2 C
Baku
Saturday, December 14, 2024

Əvvəlki qaydada istehlak kreditlərinin verilməsi nə üçün səmərəli deyildir?

İndiyə qədər Azərbaycanın bank sektorunun özəyini təşkil etmiş istehlak kreditləri bazarı son illlərə qədər özünün intibah dövrünü yaşayırdı. Banklar bu kreditlər hesabına həm filial şəbəkəsini genişləndirir, həm də kifayət qədər yüksək gəlir əldə edirdilər. Lakin dünya bazarlarında neftin qiymətinin enməsi, nəticədə devalvasiyaların baş verməsi əhalinin gəlirlərinin azalması, xarici valyutada olan öhdəliklərinin artımına səbəb oldu. Bu isə öz növbəsində bankların gəlirlərinin azalması, vaxtı keçmiş kreditlərinin həcminin artması ilə nəticələndi. Devalvasiya dövründən sonra demək olar ki, bütün banklar xərclərin optimallaşdırılması strategiyasını əsas götürərək bütün maddələr üzrə qənaətə, həmçinin də filialların sayının azaldılmasına başladılar. Belə bir dövrdə bankların gələcək perspektivləri hər kəsdə sual yaradırdı. Bu suallara cavab vermək üçün ARPA Risk Ekspertlər Qrupunun rəhbəri, iqtisadçı-ekspert Elman Sadıqova müraciət etdik.

Elman Sadıqov istehlak kreditləri ilə bağlı bildirdi ki, indiyə kimi bankların əksəriyyətininelman sadiqov 1 əsas gəlir mənbələrindən biri istehlak kreditləri olmuşdur. Lakin, təəssüf ki, ölkənin bankları tərəfindən verilən istehlak kreditlərinin iqtisadiyyat üçün zərəri yerli istehsalın təşviqinə xidmət etmədiyi üçün xeyrindən daha çox olmuşdur. Bu sxemlə kreditləşmənin mənfi nəticəsi kimi daha çox iki faktoru xüsusi vurğulamaq olar. Birincisi xarici şirkətlərin maliyyələşməsi – çünki Azərbaycanda istehlak məqsədi ilə alınmış kreditlər daha çox xaricdə istehsal edilən məişət texnikası, avtomobil və digər istehlak məhsullarına xərclənmişdir. İkinci məsələ isə, xaricdə istehsal edilmiş məhsulların alışı məqsədilə daha çox xarici valyuta ölkədən çıxmışdır. Yəni, bəzən ifrat istehlak xarici valyutada alınan malların satışını daha da genişləndirməyə xidmət edən istehlak kreditləri vasitəsilə maliyyələşdirilmişdir.

Lakin bu heç də o demək deyildir ki, istehlak kreditləri ölkə iqtisadiyyatına ümumiyyətlə lazım deyildir. Bir çox inkişaf etmiş və etməkdə olan ölkələrin iqtisadi inkişafında, istehsalının genişlənməsində istehlak kreditlərinin rolu böyük olmuşdur. Bir çox ölkələr həm iqtisadi inkişaf, həm də böhran dövrlərində istehlakla bağlı siyasətlərini XX əsrin məşhur iqtsadçısı J.M.Keynesin nəzəriyyəsinə əsaslanaraq qurmuşlar. Burada əsas strategiya istehlak indeksinin aşağı düşməsinə imkan verməmək, (yerli malların) istehlakını hətta büdcə kəsirini artırmaq hesabına olsa belə genişləndirməkdir. Çünki, yerli malların istehlakı davamlı istehsal, investisiya və iş yerləri deməkdir. Burada əsas şərt istehlak kreditləri bazarının düzgün təşkilidir. Düzgün təşkil edilmiş bazarda həm istehsalçılar qazanır, həm valyuta ehtiyatları ölkədən çıxmır, əhalinin alıcılıq qabiliyyəti idarə olunan səviyyədə saxlanılır və s.

Məsələnin digər tərəfi resursların bahalaşması və məhdudlaşması məsələsidir. Neftin qiymətinin düşdüyü hazırki dövrdə ölkəyə valyuta axını azalıb, yeni iş yerlərinin açılması sürəti zəifləyib, real iqtisadiyyatın inkişafı səngiyib. Belə bir dövrdə veriləcək kreditlərin geri qayıtmama riskinin yüksək olması kredit faizlərinin də yüksək olmasına səbəb olur. Digər tərəfdən isə resurslar əvvvəlki kimi çox olmadığından daha səmərəli istifadə olunmalıdır.

Düzdür, bundan sonra da istehlak kreditləri təklif ediləcək, lakin əvvəlki illə müqayisədə dəfələrlə aşağı səviyyədə. Burada əsas risklər odur ki, veriləcək kreditlər daha çox əhalinin digər borclarının bağlanmasına və s. problemlərin həllinə yönələ bilər. Doğrudur, əhalinin nisbətən az riskli seqmenti də vardır ki, həmin seqment indiyə qədər də kreditlərdən az istifadə edib və yaxud kredit öhdəlikləri yoxdur. Bu seqmentə də istehlak kreditlərinin verilməsi ölkədən valyuta axınını artırması səbəbindən iqtisadi cəhətdən səmərəli addım olmazdı. Bu səbəbdən bank sistemində istehlak kreditlərinin aktiv şəkildə verilməsinin bərpası və ya fəaliyyətin istehlak kreditləri üzərində qurulması ən azı yaxın 2-3 il ərzində etibarlı deyildir.

Yuxarıda qeyd edilənləri nəzərə alaraq, düşünürəm ki, yaxın dövr ərzində aktiv istehlak kreditləşməsini unutmaq lazımdır. Banklar daha çox biznes proseslərin optimallaşdırması ilə məşğul olmalı, investisiya layihələrində iştirak etməli, yerli malların istehlakının kreditləşməsi üçün yeni mexanizmləri işləyib hazırlamalı və bazara alternativ yeni məhsullar təqdim etməlidirlər.

Son xəbərlər
Digər xəbərlər