Azərbaycan sahibkarları Dövlət Gömrük Komitəsinin (DGK) istifadəyə verməyi planlaşdırdığı “Yaşıl Dəhliz” buraxılış sistemini səbirsizliklə gözləyir.
Banker.az saytı “Report”-a istinadla açıqlama verir ki, “Hellmann Worldwide Logistics” şirkətinin direktoru Kamran Həbibov deyir ki, bu sistem Komitənin iş adamları üçün atdığı ən gözəl addımlardan biridir.
Onun sözlərinə görə, rəhbərlik etdiyi şirkətin ən çox ünsiyyətdə olduğu və işlədiyi dövlət qurumu məhz DGK-dır: “Komitədə son zamanlar çox gözəl islahatlar həyata keçirilir. Artıq müsbət nəticələr də var. Ancaq hələ də problemlər qalmaqdadır”.
Onların da həllini tapmalı olduğunu düşünən K. Həbibovun fikrincə, son zamanlar DGK-nın sahibkarla görüşlərin keçirilməsi bu baxımdam müsbət rol oynayır: “Bu gün sahibkarlar üçün ən əsas məsələ biznesin qeydiyyatının və gömrük rəsmiləşdirilməsinin sadələşdiriliməsidir. Təbii ki, gömrük rəsmiləşdirilməsi nə qədər sadə olsa, sahibkarlar üçün o qədər yaxşı olar. İnanıram ki, “Yaşıl dəhliz” bu məsələdə böyük rol oynayacaq”.
“Hellmann Worldwide Logistics”in direktoru inanır ki, Azərbaycanda gömrük prosedurları sadələşdiriləcək: “Hazırda gömrük prosedurları 1-2 iş günü vaxt tələb edir. Ümid edirəm ki, “Yaşıl dəhliz” sisteminə keçəndən sonra bu prosedurlar bir çox xarici ölkələrdə olduğu kimi bir neçə saat çəkəcək”.
“Yaşıl dəhliz”in tətbiqinə fevralın 1-dən başlanılacaq
Ötən il dekabrın 21-də Prezident İlham Əliyev “Xarici ticarət iştirakçılarının “Yaşıl dəhliz” buraxılış sistemindən daimi istifadə hüququnu əldə etməsi, həmin hüququn dayandırılması, ləğvi və bərpası Qaydası”nın təsdiq edilməsi haqqında Fərman imzalayıb. DGK isə artıq bu fərmandan irəli gələn məsələlərin icra mexanizmi ilə bağlı sahibkarların məlumatlandırılmasına başlayıb.
Artıq fevralın 1-dən ölkədə “Yaşıl dəhliz” buraxılış sisteminin tam tətbiqinə başlanılacaq. Əslində, “Yaşıl dəhliz” buraxılış sistemi artıq pilot variantda həyata keçirilir. Bundan sonra, demək olar ki, bütün sahibkarların arzusu yerinə yetəcək. Belə ki, sahibkarlar gömrük orqanına getmədən, gömrük əməkdaşı ilə təmasda olmadan qısa idxal bəyannaməsini əvvəlcədən elektron qaydada gömrük orqanına göndərməklə, malların yükləmə və gömrük rəsmiləşdirməsi proseslərini icra edə biləcəklər. Yəni, artıq uzun-uzadı növbələr, sənədləşdirmə işləri olmayacaq. Bundan başqa, “Yaşıl dəhliz” sisteminin tətbiqi ilə onlar nəqliyyat vasitələrini gömrük təminatının tanınma nişanları, plomblarla təmin edərək istənilən gömrük-sərhəd buraxılış məntəqəsindən ixrac əməliyyatını həyata keçirə biləcəklər. Bir sözlə, “Yaşıl dəhliz” buraxılış sisteminin tətbiqi ilə vətəndaş-məmur təması minimuma endiriləcək. Bu isə öz növbəsində şəffaflığın tam təmin olunmasına şərait yaradacaq. Necə deyərlər, fevralın ilk günündən idxal əməliyyatları ilə məşğul olan sahibkarlar da bu sistemdən yararlanacaqlar.
