18 C
Baku
Thursday, April 25, 2024

Ən böyük prosessinq mərkəzlərindən birinin rəhbəri Calal Orucov ilə müsahibə

Müsahibimiz “MilliKart” MMC-nin İcraçı Direktoru  Calal Orucov

Salam Calal bəy! İlk öncə müsahibəmizi cavablandırmağa razı olduğunuz üçün sizə təşəkkür edir və bir-başa suallara keçid almaq istərdik.

Hal-hazırda Azərbaycanda elektron ödəmələrin səviyyəsini və kart bazarını necə qiymətləndirirsiniz,digər MDB ölkələrindən hansı məsələlərdə geri qalırıq, hansılarda isə irəlidəyik?

Sözün doğrusu bazarları müqayisə etmək üçün əlimdə lazımı, geniş statistik məlumatlar yoxdur. Sadəcə sualın arxa hissəsindən başlayaraq cavab vermək istərdim, MDB ölkələrindən nə arxada deyilik, nə də öndə, Azərbaycandan daha yaxşı inkişaf etmiş bazarlar da vardır və bizdən geri qalanlar da, belə deyək ölkəmiz 4-5-ci yerlərdə qərarlaşıb. Bu zaman mən əsasən plastik kartlarla ödənişləri nəzərdə tuturam, çünki elektron ticarətdə və elektron hesablaşmalarda hələ ki, ilk addımlarımızı atırıq, elektron kommersiya baxımından hələ ki, geridə qalmışıq.

Bunun ən əsas səbəblərindən biri bazarın balaca olmasıdır. Əgər məhz hansı ölkələrdən geri qaldığımızı müqayisə etsək, görərik ki, söhbət bazarın məhz coğrafi cəhətdən böyük olduğu ölkələrdən gedir, harada ki, əhalinin, dövriyyənin, kredit saylarının, həm real, həm də virtual mühitdə fəaliyyət göstərən dükanların, pərakəndəçilərin və təbii ki, müştərilərin sayı daha çoxdur. Məhz bunun hesabına həmin bazarlar yavaş-yavaş inkişaf edir.

Ancaq elektron ticarətin indiki templərini nəzərə alsaq, perspektivlər uğurlu görünür, sözsüz ki, mənim yadımdadır, 2008-ci ildə ilk dükanlar elektron ticarətə qoşulduqda, inandırıcı deyildi ki, onların üzərindən belə ciddi dövriyyələr həyata keçəcək. Hazırda isə mən yalnız MilliKart üzərindən olan göstəriciləri deyə bilərəm, Azərbaycan daxili bu dövriyyə demək olar ki, ay ərzində 3 milyon manata çatmışdır, amma yenə də nəzərə almaq lazımdır ki, bu təkcə ticarətlə bağlı rəqəm deyil, burda həm də kommunal ödənişlər, kabel televiziyası, internet provayderləri və s. əhatə olunur, ən azından müəyyən bir qrup müştəri vardır ki, artıq onlarda elektron ödəmə vərdişi formalaşmışdır. Dövriyyənin bir hissəsini məhz bu ödənişlər təşkil edir.

Cəlal_orucluİndi əsas məqsədimiz odur ki, fəaliyyət göstərən mağazalar bir qədər daha aktiv olsunlar, sözün doğrusu çox dükanlar və mağazalar açılır, amma xarici analoqları ilə müqayisə etdikdə, ortalama götürsək keyfiyyət səviyyəsi elə də yüksək olmur. Düzdür rahat alış veriş etməyin mümkün olduğu və ödənişləri rahat həyata keçirməyin mümkün olduğu çox gözəl mağazalar da az deyil, amma təəssüf ki, standartlara cavab verməyənlər də var. Bu da ona həmin mağazaların sahibləri öz işinə qeyri ciddi yanaşması və təcrübəsizliyindən irəli gəlir.

Azərbaycanda yumşaq desək həm ticarət obyektlərinin, həm də adi kart istifadəçilərin elektron ödəmələrə bir az skeptik baxması nə ilə əlaqədardır və sizin fikrinizcə bu dövr hələ neçə il sürəcək?

