Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində banka terrorçuluq barədə yalan məlumat verməkdə təqsirləndirilən Vəliyev Hidayət İslam oğlunun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
“Report”un xəbərinə görə, hakim Rauf Əliyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
Məhkəmənin hökmü ilə H.Vəliyev hadisəni anlaqsız vəziyyətdə törətdiyi üçün cinayət məsuliyyətindən azad edilib. Onun psixi xəstəxanada məcburi müalicə olunması barədə qərar verilib.
Qeyd edək ki, hadisə bu il baş verib. H.Vəliyev Daxili İşlər Nazirliyinin “102” xidməti-zəng mərkəzi sisteminə zəng edərək “Azərbaycan Beynəlxalq Bankı”nın ofisinə bomba qoyulması barədə məlumat verib. Daha sonra onun verdiyi məlumatın yalnız olduğu aşkarlanıb. İbtidai istintaq zamanı H.Vəliyevin hadisəni anlaqsız vəziyyətdə törətdiyi müəyyənləşib.
O, Cinayət Məcəlləsinin 216-cı (terrorçuluq barədə bilə-bilə yalan məlumat vermə) maddəsi ilə ittiham olunub.