“Yaşıl dəhliz”dən kimlər yararlana bilər?
“Yaşıl dəhliz” buraxılış sistemindən istifadə daimidir. Ancaq ilk növbədə sual yaranır ki, görəsən bu buraxılış sistemindən istifadə hüququndan kimlər əldə edəcək və bundan kimlər yararlana biləcəklərlər?
Prezidentin imzaladığı fərmana əsasən, ancaq idxal əməliyyatlarının həyata keçirilməsi sahəsində son 1 il ərzində təcrübəsi olan, gömrük orqanlarının təqdim etdikləri elektron xidmətlərdən istifadə bacarıqları olan və ya bu xidmətlərdən istifadəni təmin edəcək səlahiyyətli şəxslə müqaviləsi olan subyektlər idxal-ixrac əməliyyatlarının həyata keçirilməsi üçün “Yaşıl dəhliz” buraxılış sistemindən daimi istifadə hüququ əldə edə bilərlər.
Bundan başqa, daşımaları beynəlxalq daşıma standartlarına cavab verən nəqliyyat vasitələrindən istifadə edilməklə həyata keçirən və Nazirlər Kabinetinin müəyyən etdiyi tələblərə cavab verən malların saxlancı üçün nəzərdə tutulan anbarlardan iistifadə edən, həmçinin qaçaqmalçılıq və ya gömrük ödənişlərinin ödənilməsindən yayınma ilə bağlı cinayətə görə məhkumluğu olmayan, o cümlədən məhkumluğu ödənilmiş və ya götürülmüş bütün tələblərə cavab verən aşağı risk qrupuna aid şəxslər idxal-ixrac əməliyyatlarının həyata keçirilməsi üçün “Yaşıl dəhliz”dən yararlana biləcəklər.
Yalnız bu tələblərə cavab verib-vermədiyini DGK həmin şəxsin elektron formada müraciəti əsasında bir ay müddətində yoxlayacaq. Uyğun tələblərə cavab verən şəxsə də ixrac əməliyyatları üzrə “Yaşıl dəhliz” dən daimi istifadə hüququ veriləcək və bu barədə ona müvafiq bildiriş göndəriləcək. “Yaşıl dəhliz” dən daimi istifadə hüququnun verilməsindən imtina barədə qərar qəbul edildikdə, onun səbəbləri göstərilməklə ərizəçiyə 1 iş günü ərzində elektron qaydada bildiriş göndərilcək.
“Yaşıl dəhliz”dən imtina verilmiş sahibkara imtina cavabı da birdəfəlik olaraq verilmir. Belə ki, onlar da “Yaşıl dəhliz” dən daimi istifadə hüququnun verilməsindən imtinaya əsas olmuş səbəblər aradan qaldırıldıqdan sonra yenidən Komitəyə müraciət edə bilərlər. Bundan başqa, xarici ticarət iştirakçısı “Yaşıl dəhliz” dən daimi istifadə hüququnun verilməsindən imtina barədə qərardan inzibati qaydada və məhkəməyə, həmçinin Komitənin Apellyasiya Şurasına, Komitənin Apellyasiya Şurasının qərarından isə Prezident yanında Apellyasiya Şurasına şikayət verə bilərlər.
“Yaşıl dəhliz”dən istifadə sahibkara nə verəcək?
“Yaşıl dəhliz” buraxılış sistemindən daimi istifadə hüququnu əldə etmiş şəxslərin əsas üstünlüklərin biri malların və nəqliyyat vasitələrinin gömrük sərhəd buraxılış məntəqələrindən daha sürətli keçidinin təmin edilməsidir. Bundam başqa, gömrük sərhəd buraxılış məntəqələrində, ticarətin asanlaşdırılması mərkəzlərində və gömrük rəsmiləşdirilməsinin həyata keçirilməsi üçün müəyyən edilmiş digər yerlərdə gömrük orqanlarının göstərdikləri xidmətlərin prioritet qaydada yerinə yetirilməsidir.