Mən deməzdim ki, skeptik yanaşırlar, çünki özüm də mağazalarda alış-veriş edərkən ötən illərlə müqayisədə plastik kartlarla alış-veriş edən, ödənişlər aparan müştərilərin sayının nə qədər artdığını görürəm. Bunu bir neçə səbəblə izah etmək olar, bir tərəfdən bazarda kart məhsullarının artması ilə bağlıdır, digər tərəfdən də təbliğat. Yəni reklam deməzdim buna, belə ki kart sahibləri özləri biri-birini öz aralarında maarifləndirir, bir-birlərinə izah edirlər ki, kartla alış-verişin üstünlükləri nədən ibarətdir. Belə ki, bankomatlardan pulu nağd çıxardıqda müəyyən faizlər tutulur, kartla alış veriş zamanı isə həmin faizləri dükanlar banklara ödəyir, bu prosesləri isə təbii ki, adi müştərilər görmür. Bu baxımdan müəyyən maariflənmə işləri də gedir, kütləvi olmasa belə camaat öz arasında xəbərləşir, məlumat toplayırlar.

İkinci tərəfdən, mağazalarda da vəziyyət düzəlməyə doğru gedir, ilk əvvəllər daha çox çətinliklər var idi, mağazaların kartla ödənişləri qəbul etməməsinin əsas səbəbi onların öz dövriyyələrini gizlətmək istəməsi ilə bağlı idi. Ancaq getdikcə şəffaf işləməyə üstünlük verən ticarətçilər, pərakəndəçilər, mağaza və dükanların sayı artır. Necə ki, bir zamanlar Avropada mağaza sahibləri görürdü ki, kartla ödənişləri qəbul etməsələr müştərilərin sayı azalacaq, öz imkanlı müştərilərini itirəcəklər. İndi Azərbaycanda da bu tendensiya yaranıb və mağaza sahibləri müşahidə edir ki, kartla ödənişləri qəbul etdikdə mağazaya tamamı ilə başqa müştəri auditoriyası cəlb olunur, hansıların ki, pulu var və onlar əlavə məhsullar almağa, xidmətlər əldə etməyə hazırdır.

İndi elə bir pərakəndiçilər qrupu formalaşıb ki, onlar üçün öz dükanlarında müxtəlif brendli kartlar ilə ödəniş etmək imkanının yaradılması bir istəyə deyil, zərurətə, mütləqiyyətə çevrilib.

Azərbaycanda biz bildiyimiz qədəri ilə 2 modeldə prosessinq mərkəzi vardır: bank daxili və konsolidasiya olunmuş (bir neçə bank üçün). Bir neçə il əvvəl demək olar bankların hamısı konsolidasiya olunmuş modeldə olmalarına baxmayaraq bəzi banklar bu modeldən imtina edərək özləri üçün prosessinq mərkəzi yaratmaq qərarına gəliblər.

Sizcə bankları belə bir addım atmağa nə vadar edib, bu keçidin banklara hansı müsbət və hansı mənfi təsiri ola bilər?

Biz bu tendensiya ilə bağlı özümüz də araşdırma aparırıq, əlbəttə ki, bir neçə banka xidmət göstərən bir prosessinq mərkəzi üçün belə qərarlar ciddi təsirə malik olurlar. Banklar öz prosessinq xidmətlərini açmalarını əsasən bir neçə səbəblə izah edirlər. Bir tərəfdən onlar düşünür ki, daha cəld, daha çevik olacaq, müxtəlif yenilikləri daha tez tətbiq edə biləcəklər. Həmçinin düşünürlər ki, müəyyən dövrdən sonra xərclərini azalda biləcəklər. Prosessinq əslində banklara xas olmayan, yaxşı bəlli olmayan bir işdir, ona görə də bu cür layihələrə başlayanda öz araşdımalarında bəzən çox dərinə getmir və yanlış rəqəmlərdən çıxış edirlər.

Təbii ki, elə banklar vardır ki, onların dövriyyələri böyükdür və müştərilərinin, eləcə də kartların sayı daha çoxdur və onların hər hansı bir ikinci şirkətin prosessinq xidmətindən istifadə etməməsi başa düşüləndir. Onların multi prosessinq şirkətlərinə aylıq ödəyəcəyi xidmət haqlarını toplasaq belə banklar bir illik xidmət haqları müqabilində öz prosessinq mərkəzlərini qura və onu işlədə bilərlər. Belə banklara haqq qazandırmaq olar, multi prosessinq xidməti ilə bağlı ikinci bir quruma müraciət etməməklə onlar ilk növbədə əlavə xərclərə qənaət etmiş olurlar.

