-3 C
Baku
Sunday, December 15, 2024

İqtisadçı: “Rusiyanın dollardan imtinası Azərbaycana mənfi təsir etməyəcək”

 

  • Natiq Cəfərli: “Rusiya tərəfindən bu yöndə verilən bəyanatlar inandırıcı görünmür”
  • Vüqar Bayramov: “Dollardan imtina Azərbaycana mənfi təsir etməyəcək”

Rusiya hökuməti dollardan imtina etməyə cəhd göstərə bilər. Bunu Avropa və Yenidənqurma və İnkişaf Bankının baş iqtisadçısı Sergey Qruiyev deyib. O bildirib ki, hökumət bunu tez bir zamanda həyata keçirərsə yaranacaq bəzi artıq xərcləri ödəmək lazım gələcək.

“Dollarla olan maliyyə alətlərinin rubla dəyişdirilməsi böyük səy tələb edir. Bunun üçün makroiqtisadiyyatın gücləndirilməsi, inflasiyanın aşağı həddə gətirilməsi və maliyyə bazarlarının uzun müddətli inkişafını təmin etmək lazımdır” – o bildirib.

Qeyd edək ki, Rusiya Xarici İşlər nazirinin müavini Sergey Ryabok ABŞ-ın sanksiyalarına cavab olaraq ölkəsindəki müəyyən ödəmə terminallarında dolların istifadəsinin məhdudlaşdırılması ilə bağlı tədbirlərin həyata keçiriləcəyini istisna etməmişdi.

Azərbaycanın daha çox Rusiya ilə ticari əlaqələri olduğu üçün bu qərar Azərbaycana hansı çətinlikləri yarada bilər?

İqtisadçı ekspert Natiq Cəfərli Rusiya tərəfindən dollarla bağlı verilən bəyanatların siyasi bəyanatlardan o tərəfə keçmədiyini bildirdi: “Dünya ticarətinin hansı formada aparıldığını nəzərə alsaq, Rusiyanın xarici ticarətinin 70 faizini neft, xam neft və qaz təşkil edir ki, onlar da xarici birjalarda dollarla satılır. Rusiya istəsə belə öz məhsulunu başqa valyutada sata bilməz. Dünya bazarının işləmə qaydaları belədir ki, dollarla məhsullar satıla bilər. Bundan əlavə, çox az bilinən faktlardan biri də odur ki, Rusiya özü Amerikanın borc kağızlarının ən böyük alıcılarından biridir. Təqribən 100 milyard dollardan yuxarı Amerika dövlət borc kağızlarını Rusiya alıb ki, orada təqribən 100/2 faizə yaxın gəlirlilik mövcuddur. İndi Rusiya ilə Amerika arasında siyasi gərginlik çox yüksək səviyyəyə çatıb. Çox ciddi şəkildə bir-birlərini suçlayıcı bəyanatlar verirlər. Bu psixoloji, bu soyuq müharibənin elementləri kimi də siyasi bəyanatlarla çıxış edirlər.natig jafarli e1460541826359

Rusiya tərəfindən verilən sonuncu dollarla bağlı bəyanatda açığı, inandırıcı görünmür. Çünki iki il bundan öncə Rusiya ilə Çin belə bir anlaşmaya gəlmişdilər ki, öz aralarında olan ticarəti milli valyutalarla keçirsinlər. Bu günə qədər onu həyata keçirə bilmirlər. Çünki Rusiyanın Çinə satdığı ancaq neftlə qazdır. Təqribən 70 milyard dollara yaxın ticarət dövriyyəsinin ən böyük hissəsini neft və qaz təşkil edir. Çin isə geyimdən tutmuş elektron avadanlıqlara qədər satır.

Bu günə qədər də ortaq məxrəcə gələ bilmədilər. Digər bir məsələ ondan ibarətdir ki, hətta milli valyutalarla bir-biri ilə ticarətə başlasalar belə satdıqları mal və xidmətin dəyərini çarpaz yəni dolların rubla, dolların yuana olan məzənnəsi ilə müəyyən etməyə məcbur olacaqlar ki, bu da iki qat çətinlik yaradır. Birinci gərək satılan məhsulun ödənişi günü dolların yuana, doların rubla olan məzənnəsini nəzərə alsınlar, kontraktlar yeniləsinlər, sonradan əməliyyatlar həyata keçirsinlər. Çin rubl almaq üçün dollar satmalıdır ki, rubl alıb Rusiyaya ödəsin, Rusiya yuan ödəmək üçün dollarını satmalıdır ki, yuan alıb Çinə ödəsin. Yəni bu çox çətin bir prosesdir”.

Ekspert bu bəyanatın Amerika və Rusiya arasındakı siyasi gərginlikdən yarandığını dedi: “Mənə elə gəlir ki, bu siyasi bəyanatdır və Amerika, Rusiya gərginliyinin nəticələrindən biridir. Dolların dünya ticarətində aparıcı rol oynadığını nəzərə alaraq Rusiyanın satdığı məhsulların da dünya bazarı kantekturasında dollar üzərindən satıldığını nəzərə alaraq mən inanmıram ki, Rusiya ən azı yaxın gələcəkdə dediyi bəyanatı həyata keçirə bilsin”.

Digər iqtisadçı ekspert Vüqar Bayramov isə bildirdi ki, Rusiyanın dollardan imtina etməsi Azərbaycan iqtisadiyyatına mənfi təsir göstərməyəcək: “Rusiyanın dollardan imtina etməsi psixoloji və siyasi xarakter daşıyır. Rusiyada sanksiya tətbiq ediləndən sonra dollara tələbin kəskin artması müşahidə olunur. Düşünürəm ki, Rusiyanın dollardan imtina etməsi digər MDB ölkələrinə, o cümlədən Azərbaycanla əlaqələrə təsir göstərə bilməz. Azərbaycan sahibkarları və fermerləri Rusiya bazarına bir başa çıxış edirlər. Dollardan imtina edilməsi heç də dolların satılmaması anlamına gəlmir. Rusiya bazarında da dolların mübadilə kursu olacaq. Rusiyanın dollardan imtina etməsi nəticə etibarı ilə Rusiyanın özü üçün də iqtisadi baxımdan məqsədə uyğun hesab edilməməlidir. Oxşar addımı Türkiyədə atmağa çalışdı və mütəmadi olaraq dollardan imtina edəcəyi ilə bağlı açıqlamalar verdi. Sonra bu məsələ gündəmdən çıxdı. Ona görə də bu baxımdan düşünmürəm ki, Rusiyanın dollarsızlaşma siyasəti orta uzun müddətli dövr üçün effektli ola bilər. Azərbaycanın qeyri-neft ixracatında Rusiya aparıcıdır. Rusiya ilə Azərbaycan arasında ticarət dövriyyəsinə diqqət yetirsək, Azərbaycanın ötən il ticarət dövriyyəsi təxminən 1.9 milyard dollar olub. Bu əvvəlki illərlə müqayisədə kəskin dəyişməyib. Rusiyadan Azərbaycana idxalın həcmin də kifayət edər böyükdür. Bu təxminən 1.4 milyard dollardır. Bu isə o deməkdir ki, Rusiyadan idxalımız daha çoxdur nəinki ixracatımız. Rusiyadan idxalımız daha çox olduğuna görə Rusiyanın dollardan imtina etməsi Azərbaycan iqtisadiyyatına mənfi təsir göstərməyəcək”.

Son xəbərlər
Digər xəbərlər