12 C
Baku
Wednesday, December 11, 2024

Əmanətlərin sığortalanması dövlət tərəfindən davam etdiriləcək? Necə? – Ekspert rəyləri

BANKER.AZ/

SABAH, YƏNİ, 4 mart 2020-ci il tarixində Azərbaycanda əmanətlərin tam sığortalanması ilə bağlı qanunun uzadılmış müddəti bitəcək. Bu qanun 2016-cı ildə ölkədə 2-ci devalvasiyadan üç ay sonra qüvvəyə minmişdi. Bankların tez-tez bağlanma xəbərləri dönəmində məqsəd, banklardakı əmanət yerləşdirən şəxslərin durumu görüb, öz əmanətlərini geri çəkməməsi və bu yolla bankların əsas maliyyə mənbəsinə çıxışını təmin etmək idi. Əmanətlərin tam sığortalanması “əmanətçi təşvişi” baş verməməsi üçün ölkədə bu addımlar atılır. Bir anda milyardlar ilə valyuta banklardan çıxarıla və  həmin valyuta bazarına daxil ola bilər – iqtisadi durumdan aslı olaraq.

Statistik rəqəmlərə əsaslansaq 2016-ci ildə bu qanunun qüvvəyə minməsindən bir neçə ay sonra ölkədə əmanətlərin həcmi armaqla 4 ilin maksimumunu – 8,8 milyard manata çatdı. Görünür qanun özünü doğrulda bilib.

Ötən il martın 4-də, Milli Məclis qanunun qüvvədə olma müddətini 1 il uzadıb.

Lakin, 2019-cu ilin yarısından başlayaraq ölkə mediası ilə paralel, ekspert və əmanətçiləri düşündürən “Qanun qüvvəyə minəcəkmi” suallarına aidiyyatı dövlət qurumlarından hər hansısa cavab səsləndirilməyib. Əslində 2019-cu ilin iyulundan başlayaraq oktyabrlna qədər ölkədə əmanətlərin həcmi artaraq 8 milyard 811,1 milyon manata qədər artsa da, sonradan ardıcıl 3 ay bu rəqəmlər azalmaqla davam edir. 1 fevral 2020-ci il tarixinə ölkədə ev təsərrüfatına verilən depozitlərin həcmi  8 milyard 588,5 milyon manata qədər azalmışdır. Təkcə son bir ay ərzində fiziki şəxslər 89,9 milyon manat ekvalentində olan xarici valyutada olan – müddətli depozitlərini geri çəkiblər. Ehtimal olunur ki, bu rəqəmlər davam etsin, ölkədəki keçmiş təcrübədə yaşadıqlarını (halbu ki, indiki vəziyyətlə eyni olmaya bilər) yenidən görməmək üçün bankı “etibarlı sandıq” hesab etməsinlər, əmanətləri nağd vəsaitə və ya daşınmaz əmlaka yönləndirsinlər.

Əgər qanunun müddəti uzadılmasa, bundan sonra ölkədə yalnız 30 min manata qədər əmanətlər sığortalı olacaq – manatla yerləşdirilmiş əmanətlərinin illik faiz dərəcəsinin 10%-dən, ABŞ dolları ilə yerləşdirilmiş əmanətlərin isə illik faiz dərəcəsinin 2,5%-dən çox olmaması şərtdir.

Beləliklə, hökumət “tam sığortalanma” ilə qanunun müddətini uzatmazsa, 2006-cı ildə qəbul edilmiş “Əmanətlərin sığortalanması haqqında” qanun yenidən qüvvəyə minəcək.

Ekspertlər nə düşünür?

“2020-ci il gələndən mənbəyini Çindən götürmüş və bütün dünyaya yayılmış koronavirus amili yeni bir situasiya yaradıb. Situasiya da ondan ibarətdir ki, Çində iqtisadi aktivliyin kəskin azalması dünya bazarlarına, o cümlədən Azərbaycan üçün həyati əhəmiyyətli olan neft bazarına mənfi təsir göstərir”, bunu Samir Əliyev deyib.

samir aliyev
S.Əliyev

Ekspert deyir ki, 2020-ci ilin əvvəlində bu günə qədər Azərbaycan nefti üçün qiymət oriyenti rolunu oynayan Brent markalı neftin qiyməti 68 dollar/barel-dən 51 dollara/barel səviyyəsinə qədər ucuzlaşıb.

“Ucuzlaşmanın [neft] nə qədər və hansı həddə qədər davam edəcəyini söyləmək çox çətindir. Görünən odur ki, virus problemi həllini tapmasa və proses uzansa, ucuzlaşma davam edəcək. Bu isə neftdən asılı olan Azərbaycan iqtisadiyyatı üçün arzu olunan hal deyil. Əgər virus təhlükəsi qısa müddətdə aradan qalxmasa bunun Azərbaycan üçün 2015-ci il böhranından da çətin olacağını proqnozlaşdırmaq olar”.

Samir Əliyevin fikrincə, hökumət tərəddüd etmədən müddətin daha 1 il uzadılmasna qərar verməlidir – “Bu, əmanətçilər üçün psixoloji gərginliyi xeyli azaldar, banklar üçün də əmanət qaçışı qorxusunu aradan qaldırar”.

“Ola bilsin erkən parlament seçkiləri də hökumətin qərarına neqativ təsir edib. Çünki texniki baxımdan yeni parlament işə başlamayınca müddəti uzatmaqla bağlı qərar vermək mümkün deyil. Ancaq layihə hazırdırsa, ilk iclasda qərar vermək olar. Bunun üçün hökumət müddətin uzadılması ilə bağlı mövqeyini ictimaiyyətə açıqlamalıdır ki, əhali narahatlıq keçirməsin. Əgər müddəti artırmaq niyyəti yoxdursa, bu halda sığortalanma mexanizminə dəyişiklik etməlidir. Ən azı kompesasiya məbləğini 100 min manata qədər artırmalıdır” – deyə Samir Əliyev deyir.

Samir Əliyevdən fərqli olaraq iqtisadçı Elman Sadıqov deyir ki, müddət uzadılması ehtimal vardır. “Şəxsən düşünürəm ki, mövcud iqtisadi şəraiti də nəzərə alaraq, əhalidə mövcud vəziyyətdə hər hansı bir narahatçılığın yaranmaması üçün “Əmanətlərin tam sığortalanması haqqında” qanununun müddəti 2020-ci il martın 4-dən etibarən yenidən uzadılacaq”.

elman sadiqov
Elman Sadıqov

Sadıqov qeyd edir ki, “bu məsələnin həm bank sektoru, həm real sektor, həm də əhalinin maraqlarına xidmət edəcəyini düşünürəm”.

Bank işi üzrə hüquqşünas-ekspert Əkrəm Həsənovun sözlərinə görə, əmanətlərin sığortalanmasında əvvəlki maksimum məbləğ qaldırıla, yəni 40-50 min manat ola bilər: “Amma mən əmanətlərin tam sığortalanmasının əleyhinəyəm”.

Həsənov hesab edir ki, Mərkəzi Bank bu məsələdə düzgün mövqe tutub və əmanətlərin tam sığortalanması sistemi olmamalıdır, yəni konkret məbləğ göstərilməlidir.


Banker.az

Son xəbərlər
Digər xəbərlər