Əmlak Məsələləri Dövlət Komitəsi rahatlığı təmin edərək daşınmaz əmlakın qeydiyyatı ilə bağlı bütün xidmətləri vətəndaş ünvanlarında göstərməkdə davam edir.
Komitədən Banker.az-a verilən məlumata görə, hər həftə ayrı-ayrı kənd və qəsəbələrdə keçirilən “Əmlakını qeydiyyata al və mülkiyyətinə sahib ol” sosial kampaniyasının bu həftəki ünvanı Abşeron rayonu, Mehdiabad qəsəbəsidir.
Belə ki, 8-12 oktyabr tarixlərində saat 09:00-dan 17:00-dək komitə əməkdaşları tərəfindən vətəndaşlara qanunvericiliyə uyğun olaraq səyyar xidmətlər göstəriləcək. Sosial aksiya çərçivəsində sakinlər vaxt itirmədən elə yaşadıqları qəsəbədə yaşayış evləri, bağ evləri, həyətyanı torpaq sahələri və digər daşınmaz əmlaklar ilə bağlı qeydiyyat xidmətlərindən yararlana bilər. Müraciət etmək və ya hüquqi məsləhətlər almaq üçün Mehdiabad qəsəbəsi, 20 Yanvar küçəsi, 18 (Mehdiabad İcra Nümayəndəliyinin qarşısında) ünvanındakı mobil ofislərə yaxınlaşmaq kifayətdir.
Qeyd edək ki, 12 kənd və qəsəbədə keçirilən ictimai əhəmiyyətli kampaniya çərçivəsində mobil ofislərə ümumilikdə 850-dən çox vətəndaş müraciəti daxil olub.