Həmçinin, “Yaşıl dəhliz” buraxılış sistemi gömrük auditinin tətbiqi ilə fiziki gömrük yoxlamalarını minimuma endirəcək, malların gömrük ekspertizasının aparılması xidmətlərinin prioritet qaydada həyata keçirəcək, gömrük orqanlarının razılığı əsasında gömrük ərazisinə gətirilən və bu ərazidən aparılan malların gömrük rəsmiləşdirilməsini gömrük orqanları əməkdaşlarının tərəfindən iş yerindən kənarda və iş vaxtından kənar saatlarda aparmasını təmin edəcək.
İdxal zamanı “Yaşıl dəhliz”in tətbiqi idxal olunan malların şəxsin anbarlarına birbaşa aparılmasını, gömrük bəyannaməsi təqdim olunduğu təqdirdə, gömrük orqanlarının razılığı əsasında malların daşındığı nəqliyyat vasitələrindən gömrük eyniləşdirmə vasitələrinin (plombların və s.) müstəqil qaydada çıxarılması və malların boşaldılmasını təmin edəcək.
İxrac zamanı ixsə “Yaşıl dəhliz”in daimi istifadəçisinin fəaliyyət zonasını əhatə edən gömrük orqanına getmədən, ixrac olunan mallara və nəqliyyat vasitələrinə dair məlumatları özündə əks etdirən gömrük bəyannaməsini elektron qaydada gömrük orqanlarına təqdim etməklə, malları bəyan etdiyi gömrük sərhəd buraxılış məntəqəsinə birbaşa göndərməsini, həmçinin “Yaşıl dəhliz”in daimi istifadəçisinin gömrük orqanlarının tanıdığı eyniləşdirmə vasitələrini müstəqil tətbiq etməsini həyata keçirməyə imkan verəcək.
Ekspertlər nə düşünür?
Ekspertlər düşünürlər ki, yeni sistem maliyyə intizamının gücləndirilməsinə, sahibkarlar arasında könüllü riayət prinsipinin formalaşmasına şərait yaradacaq. Prezidentin imzaladığı və gələn aydan qüvvəyə minəcək bu fərman ölkə iqtisadiyyatının, qeyri-neft sektorunun inkişafına dəstək olacaq. Sahibkarlıq mühitinin yaxşılaşdırılmasına, ölkənin ixrac potensialının gücləndirilməsinə münbit şərait yaradacaq. Bundan başqa, “Yaşıl dəhliz” buraxılış sisteminin tətbiqi ölkədə kənd təsərrüfatı məhsullarının ixracı sahəsində atılan ən mühüm addımlardan biri kimi qiymətləndirilir.
Mütəxəssislər deyir ki, “Yaşıl dəhliz” buraxılış sistemi idxal-ixrac əməliyyatları zamanı gömrük rəsmiləşdirilməsinin asanlaşdırılmasına, şəffaflığın təmin olunmasına şərait yaradacaq. Yeni qayda qida məhsullarının idxal-ixrac prosesi zamanı da sahibkarların fəaliyyətinə müsbət təsir göstərəcək.
“Yaşıl dəhliz” ilə bağlı yeni qaydanın tətbiqinin şəffaflığın təmin olunması üçün bir nümunə olduğunu, xarici ticarət iştirakçılarının bir sıra üstünlüklər əldə etməsinə şərait yaradacaq. Bəyannamələrin mallar gəlmədən öncə elektron qaydada ötürülməsi, əlavə vaxt itkisinin və məsrəflərin qarşısını alacaq, işgüzar fəaliyyətin genişlənməsinə, gəlirlərin artmasına müsbət təsir göstərəcək.
