Azərbaycan Şimali Kipr Türk Respublikasının Türk Dövlətləri Təşkilatına üzv olmasını dəstəkləyir.
Bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycan səfərindən geri dönərkən yerli jurnalistlərə müsahibəsində deyib.
Ərdoğan qeyd edib ki, o, bu nəticəyə Azərbaycan Prezidenti İlham Əliyevlə görüşündən sonra gəlib.
“TDT-yə üzv ölkələr həqiqətən bizim üçün bu məsəldə müsbət siqnal verməli olan ölkələrdir. Yəni Türk Dövlətləri Birliyi olaraq keçirdiyimiz ikitərəfli görüşlərdə həmişə “Türkiyə bu mövzuda hansı addımı atırsa, biz də təbii ki, onun yanındayıq” deyirlər. Əslində, bu gün qardaşım İlham Əliyevlə keçirdiyimiz görüşdə də mövqe belə idi”, – deyə o bildirib.
Türkiyə lideri, Şimali Kipr Türk Respublikası ilə bağlı Türkiyənin Birləşmiş Millətlər Təşkilatına təqdim etdiyi bəyanatlar istiqamətində türk dövlətlərinin liderləri olaraq ortaq bir işin görülməsinə ümid etdiyini də vurğulayıb.