Amma elə də banklar var ki, onların dövriyyələri və kartlarının sayı kifayət qədər deyil, amma buna rəğmən onlar daha sərbəst olmaq istəyir və maliyyə dünyasında hər bir sərbəstliyin öz dəyəri vardır. Ona görə də bu cür fikirlərlə öz prosessinq mərkəzini yaradanlar ciddi sərmayə və investisiya qoyuluşuna və xərclərə hazır olmalıdırlar. Sərmayədən savayı, prosessinq elə bir fəaliyyət növü deyil ki, bir dəfə investisiya etdin, müəyyən avadanlıq aldın, proqram təminatı quraşdırdın və bu iş bununla da bitdi. Prosessinqin saxlanılması ciddi xərclər tələb edir. Saxlanılma dedikdə söhbət sadəcə prosessinqin cari fəaliyyətinin təşkilindən getmir, prosessinqin up to date prosessi – ən müasir məhsullarının alınması və tətbiqi üçün daima yeni vəsaitlərin qoyuluşu məsələsi gündəmdədir. Multi prosessinq şirkəti olaraq biz öz xərclərimizi müştərilərimiz ilə paylaşır, hansısa şəkildə investisiya qoyuruq və bunun müqabilində müəyyən banklarda hər hansı bir xidməti həyata keçirməklə onları geri qaytarırıq. Bakların və kartların sayı cəmləndikdə bu məbləğlər onların gözündə çox da böyük görünmür.

Amma ayrılıqda, kartların və müştərilərin sayı çox olmayan banklar üçün bu investisiyalar daha ciddi maliyyə yükünə çevrilir. Əksər hallarda onlar dərk etmir, bu işə ciddi yanaşmırlar və düşünürlər ki, bankomat və pos terminallarla bağlı standart proseduralarla əməliyyatlar həyata keçirəcəklər. Amma hər dəfə yeni məhsul çıxdıqda və əlavə investisiya tələbi yarandıqda, düşünürəm ki, onlar bu qərarların qəbul edilməsinə daha ciddi yanaşacaqlar.

Amma biz bu tendensiya ilə savaşmırıq, hələ ki, gözləmə mövqeyi tutmuşuq, inanırıq ki, bu bir növ evolyusiyadır və bir müddət sonra yenə birləşmə tendensiyası müşahidə olunacaq, necə ki, indi ayrılma tendensiyası mövcuddur. Eyni proses Avropada və ABŞ-da da müşahidə olunub, nisbətən fərqli şəkildə. Daha doğrusu orada ilk öncə hər bir bank ayrıca öz prosessinq mərkəzlərini yaratmışdı, daha sonra maliyyə tutan bir iş olduğunu gördükdə konsolidasiya məsələləri ortaya gəldi və banklar iki-iki, üç-üç və daha sonra bir neçə banlar birləşərək müştərək prosessinq mərkəzləri, xidmət göstərən qurumlar yaratmağa başlayır. İndi bizdə nisbətən fərqli tendensiyadır, öncə multi prosesinqlə idi, indi isə banklar ayrılaraq, fərdi prosessinq mərkəzlərini yaradırlar. Amma dünya təcrübəsi göstərir ki, əgər banklar əməliyyatların maya dəyərinə fikir verərsə və məhz bu göstərici meyar olaraq seçilərsə, onda banklar anlayacaq ki, bu xidməti autsorsinq etmək maliyyə baxımından daha səmərəlidir, nəinki sıfırdan öz prosessinq mərkəzini yaratmaq.

Zaman-zaman mən Avropanın və Birləşmiş Ştatların təcrübəsini izləyirəm, elə bizim kimi xidmət göstərən multi-prosessinq şirkətlərinin təklif etdiyi xidmət haqlarına baxanda, bizim qiymətlərdən daha ucuz olduğunu görürük. Ancaq yenə də deyirəm, orada kartların sayı dəfələrlə, on dəfələrlə, 20 dəfələrlə bizdə xidmət olunan kartların sayından daha çoxdur.

Prosessinq fəaliyyəti daha çox say və həcmlə bağlı fəaliyyətdir və həcm artdıqca, əməliyyatların sayı çoxaldıqca və ümumilikdə dövriyyə böyüdükcə bizim də xidmətlərin qiyməti aşağı düşür. Mənim yadımdadır ki, biz bu işə yeni başlayan vaxtlarda xidmət haqları bugünkü ilə müqayisədə 2-3 dəfə daha yüksək idi. Amma kartların sayı artdıqca bizdə də imkan yaranır ki, öz məhsul və xidmətlərimizin qiymətini aşağı salaq.

