəçiləri birgə fondlardır. Birgə fond əhaliyə səhmlər satır və əldə olunan vəsaitlə müxtəlif səhm və ya istiqraz, ya da həm səhm, həm də istiqrazlardan ibarət portfel əldə edir. Birgə fondun səhmdarları həmin portfelin daşıdığı bütün risk və mükafatları qəbul edir. Portfelin dəyərinin artması səhmdarların xeyrinədir, portfelin dəyərinin azalması isə səhmdarlar üçün itki deməkdir.

Birgə fondların əsas üstün cəhəti az pulu olan şəxslərə diversifikasiya etmək imkanı yaratmasıdır. Səhm və istiqraz alıcıları “bütün yumurtaları eyni səbətdə daşımaq” prinsipini çox yaxşı bilirlər. Tək bir istiqraz və səhmin qiyməti sadəcə bir şirkətin taleyindən asılı olduğu üçün, tək bir səhm və ya istiqraz saxlamaq çox risklidir. Səhm və istiqrazların diversifikasiya olunmuş portfelinə sahib olan bir şəxs isə daha az risk daşıyır, çünki onun hər bir şirkətdə yalnız kiçik bir payı vardır. Birgə fondlar diversifikasiya işini asanlaşdırır, yalnız bir neçə yüz dollara sahib olan bir şəxs birgə fondun səhmlərini alaraq dolayı yollarla yüzlərlə şirkətin səhmdarı və kreditoru ola bilər. Bu xidmət qarşılığında, birgə fondu idarə edən şirkət öz səhmdarlarından aktivlərinin 0,5-dən iki 2,0 faizinədək dəyişən məbləğdə haqq tutur.

Birgə fondların digər bir faydası isə peşəkar fond menecerlərinin məsləhətlərinin adi insanlara çatdırılmasıdır. Bir çox birgə fondların menecerləri, səhmlərini aldığı şirkətlərin perspektivlərinə yaxından diqqət yetirirlər. Bu menecerlər mənfəətli olacağı gözlənilən şirkətlərin səhmlərini alır, zərərlə işləyəcəyi gözlənilən şirkətlərin səhmlərini isə satırlar. Güman etmək olar ki, bu cür peşəkar idarəetmə sayəsində, birgə fondlara investisiya edən şəxslər öz əmanətlərindən daha çox gəlir əldə edə bilərlər.

Maliyyə iqtisadçıları çox vaxt bu arqumentə şübhə ilə yanaşırlar. Onlar iddia edirlər ki, hər bir şirkətin perspektivinə minlərlə fond menecerinin diqqət yetirdiyindən, şirkətin səhmlərinin qiyməti həmin şirkətin həqiqi dəyərini əks etdirir. Buna görə də, yaxşı səhmləri almaq və pis səhmləri satmaqla “bazarı aldatmaq” çox çətindir. Əslində həqiqətən də, hər hansı bir səhm indeksinə investisiya edən və “indeks fondu” adlandırılan birgə fondlar, peşəkar menecerlərin məsləhətlərindən faydalanan birgə fondlardan orta hesabla daha yaxşı nəticə göstərirlər. Bu cür yaxşı nəticənin izahı ondan ibarətdir ki, “indeks fondları” çox alqı-satqı əməliyyatları yerinə yetirməklə və bahalı menecerləri işə götürməklə öz xərclərini minimumum səviyyədə  saxlaya bilirlər.

Son xəbərlər
Digər xəbərlər