Azərbaycan kapital bazarına çıxışı istiqamətində hazırlıq işləri davam etdirən “JET Group Ltd.” şirkətinə reytinq verilib.
Banker.az xəbər verir ki, şirkət beynəlxalq reytinq agentliyi Fitch Ratings tərəfindən “B” səviyyəsində Emitentin Uzunmüddətli Defolt Reytinqi ilə qiymətləndirilib. Reytinq üzrə proqnoz “Sabit” müəyyən edilib. Şirkətin məlumatına əsasən, JET Group Ltd. beynəlxalq kredit reytinqi əldə edən ilk mikromobillik şirkətidir.
Şirkətin maliyyə göstəricilərinə əsasən, 2024–2025-ci illərdə gəlirləri 5 dəfə artıb. 2026-cı ilin I rübünün sonuna faiz ödənişlərini qarşılama qabiliyyətini əks etdirən göstərici 14 dəfə təşkil edib.
JET Group Ltd. 2021-ci ildə Qazaxıstanda təsis olunub və elektrik skuterlərinin paylaşımı xidmətləri göstərir. Şirkət Qazaxıstan, Braziliya, Azərbaycan, Gürcüstan, Özbəkistan, Çili və Meksikada fəaliyyət göstərir. 2025-ci ildə Çili, 2026-cı ildə isə Meksika bazarına daxil olub.
Şirkətin Azərbaycan kapital bazarına çıxışı çərçivəsində istiqraz emissiyasının yerli bank tərəfindən təmin edilməsi nəzərdə tutulur. Hazırda bununla bağlı yerli banklarla görüşlər və müzakirələr davam etdirilir.
Qeyd edək ki, JET Group Ltd. 2023-cü ildən etibarən Astana Beynəlxalq Birjasında (AIX) bir neçə istiqraz emissiyası həyata keçirib.