Calal bəy, bir müddət öncə mən xatırlayıram ki, hətta bankların bankomatlardan müştərək istifadəsi müzakirə obyektinə çevrilmişdir, məgər bu, xərcləri azaltmaq baxımından daha sərfəli olmazdı, nəinki ayrıca bir prosessinq mərkəzlərinin yaradılması?

Əlbəttə ki, əgər banklar bir prosessinq mərkəzində xidmət olunursa, ona qoşulmuş bütün avadanlıqlardan, o cümlədən bankomat və post terminallardan istifadə daha ucuz başa gəlir, nəinki beynəlxalq kart təşkilatları üzərindən keçirilən əməliyyatlar. Baxmayaraq ki, son dövrlərdə onlarda da yavaş-yavaş xidmət haqlarının aşağı düşməsi müşahidə olunur. Ancaq yenə də bir prosessinq daxili əməliyyatlar beynəlxalq əməliyyatlardan olduqca ucuz başa gəlir və burada da banklar müəyyən qədər qənaət etmiş olur.

Dediyim kimi, biz bankların qarşısına çox arqumentlər qoya bilərik, amma onlar öz biznes strategiyasından çıxış edərək, qərarlarını qəbul edirlər. Biz bu qərara müdaxilə etmək istəmirik və edə bilmərik də. Bu baxımdan biz çalışırıq ki, yeni xidmətlərlə, xidmətləri göstərmək tərzimizlə, xidmətin keyfiyyəti və çeşidliliyi ilə bankların bağlılığını qoruyub saxlayaq, administrativ metodlar, hədə-qorxu və s. ilə deyil. Banklar özü bizim prosessinqlə əməkdaşlıqda maraqlı olsun – istər bu xidmətin innovativliyi, istər keyfiyyəti, istər də ucuzluğu və sərfəliliyinə görə, müxtəlif banklar üçün fərqli-fərqli amillər daha vacibdir.

Son dövrdə “MilliKart” rebrendinq həyata keçirtdi – ümumiyyətlə son bir neçə ayda şirkətdə canlanma müşahidə olunur, yeni proyektlərin sayı artır və ümumiyyətlə yanaşma əvvəlkindən kəskin fərqlənir.

Bu dəyişikliklər nə ilə izah olunur. Şirkətin strateji hədəflərində hər hansı bir dəyişiklik olubmu ?

Yenə də bundan öncəki məsələyə qayıdaraq demək istəyirəm ki, biz bazarda müəyyən xaosun hökm sürdüyünün, ayrılmaq və öz prosessinq mərkəzlərinin yaradılması tendensiyası olduğunun şahidiyik. Belə ki, hal-hazırda bazardakı banklar multi prosessinq mərkəzlərindən ayrılaraq fərdi prosessinq mərkəzi yaratmağa meyl edirlər.

Bütün bunlar bizi öz daxilimizə nəzər salmağa sövq etdi. Daxilə diqqət yetirdikdə isə biz görürük ki, MilliKart şirkətinin özünün müəyyən kollektivi vardır, onlar müxtəlif sahələrdə – İT, məhsulların sıfırdan yaradılması və onların tətbiqi, məhsulların satışı və s. sahələrdə kifayət qədər təcrübəsi və potensialı olan əməkdaşlardan ibarət bir heyətdir. Nəyə görə də biz bu potensialdan istifadə etməyək?

Bank sektoru ilə yanaşı digər İT tutumlu sahələr də vardır ki, biz həmin seqmentdə öz bilik və bacarıqlarımızı tətbiq edə bilərik. Ona görə də bu baxımdan deyə bilərəm ki, rebrendinqin əsas məqsədi insanlara mesaj ötürmək idi ki, MilliKart yalnız prosessinq mərkəzi deyil, o müxtəlif xidmətlər həyata keçirə bilən fərqli bir şirkətdir və biz artıq, bu xidmətləri göstərməyə başlamışıq. Biz artıq sığorta və digər böyük pərakəndəçi şirkətlər ilə əməkdaşlığa başlamışıq. Biz həmçinin özümüz bazara, bir-başa istehlakçılara yönəlmiş məhsullar çıxarırıq, yəni ənənəvi olaraq bank üzərindən deyil, bu dəfə istehlakçı ilə bir-başa kontakta girmiş oluruq, MilliKart tərəfindən buraxılmış hədiyyə kartları bizim bu istiqamətdəki ilk addımlarımızdandır. Bütün bunlarla yanaşı banklar bizim daima diqqətimizdədir, indi biz prosessinqlə yanaşı banklara tamam ilə fərqli xidmətlər də təklif etməyi planlaşdırırıq.

