Neft İxrac edən Ölkələr Təşkilatı (OPEC) bu ilin III-IV rüblərində dünya bazarında neftə tələbatın artacağını və bunun qiymətlərə müsbət təsir edəcəyini gözləyir. Agentliyin “RİA Novosti”yə istinadən yaydığı məlumata görə, bu barədə təşkilatın prezidenti, Qətərin energetika naziri Məhəmməd bin Saleh-əl-Səda açıqlama verib.
Onun sözlərinə görə, OPEC ölkələri sentyabrda Əlcəzairdə keçiriləcək XV Beynəlxalq Energetika Forumunda qeyri-rəsmi məsləhətləşmələr keçirməyi planlaşdırır. Əl-Səda qeyd edib ki, bu ilin fevralından başlayaraq neftin qiyməti sabit şəkildə artmağa başlayıb. Buna səbəb isə hasilatın azalması, müxtəlif regionlardan “qara qızıl” axınının zəifləməsi və dünyada neftə tələbatın artması fonunda neft ehtiyatlarının azalmasıdır.
OPEC rəhbəri onu da bildirib ki, hazırda dünya bazarında neftin qiymətinin azalması və vəziyyətin tez-tez dəyişməsi müvəqqəti xarakter daşıyır. Onun sözlərinə görə, bu, neftin emalı nəticəsində alınan məhsullarda gəlir marjasının azalması, Böyük Britaniyada keçirilmiş referendumun (Brexit) maliyyə bazarlarına təsir etməsi ilə bağlıdır.
Nazir qeyd edib ki, iri neft istehlakçısı olan dövlətlərin iqtisadi göstəriciləri getdikcə yaxşılaşacaq. Bundan başqa, şimal yarımkürəsində qış rejiminə hazırlıq gedir. Bütün bunlar ilin sonuna qədər neftə tələbatı artıracaq və qiymətlər yüksələcək.
Report