24 C
Baku
Sunday, June 16, 2024

Əsl zəhmətin bəhrəsi

Olduqca varlı bir atanın çox tənbəl bir oğlu var idi. Onun zəhmət haqqında heç bir anlayışı yox idi: artıq hazırlanmış yeməklərdən yeyib-içir, başqalarının tikdiyi paltarları geyinirdi. Bütün bunlarla yanaşı i həmçinin çox israfla məşğul olurdu. Oğlunu zəhmətə öyrətmək və iradəli etmək üçün ata onu uzaq bir kəndə apardı. Burada o oğlunu bir kabardinliyə fəhlə olaraq verdi və oğlu ildə bir qızıl qarşılığında onun yanında işləməli idi.

Fəhlənin valideynlərinin çox varlı insanlar olduğunu bilən sahib onu çox işləməyə qoymur, yaxşı qidalandırır və geyindirirdi. Bir ildən sonra usta ona bir qızıl verərək evinə yola salır. Oğlan evə gəlir və qazandığı qızıl pulu atasına verir. Atası pulu götürdükdə ona heç baxmadan çaya atdı; oğlu isə öz növbəsində atasının bu qəribə hərəkətinə heç bir reaksiya vermədi.

Növbəti ikinci il ata oğlunu yenə bir qızıl qarşılığında başqa bir ustaya verdi.

İkinci ustada birinci kimi şagirdi zəhmətə öyrətmirdi: o da onu yaxşı qidalandırır və geyindirirdi. Bir il keçdikdən sonra isə ona bir qızıl pul verərək evə yola salır. Oğul atasının yanına gələrək qızıl pulu ona təqdim edir; ata yenə də pulu götürərək sakitcə çaya atır; oğul da əvvəlki kimi heç yerindən tərpənmir.

Üçüncü il isə ata oğlunu lap uzaq bir kəndə apararaq çox kasıb bir ustaya şagird olaraq verir. Lakin bu dəfə o iş qarşılığında heç bir ödəniş müəyyən etmir. Yeni sahib elə ilk gündən onu yorulana qədər işləməyə məcbur edirdi və yalnızca axşamlar iş bitdikdən sonra ona yemək verirdi. Zəhmət tənbələ ağır gəldi: o tez gücdən düşür və torpağın üzərinə yıxılırdı. Sahibi isə istirahət etməyə icazə vermir və onu müftəxor adlandırırdı. Zamanla tənbəl şagird işə elə vərdiş etmişdi ki, artıq sahibi onun işindən razı qalırdı. Bir il işlədikdən sonra onun əllərində qabarlar yaranmış, paltarları isə köhnəlmiş və cırılmışdı. İlin tamamında sahibi ona iki qızıl pul verərək onu evə yola salır.

Oğul əvvəlki illərdə olduğu kimi atasının yanına gələrək iki qızıl pulu ona verir. Ata qızıl pulları götürüb çaya atmaq istədikdə oğlu onun əlindən tutdu.

Ata təəccüblə oğluna baxdı, lakin oğlu dedi:

– Ata, bu pulları çaya atma: mən onları böyük zəhmətlə qazanmışam!

Son xəbərlər
 ⁠
Digər xəbərlər