“MilliKart”-ı Banker.az olaraq Azərbaycanın ən innovativ prosessinq mərkəzi kimi tanıyırıq. Sizin prosessinq mərkəzində olan proqram təminatları bizdə olan məlumata görə digər prosessinq mərkəzlərindən fərqli olaraq daha çoxfunksiyalıdır və bu servislər əlavə xidmət şəklində banklara təklif olunur.

Yaxın dövrdə “MilliKart-dan hansı yeni xidmətləri və dəyişiklikləri gözləməyə dəyər?

Mən, hər hansı bir məhsul bazara çıxmazdan öncə onun haqqında açıqlama verməyi və anons etməyi xoşlamıram, bizim bununla bağlı press-relizlərimiz olacaq. Fikirləşirəm ki, yeni təqdim edəcəyimiz xidmət və məhsullar bank ictimaiyyətinin marağına səbəb olacaq, nəinki MilliKartda xidmət olunan, ümumiyyətlə bütün bankların diqqətini çəkəcək. Çalışırıq, tək xidmətlə kifayətlənməyək, yeni məhsulları çıxaraq. Bizim öz proqramlaşdırma imkanlarımız var. Biz banklar, sığorta şirkətləri, iri onlayn mağazalar, pərakəndəçilər və s. şirkətlər üçün onların sifarişləri əsasında müxtəlif proqramlaşdırma işləri, proqram təminatları, yeni məhsulların sıfırdan yaradılması ilə məşğuluq.

Digər bir istiqamət isə məsləhətçi xidmətləri ilə bağlıdır. Biz plastik kartlar, elektron ticarət, elektron pullar ilə bağlı öz məsləhətçi xidmətlərimizi nəinki hal-hazırkı bazar iştirakçılarına, həm də bazara yeni daxil olmaq istəyən oyunçulara da təqdim etməyə hazırıq.

Əgər qonşularımıza və ya bizə daha yaxın olan Türkiyə bazarına nəzər salsaq, plastik kartların daha çox funksiyalı olduğunu görə bilərik, məsələn eyni kartdan metro və ya muzeylərə keçid kartı kimi istifadə etmək mümkün olur.

Azərbaycanda belə bir kartların yaranması gözlənilirmi və ümumiyyətlə bazarda buna tələbat varmı?

Azərbaycan bazarının ən başlıca problemi ondadır ki, bu bazar kifayət qədər balacadır. Proqram təminatı istehsal edən xarici şirkətlər kartlarda yeni funksiyaların tətbiqinə dair onlarla danışıqlar aparanda eyni məhsulu həm Türkiyə, həm də Azərbaycan bazarına eyni qiymətə satırlar, bu zaman ölkədə kartların və kart istifadəçilərinin sayının fərqli olduğu nəzərə alınmır. Kart istifadəçilərinin sayını nəzərə alsaq Azərbaycanda bu sərmayələrin geri qayıtması daha uzun müddət vaxt tələb edir. İstər Türkiyə olsun, ya da Ukrayna, Rusiya, Belorus və ya Qazaxıstanın özü. Onlar bu cür investisiyalara daha rahat gedir. Siz dediyiniz bu texnologiyalar yeddi rəqəmli investisiyalar tələb edir. Düzdür, Azərbaycanda da belə investisiyalara getmək olar, amma bazarın balaca olması və xidmətdən yararlanan istifadəçilərin azlığı belə investisiyalardan olan qayıdışların kifayət qədər ləngiməsinə səbəb olur. Nəzərə alsaq ki, MilliKart kommersiya təşkilatıdır, onda hər hansı bir investisiyaya getmək üçün hər bir qoyulan 1 manatın arxasında ən azı 1 manat 10 qəpik dayanmalıdır. Taktiki baxımdan, strateji baxımdan demirəm hələ ki, bu ilin sonuna qədər planlarımıza daxil deyil. Bu tip texnologiyaların tətbiqi tələb edir ki, kartlardan mümkün qədər çox istifadə edilsin. Ona görə də biz hələ ki, gözləmə mövqeyindəyik.

