“Azərbaycan Respublikasının rezident və qeyri-rezidentlərinin xarici valyuta əməliyyatlarının aparılması Qaydaları”nda dəyişikliklər edilib.
Artıq qabaqcadan ödənişin aparıldığı gündən 180 gün deyil, 270 gün müddətində malların ölkəyə idxalını təsdiq edən gömrük bəyannaməsi və ya idxal olunan xidmətlərin göstərilməsini təsdiq edən sənəd banka təqdim olunmalıdır.
Dəyişikliyə görə, malların respublikanın gömrük ərazisinə gətirilmədən üçüncü ölkəyə göndərilməsi üzrə rezidentlərin və qeyri-rezidentlərin vasitəçilik fəaliyyəti ilə bağlı köçürmələrin məbləği vasitəçinin müvəkkil bankdakı hesabına mal alan tərəfindən əvvəlcədən köçürülən məbləğdən artıq olmamalı və vasitəçilik fəaliyyətini təsdiq edən müvafiq müqavilə (müqavilələr) banka təqdim edilməlidir.
Bundan başqa, rezidentlər tərəfindən beynəlxalq tenderlərin nəticələrinə müvafiq olaraq həyata keçirdikləri layihələrlə bağlı malların layihə həyata keçirilən xarici ölkəyə tədarük edilməsi məqsədilə köçürmələr rezidentin tenderdə iştirakını təsdiq edən sənəd və tender nəticəsində bağlanmış müqavilə, həmçinin malların tədarük edilməsi məqsədilə üçüncü tərəflə bağlanılan müqavilə, hesab-faktura və ya ödənişin təyinatını, məbləğini və alınan mallar barədə məlumatı özündə əks etdirən digər sənəd banka təqdim edilməklə həyata keçirilməlidir.
Həmçinin, “Borc vəsaiti rezidentlərin və qeyri-rezidentlərin xaricdəki bank hesablarına mədaxil edildikdə, belə köçürmələr əlavə olaraq borc vəsaitinin bu qaydaların 4-cü hissəsində (bank hesabları üzrə aparılan valyuta əməliyyatları) nəzərdə tutulan məqsədlərlə istifadə edildiyini təsdiq edən sənədlər və istifadə edilmiş vəsaitin həcmini göstərən bank hesabından çıxarış təqdim edilməklə, borc vəsaitindən istifadə edilmiş miqdarda həyata keçirilir (rezident və ya qeyri-rezidentin xaricdəki bank hesabına köçürülmüş borc vəsaiti Azərbaycan Respublikasına malların və ya xidmətlərin idxal edilməsi üçün avans ödənişin edilməsi məqsədilə istifadə edildikdə həmin rezident və ya qeyri-rezidentin müvəkkil bankdakı hesabından borcun ödənilməsi məqsədilə vəsait köçürüldüyü gündən bu Qaydaların 4.3.1.3-cü yarımbəndində göstərilən qabaqcadan ödəniş rejimi tətbiq olunur).
Rezident və qeyri-rezidentlərinin xarici valyuta əməliyyatlarının aparılması qaydalarında digər dəyişiklik qrant məbləğinin köçürülməsi ilə bağlıdır. Belə ki, “Qrant haqqında” qanuna müvafiq olaraq qrant almaq hüququ olan resipiyentin sərəncamında maliyyə vəsaiti formasında qalan qrant məbləğinin köçürülmələr qrant müqaviləsi (qərar) ilə birlikdə qrant haqqında qanunvericiliyə müvafiq olaraq qrant müqaviləsinin (qərarın) qeydə alınması barədə sənəd və vəsaitin resipiyentin hesabına xaricdən daxil olmasını təsdiq edən bank sənədi təqdim edilməklə həyata keçirilir, bu şərtlə ki, müqavilədə (qərarda) qrant predmeti olan layihə başa çatdırıldıqdan sonra resipiyentin sərəncamında qalan maliyyə vəsaitinin geri qaytarılması nəzərdə tutulub.
Dəyişikliyə əsasən, təhsil haqlarının ödənilməsi zamanı təhsil müəssisəsinin ödənişin təyinatını, məbləğini və bank hesabının nömrəsini təsdiqləyən məktubu hesab-fakturanı əvəz edə bilər.
Bundan başqa, turizm fəaliyyəti ilə məşğul olan şəxslər tərəfindən turistlərin səyahət xərclərinin ödənilməsi, fiziki şəxslər tərəfindən xaricə səfərlə bağlı özlərinin nəqliyyat və otel (gecələmə) xərclərinin ödənilməsi də bank hesabları üzrə aparılan valyuta əməliyyatları siyahısına daxil edilib.
Qaydalarda digər dəyişiklik qeyri-rezident hüquqi şəxs tərəfindən əvvəllər Azərbaycan Respublikasına nağd şəkildə gətirilmiş və ya həmin hüquqi şəxsin əvvəllər xaricdən bank hesabına köçürülmüş xarici valyutanın köçürülməsi ilə bağlıdır. Dəyişikliyə görə, belə köçürmələr müvafiq mədaxil sənədləri (nağd vəsaitlər üçün gömrük bəyannaməsinin əsli (sənəd elektron formada tərtib edildikdə, bank hesabının sahibi həmin sənədin elektron formada əldə edilməsini təmin etməlidir), yaxud xaricdən bank hesabına daxilolmanı təsdiq edən bank sənədi) banka təqdim edilməklə aparılmalıdır.
Qeyri-rezidentin Azərbaycandakı filialının (nümayəndəliyinin) hesabına təsisçi tərəfindən səhvən köçürülmüş vəsaitin və ya məqsədli şəkildə köçürülmüş vəsaitin tam və ya istifadədən artıq qalan hissəsinin geri qaytarılması ilə bağlı köçürmələr də bank hesabları üzrə aparılan valyuta əməliyyatları siyahısına əlavə edilib.
Eyni zamanda, rezidentlər və qeyri-rezidentlər tərəfindən əmək müqaviləsi ilə xaricdən işə cəlb edilmiş qeyri-rezidentlərə əmək haqqının ödənilməsi, eləcə də bu əsaslar üzrə qeyri-rezidentlərin müvəkkil bankdakı hesabına köçürülmüş vəsaitin həmin qeyri-rezidentlər tərəfindən xaricə göndərilməsi ilə bağlı köçürmələr əmək haqqının ödənilməsi şərtləri və məbləğini əks etdirən müqavilə və ya işəgötürən tərəfindən həmin vəsaitin qeyri-rezidentin hesabına mədaxil edilməsini təsdiq edən bank sənədi, yaxud ödəniş günü üçün Elektron Hökumət Portalından onun iş yeri və əmək haqqısı barədə arayış əsasında aparılmalıdır.
Dəyişikliklə əlaqədar idman yarışlarının nəticələrinə görə qeyri-rezidentlərə ödənilən mükafat və digər haqlarla bağlı köçürmələr müvafiq məbləğlərin ödənilməsini təsdiq edən sənəd banka təqdim edilməklə aparılmalıdır.