Bəzi şirkətlər “Yaşıl dəhliz”in üstünlüklərdən yararlana bilmirlər
“Ötən ildən etibarən, gömrük orqanlarının yaşıl dəhliz rejimi barədə məlumatın çatdırılması üçün əhəmiyyətli addımlar atmağa başlamasına və risklərin qiymətlənidirilməsi prosesindən keçən və nəticədə “Yaşıl dəhliz”ə daxil olan şirkətlərin siyahısını təqdim etməsinə baxmayaraq, reallıqda siyahıya daxil olan şirkətlər yaşıl dəhliz ilə nəzərdə tutulan faktiki üstünlüklərdən yararlana bilmirlər”.
Bu barədə Azərbaycanda Amerika Ticarət Palatası (AmCham) “Yaşıl dəhliz” sisteminin tətbiqi ilə bağlı hazırladığı “Ağ sənəd” adlandırılan sənəddə deyilir. Sənədə əsasən, bu şirkətlərin malları və nəqliyyat vasitələri hələ də gömrük terminallarına daxil olur və fiziki gömrük yoxlamalarından keçir: “Bunun səbəbi sistemin işləməyinə şərait yaradacaq infrastrukturun olmaması ola bilər. Bundan əlavə, DGK-nın bu cür şirkətlərlə əməkdaşlığının hansı formada həyata keçirilməli olduğu da aydın deyil. Bu əməkdaşlığı tənzimləyən müvafiq normativ-hüquqi aktların olmaması səbəbindən Gömrük Komitəsi idxalçıya apardığı gömrük əməliyyatlarında tam etibar edə bilmir”.
Sənəddə qeyd edilir ki, 2016-cı ilin noyabrın 30-da “AmCham” tərəfindən malların və nəqliyyat vasitələrinin gömrük rəsmiləşdirilməsinin sadələşdirilməsi məqsədilə bir neçə gömrük dəhliz sistemləri (yaşıl, göy, sarı və qırmızı dəhlizlər) təqdim olunub. Şirkətlərin müəyyən dəhlizə uyğunluğu həmin şirkətlərin gömrük əməliyyatları üzrə risklərin qiymətləndirilməsi əsasında risk qiymətləndirilməsindən qənaətbəxş keçən şirkətlər yaşıl dəhlizin verdiyi üstünlüklərdən faydalana bilər. “Yaşıl dəhliz” gömrük sisteminin əsasında duran başlıca fikir ondan ibarətdir ki, mallar və nəqliyyat vasitələri fiziki yoxlanışdan keçmədən qısa müddətdə idxal olunsunlar. Bu sistem sahibkarların fəaliyyətinə müdaxiləni minimuma endirməyə, gömrük rəsmiləşdirilməsi prosesini sürətləndirməyə, növbə və dayanacaq xərclərini azaltmağa kömək edir”.
“AmCham” tövsiyə edir ki, sistemin tam fəaliyyət göstərməsi üçün infrastrukturun yaradılması prosesi sürətləndirilməlidir. Bundan əlavə, Gömrük Komitəsi və “Yaşıl dəhliz” rejimində olan şirkətlər arasında əməkdaşlığı tənzimləyən normativ-hüquqi aktlar da müvafiq olaraq qəbul olunmalıdır. Bu cür aktlar özlərində, müntəzəm təlimlərin keçirilməsini (gömrük orqanlarının “Yaşıl dəhliz” şirkətlərini gömrük rəsmiləşdirilməsi üzrə qanunvericilikdə baş verən dəyişikliklər barədə məlumatlandırılması üçün), eyni zamanda, əməkdaşlığın təfərrüatları və gömrük qanunvericiliyinə zidd olmadan gömrük rəsmiləşdirilməsinin asanlaşdırılması üçün hər bir yaşıl dəhliz şirkətinə gömrük orqanlarının əlaqələndirici şəxsinin təyin olunması kimi məsələləri ehtiva etməlidir.
Yazı DGK-nın keçirdiyi “Gömrük orqanlarında aparılan islahatlar: müasir tələblər və çağırışlar” mövzusunda yazı müsabiqəsinə təqdim olunur.