Həm də burada hər şey təkcə prosessinq mərkəzindən deyil, həm də banklardan asılıdır, çünki nəticədə müştərilər, kart istifadəçiləri bizi deyil, bankları tanıyır, onlar bankın müştəriləridir və biz bir-başa onlara çıxış əldə edə bilmərik. Hər hansı bir məhsulu müştəriyə təqdim etməkdən ötrü ilk növbədə banklar da bu işdə maraqlı olmalıdır. Əfsuslar olsun ki, banklar da hələ ki, bu işdə passivdir və passivliyin səbəbini də mən az öncə izah etdim. Bazar balacadır deyə, banklar da investisiyaların qayıdışı ilə bağlı ciddi sualla üzləşirlər. Bəlkə 2014-cü ildə belə bir xidmətləri müştərilərimizə təqdim edə bildik, bu həm də həmin dövrə qədər bu məhsulun müəyyən həddə qədər ucuzlaşması ilə mümkün ola bilər.

İndi hal-hazırda Azərbaycanda adı dillər əzbəri olan nəqliyyat kartı layihəsinin həyata keçirilməsi uğrunda ciddi işlər görülür. Bu layihə çərçivəsində ciddi infrastruktur yaradılacaq. Bu infrastruktur təkcə nəqliyyat kartları üçün deyil, həm də digər bank kartları üçün keçərli olacaq, ona görə də biz bu layihənin davamının necə olacağını gözləyirik. Görək ki, bu layihə həqiqətən uğurlu və effektivdir, biz də bu sahəyə ciddi investisiyalar qoyub bizdə xidmət olunan bankların müştəriləri üçün bu cür imkanlar yarada bilərik. Yenə də sizin qeyd etdiyiniz texnologiyalar – NFC simsiz əlaqə texnologiyalarıdır. Bu sahədə sözün doğrusu xaricdə də bir mənalı fikir yoxdur. Texnoloji baxımdan hansı texnologiya növünün daha davamlı və uzunömürlü olacağı bəlli deyil. Ona görə hələ ki, yanlış texnologiyaya da investisiya etmək istəməzdik.

Calal bəy, kifayət qədər böyük şirkətə rəhbərlik etməklə yanaşı həmçinin sosial həyatda da aktiv insansınız – mən deyərdim ki, siz daha çox intellektual oyunların iştirakçısı kimi tanınırsınız, nəinki biznesmen kimi.

Vaxt və enerji baxımdan çətin deyilmi? Vaxtınızı necə idarə edirsiniz?

Rebrendinq həyata keçirilənə qədər MilliKart mətbuatda və ictimaiyyətdə, təqdimatlar baxımından öz tanıtımına və reklamına o qədər də önəm vermirdi, çünki bizim əsas fəaliyyətimiz banklarla bağlı idi və müştərilərin və ya hər hansı bir mağazanın bizi tanımasına gərək qalmırdı. Çünki bir növ ön ofis xidmətlərinin hamısı bankda baş verirdi, biz isə yalnız arxa ofis kimi xidmət göstərirdik. Amma rebrendinqin nəticəsi olaraq, bizdə yeni müştəri kütlələri yaranmağa başladı. Düşünürəm ki, rebrendinqdən sonra həm MilliKart özü bir şirkət kimi, həm də onun əməkdaşları və elə mən özüm də professional cəhətdən daha yaxşı tanınırıq, bu baxımdan düşünürəm ki, daha məni təkcə intellektual oyunlara görə də deyil, həm də öz işinin peşəkarı olan bir insan kimi, professional fəaliyyətimə görə tanıyacaqlar.

Digər tərəfdən vaxtın idarəetməsi məsələsinə gəldikdə, yəni hobbi və işin çatdırılması ilə bağlı qeyd etməliyəm ki, hobbim o qədər də vaxt aparmır. Bununla əsasən qeyri iş vaxtlarında məşğul oluram. Əgər bununla əlaqədar olaraq, öz bilik dairəmi genişləndirmək üçün yeni məlumatlar toplamalı və kitablar mütaliə etməliyəmsə, bu onsuz da bir vərdişə, həyat tərzimin bir hissəsinə çevrilmişdir. İstər-istəməz işdən kənar vaxtlarda yeni biliklər əldə etmək üçün mütaliə edirəm, istər bu kitab olsun, ya elektron mənbələr, ya da sənədli filmlərin izlənməsi və s. Bununla yanaşı idmanla da məşğul oluram ki, bu da işlərimə mane törətmir. Hobbim artıq həyatımın ayrılmaz bir hissəsinə çevrilmişdir. Əfsuslar olsun ki, qeyri-iş vaxtlarımın miqdarı o qədər də çox olmur, bildiyiniz kimi biz 24/7 xidmət göstəririk, bəzi işlər var ki, biz onları gecə saatlarında həyata keçirməli oluruq, çünki bəzi yeniliklərin, layihələrin tətbiqi və ya hər hansı bir problemlərin aradan qaldırılması ilə əlaqədar olaraq, sistemdə dayanmalar ola bilər və müştərilər bu kimi halları nə qədər az seyr etsə o qədər yaxşıdır. Bizim işimizin spesifikası belədir ki, daima nəzarət tələb edir. Amma imkan olduqca hobbimə vaxt sərf etməyə çalışıram.

Cəmiyyətdə kifayət qədər uğur qazanmış insan kimi gənclərimizə, biznesə və ya karyerasına yeni başlamış gənclərimizə nə tövsiyələr verərdiniz?

Hərəkətdə olmaq lazımdır, gözləmək lazım deyil ki, kimsə sizə hansısa işi başa salacaq və ya sizin yerinizə hər hansı bir işi yerinə yetirəcək. Biz MilliKart olaraq çalışırıq ki, yeni yaranan və elektron ticarət, elektron pul və plastik kartlar sahəsində fəaliyyət qurmaq istəyən bizneslərə dəstək olaq, biz yaxşı başa düşürük ki, bu gün 2-3 nəfərdən ibarət bir “start-up” gələcəyin nəhəng bir şirkətinə çevrilə, o cümlədən bizim ən iri müştərimiz ola bilər. Çalışırıq ki, istər biznes, istər bilik və təcrübə, ya da texnoloji baxımdan şirkətlərə dəstək olaq, ona görə də müəyyən ünsiyyət yaratmaqdan, əlaqələrə girməkdən çəkinmək lazım deyil.

Son zamanlar yeni “star-up”-ların təqdimatları ilə bağlı tədbirlərə böyük üstünlük verilir. Biz də MilliKart olaraq bu tədbirlərdə iştirak etməyə çalışırıq, birinci növbədə ona görə ki, plastik kart, elektron ödənişlər və elektron pullar ilə bağlı xidmətlər təklif edən hər hansı bir yeni start-up öz layihəsi ilə diqqətimizi çəkə bilər, bizə maraqlı olar bilər. Digər tərəfdən isə göstərmək istəyirik ki, MilliKart yeni başlayan bizneslərə dəstək göstərməyə hazırdır.

Bu gün bizim bazarda kifayət qədər imkanlar var, istər xidmət sahəsində, istərsə də məhsullar baxımından böyük boşluqlar vardır. Ona görə bazarı araşdırıb, öz sahəni, bazardakı, öz yerini, seqmentini tutmaq lazımdır. İki-üç ildən sonra bu olduqca çətin olacaq və bazarda iri oyunçular peyda olacaq, nə qədər ki, boşluqlar var, onlardan faydalanmaq gərəkdir. Ona görə də hərəkətdə olmaqdan qorxmaq lazım deyil.

Düzdür yeni-yeni vaxtlar biznes dərhal uğur qazanmaya, gəlir gətirməyə bilər. Bəzən bunun üçün bir neçə illər, aylar tələb olunur. MilliKart da ilk olaraq, sıfırdan yaranan vaxtlarda dərhal gəlirlər əldə etməyib, işçilərin komandan formalaşması üçün müəyyən sərmayələr edilib. Heç bir biznes bir günə qurulmayıb. Düzdür, indi “start-up”-çılar çox zaman Facebook-u misal gətirir, amma heç də o indiki səviyyəyə bir ilə gəlib çatmayıb. Ona görə də, müəyyən səviyyədə yeni biznesə başlayarkən səbirli olmaq lazımdır.

Vaxt ayırıb, suallarımızı cavablandırdığınız üçün təşəkkür edirik.

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər